Prezident seçkiləri: Kim şanslıdır?

Seçkilərin favoriti İlham Əliyev hesab edilir

Əvvəli ötən sayımızda

Prezidentliyə namizədlər arasında olan Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ən zəif namizədlərdən sayılır. Çünki hər üç partiya Azərbaycan cəmiyyəti tərəfindən o qədər də xoş qarşılanmayan və məhdud sayda üzvləri olan siyasi təşkilatlardan hesab edilir. Ona görə də adıçəkilən namizədlərin səsvermə günü ciddi uğura imza atacaqlarına inanmaq Ermənistanın danışıqlar yolu ilə işğal altında saxladığı Azərbaycan ərazilərini geri qaytaracaqlarına inanmaq kimi bir şeydir.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov- Namizədlər içərisində zəif olan siyasilərdən biri də İlyas İsmayılovdur. Düzdür, millət vəkili kimi parlamentin bir sıra iclaslarında aktivlik nümayiş etdirsə də, bu heç də Ədalət sədrinin güclü namizəd olması demək deyil. Seçki günü İlyas İsmayılovun mənsub olduğu bölgədən müəyyən miqdarda səs alacağı mümkündür ki, bu da prezidentliyə namizəd üçün kifayət edəcək qədər səs deyil. Sədri olduğu partiyanın müxalifət düşərgəsini təmsil etməsi də İlyas İsmayılov üçün müsbət heç nə verməyəcək. Çünki Ədalət Partiyası müxalifət partiyası hesab olunsa da, əksəriyyət siyasilər belə düşünürlər ki, 2010-cu ilin parlament seçkilərindən sonra Ədalət Partiyası iqtidarmeyilli partiyaya çevrilib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc-Seçkidə ciddi nəticə göstərə bilməyəcək namizədlərdən biri də Əhməd Orucdur. Azadlıq Partiyası müxalifət partiyası olsa da, son vaxtlar bu partiyaya qarşı elə müxalifət düşərgəsi tərəfindən sanki səlib yürüşü başlayıb. Əhməd Orucun namizədliyini irəli sürmək barədə verdiyi açıqlamadan dərhal sonra başlanan bu hücum hazırda da davam edir.  Səbəb isə Azadlıq Partiyası və onun sədrinin Rusiyanın layihəsi sayılan Milli Şuraya qoşulmaması, bu ideyanı kəskin tənqid etməsidir. Ona görə də cəmiyyətin əsas aparıcı siyasi qüvvəsi kimi qələmə verilən müxalifət partiyalarının səsvermə günü Əhməd Oruca səs verəcəkləri inandrıcı görünmür.  Hətta Azadlıq Partiyası sədrinə qarşı kampaniyanın bundan sonra daha kəskin xarakter alacağı da mümkün görünür. Halbuki indiyə qədər keçirilən bütün seçkilərdə Əhməd Oruc və rəhbərlik etdiyi partiya hazırda ona qarşı olan siyasilərin müdafiəsində yaxından iştirak edib, həmin siyasilərə güzəştə gedib.  Əhməd Orucun digər prezidentliyə namizəd İlyas İsmayılovla eyni zonadan olması da Azadlıq sədrinin ziyanına işləyən faktorlardandır. Belə ki, bu səsvermə günü sözügedən regiondakı səslərin İlyas İsmayılov və Əhməd Oruc arasında parçalanması deməkdir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev-Müxalifət partiyasını təmsil edən Qüdrət Həsənquliyev bu düşərgə tərəfindən heç də normal qarşılanmır. BAXCP sədri əksər müxalifət partiyalarına qarşı kəskin mövqeyi ilə də seçilir ki, bu da Həsənquliyevin də digər namizədlər kimi təbliğat-təşviqat mərhələsində "qara piar"la üzləşəcəyini danılmaz edir. İki çağırış Milli Məclisin deputatı olan BAXCP sədri yalnız Milli Məclisdə bir sıra sosialyönümlü çıxışları ilə yadda qalıb ki, bu da səsvermə günü ona öz seçicilərindən müəyyən sayda səs alacağı ümidini verir. Millət vəkilinin ötən prezident seçkilərində də seçki prosesinə qoşulduğunu və 3 faiz belə səs toplaya bilmədiyini nəzərə alaraq demək mümkündür ki,  BAXCP sədri Qüdrət Həsənquliyev də şansı çox az olan namizədlərdəndir. Təsadüfi deyil ki, BAXCP-nin funksionerləri də bunu etiraf edir və prezident seçkilərinin favoritinin cənab İlham Əliyev olacağını açıqca söyləyirlər.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev-Əli Əliyev də Azadlıq Partiyasının sədri Əhməd Oruc kimi bir sıra müxalifət partiyaları tərəfindən səlib yürüşünə məruz qalan namizədlərdəndir. Hələ bir neçə il əvvəldən VİP-ə və onun sədrinə qarşı başlayan kampaniyaya səbəb Əli Əliyevin siyasi mübarizənin yeni formada təşkilini təklif etməsi və radikal müxalifətdən fərqli olaraq konstruktiv mövqe ortaya qoymasıdır. Əli Əliyev çayxana, küçə mübarizəsindən sivil, qarşılıqlı anlaşma mübarizəsinə keçməyi məqbul sayır ki, bu da radikalları qane etmir. Bu gün VİP sədri, prezidentliyə namizəd Əli Əliyevə qarşı radikal müxalifət düşərgəsi tərəfindən sanki bir cəbhə açılıb. Bunun da səbəbi Əli Əliyevin də Milli Şura ideyasını yaxına buraxmamasıdır. Əli Əliyevin də seçki prosesi müddətində "qara piar"la üzləşəcəyi istisna edilmir. Belə ki, Əli Əliyevin bir neçə il əvvəl Azərbaycan Milli İstiqlal Partiyasından aralanaraq özünə yeni partiya təsis etməsini AMİP-çilər bu gün də həzm edə bilmirlər. Ona görə də Əli Əliyevə qarşı AMİP-çilərin də antitəbliğat aparacaqları şübhə doğurmur. VİP sədri bu seçkilərdə uğur qazanmasa da, müəyyən dividentlər əldə edə bilər. Belə ki, bu seçkilər VİP-in konstruktiv müxalifət timsalında cəmiyyətə təqdimatı olacaq. Uzun müddət müxalifət düşərgəsində yeni simaların və qüvvələrin meydana çıxmasını arzulayan Azərbaycan cəmiyyəti VİP-i həmin qüvvə kimi görə biləcək. Digər tərəfdən prezident seçkiləri VİP üçün 2015-ci ildə ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıq baxımından əlverişli fürsət olacaq.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev- Fərəc Quliyev də müxalifət düşərgəsindən çıxan, lakin həmin düşərgə tərəfindən heç də normal qarşılanmayan namizədlərdəndir. VİP sədri Əli Əliyev kimi konstruktiv mövqedən çıxış etdiyi və Milli Şura ideyasını kəskin şəkildə tənqid etdiyinə görə müntəzəm olaraq radikal müxalifət tərəfindən "qara piar"la üzləşən Fərəc Quliyev bu baxımdan o qədər də şanslı namizəd sayıla bilməz. Millət vəkili kimi parlamentdə aktivlik nümayiş etdirən, ölkənin ümummilli problemləri və sosial sahədə mövcud olan nöqsanları müntəzəm olaraq Milli Məclisin tribunasından dilə gətirən Fərəc Quliyevin deputat seçildiyi Suraxanı rayonu seçicilərinin bir qisminin səsini qazanacağı mümkün görünür. Çünki millət vəkili vaxtının az olmasına baxmayaraq mütəmadi olaraq seçicilərlə görüşüb onların problemləri ilə yaxından tanış olur, həmin problemlərin həlli istiqamətində aidiyyati qurumlar qarşısında məsələ qaldırır. Fərəc Quliyevin seçkidə qələbə qazanmaq şansı olmasa da, prezident seçkiləri VİP kimi onun da rəhbərlik etdiyi partiyanın cəmiyyətə daha yaxından tanıdılması üçün bir mübarizə meydanıdır. Düzdür, Fərəc Quliyev millət vəkili kimi cəmiyyətdə tanınsa da, etiraf etmək lazımdır ki, prezidentliyə namizədin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyası, bu siyasi qüvvənin məram və məqsədi barədə insanlar o qədər də məlumatlı deyillər. Ona görə də prezident seçkiləri 2015-ci ilin parlament seçkilərinə hazırlıq, partiyanın cəmiyyətə tanıdılması baxımından MDHP üçün əhəmiyyətli hadisə sayıla bilər. Elə prezidentliyə namizəd Fərəc Quliyev də etiraf edir ki, hakimiyyətə gəlmək əsas vasitə deyil. Əsas məsələ düşüncələrdə dəyişiklikdir.

Nəhayət, oktyabrın 9-da ölkədə keçiriləcək prezident seçkilərinin favoriti, Yeni Azərbaycan Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş, hazırkı dövlət başçısı İlham Əliyev-Müstəqil Azərbaycan Respublikasının tarixində altıncı dəfə keçiriləcək prezident seçkilərinin qalibinin İlham Əliyev olacağı birmənalıdır. Bunu bir neçə faktorla əsaslandırmaq olar. Ən başlıca faktor ondan ibarətdir ki, İlham Əliyev 2003-cü ildə prezident kimi and içərkən hər bir vətəndaşın prezidenti olacağı vədini verdi və sonrakı illərdə bunu öz əməli ilə sübuta yetirdi. Respublikanın ayrı-ayrı regionlarına səfərləri zamanı sadə insanlarla yaxından ünsiyyətdə olan, onların problemlərini dinləyən İlham Əliyev həmin problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirdi. Beləliklə İlham Əliyev 2003-cü ildə verdiyi vədi yerinə yetirərək hər bir ölkə vətəndaşının prezidentinə çevrildi. İkinci faktor, prezident İlham Əliyev Azərbaycanın inkişafı, yeni iş yerlərinin açılması ilə bağlı vədlərini reallaşdırdı. Dövlət başçısının bildirdiyi kimi həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində ölkədə 600 min yeni iş yeri açıldı. Hazırda bu rəqəm artmaqda davam edir. Uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycanın iqtisadi qüdrəti artdı. Dünyanı bürüyən ciddi maliyyə böhranı zamanı əksəriyyət inkişaf etmiş ölkələr bu böhrandan əziyyət çəksə də, Azərbaycana sözügedən mənfi tendensiyanın təsiri cüzi oldu. Avropa ölkələri böhrandan əziyyət çəkib iş yerlərini bağladığı, əhalinin əmək haqqını azaltdığı halda, Azərbaycanda yeni iş yerləri açıldı, pensiya və maaşlar artırıldı. Ümumiyyətlə, İlham Əliyevin prezident kimi ölkəyə rəhbərlik etdiyi 2003-2012-ci illər ərzində Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması ilə əlaqədar dövlət başçısı tərəfindən 11 fərman və sərəncam, əmək pensiyalarının baza hissəsinin artırılması və pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 7 sərəncam imzalanıb. 2003-2012-ci illər ərzində dövlət büdcəsindən sosial infrastrukturlarına aid olan elm, təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və sosial təminat obyektlərinin tikintisi, yenidən qurulması və bərpası üçün 3969,0 milyon. manat vəsait yönəldilib. Son 10 ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 29,0 milyard manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 milyard manat olub.
Prezident İlham Əliyevin atdığı uğurlu addımlardan biri ölkəmzin beynəlxalq aləımdə tanıdılması oldu. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində on il ərzində beynəlxalq birliyin bir hissəsinə çevrilən Azərbaycan dünyada özünə etibarlı tərəfdaş tapıb. Həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, indi dünyanın inkişaf etmiş ölkələri belə Azərbaycanla əməkdaşlığa maraq göstərirlər. Bütün bu amillər Azərbaycan vətəndaşları tərəfindən müsbət qarşılanır və ictimaiyyət hazırda həyata keçirilən siyasətin davam etdirilməsini istəyir. Müxtəlif sorğu mərkəzlərinin seçkiqabağı keçirdiyi rəy sorğularının da nəticələri onu deməyə əsas verir ki, Azərbaycan xalqı növbəti 5 il müddətində də cənab İlham Əliyevi prezident kimi görmək istəyir.

Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00