Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır-Özəl
14:30 SiyasətBu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır-Özəl
"Ədalətsiz müharibədə məğlubiyyətlər şiddətli qəzəb, əsəb gərginliyi yaradır. Bu acı tendensiyanı artıq Rusiyada görürük. Bu ölkənin hədəfi dinc insanlar, yaşayış evləri, xəstəxanalar, Kiyev şəhərindəki Elmlər Akademiyası və digər məntəqələrdir. Beynəlxalq hüquq sistemində mülki vətəndaşların toxunulmazlığı, əgər mühasirə halqası yaranarsa onların həmin məkanı tərk etməsi üçün xilas yolu və digər məqamlar təsbit edilir. Görünən odur ki, Rusiya tərəfi heç bir müharibə qanunlarını qəbul etmir. Onların bir istəyi, hədəfi var. Bu da ondan ibarətdir ki, nəyin hesabına olur-olsun Ukraynanı diz çökdürməkdir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: " Amma Şimal qonşumuzun çox konfiqurasiyalı siyasəti, işğalçı niyyəti özünün ağır məğlubiyyətinə gətirib çıxarır. Yaşayış evlərini bombardman etməklə Rusiya ukraynalıların gözünü qorxutmadı, əksinə özünə qarşı dərin kin, patoloji nifrət formalaşdırdı. Belə situasiyadan sonra necə qonşuluq prinsiplərinə əməl edib ukraynalılarla birlikdə yaşamaq olar?
Bu gün bir çoxları səsləndirir ki, beynəlxalq hüquq yoxdur. Belə yanaşma çox qorxulu tendensiyadır. Rusiya Ukrayna müharibəsi dünyanın və regionun siyasi arxitekturasını dəyişdirməkdədir. Amma beynəlxlaq hüquq olmadan dinc yanaşı yaşamaq imkanları mümkünsüz olar. El dili ilə desək hərki-hərkilik, qoluzorluluq çıxış yolu deyil. Nizam-intizam, birgə sülh şəraitində yaşayış üçün, müharibə cinayətkarlarının cəzalanması məqsədilə beynəlxalq hüquqa istinad olunmalıdır.
Mən dəfələrlə yazmışam. İndi də müşahidələrimə əsasən həmin mövqeydəyəm ki, bizdə antirus əhaval-ruhiyyəsi yoxdur. Bu xalqın ədəbiyyatına, poeziyasına rəğbətimiz olub. Lakin Rusiya işğalını, rus şovinizmini qəbul etmək mümkünsüzdür. Məhz bu gün ona görə, Ukrayna xalqının ədalətli mövqeyini müdafiə edirik. Gec-tez qoçuluğun, dəliliyin deyil, məhz xeyirin şər üzərində qalib gələcəyinə inanırıq. Həmçinin müharibə cinayəti törədənlərin hüquq qarşısında cavab verməsi qaçılmazdır".