Oqtay Əsədov prezident seçkilərindən danışdı
11 Sentyabr 2013 16:19 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov MDB Parlament Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin sədri oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün görülən işlərdən, beynəlxalq müşahidəçilərin prosesi izləməsi üçün yaradılan şəraitdən, bu sahədə qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, ölkənin mühüm siyasi kampaniya ərəfəsində olduğuna diqqət çəkərək MDB Parlament Assambleyasının bu prosesi izləmək üçün müşahidəçilər qrupunu Azərbaycana göndərməsini yüksək dəyərləndirib. Sədr qurumun Demokratiyanın inkişafı, parlamentarizm və seçici hüquqlarının qorunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutunun və onun Bakı filialının fəaliyyətini təqdirəlayiq hesab edib. Bildirib ki, yerləşdiyi bölgədə öz mövqeyi ilə seçilən Azərbaycanda demokratiyanın daha da dərinləşməsi, qarşıdan gələn prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb. Görüşdə müşahidə missiyasının rəhbəri Leonid Slutskiy bildirib ki, avqustun əvvəlindən, sentyabrın 9-dək qrup üzvlərinin apardığı müşahidələr əsasında iki sənəd hazırlanıb. Bu sənədlərdən birində seçki prosesi ilə bağlı onların ilkin rəyi, digərində isə ölkənin seçki qanunvericiliyinin Avropa standartlarına uyğunluğu barədə fikirlər öz əksini tapıb. Qeyd edilib ki, seçkiləri müşahidə edəcək missiyanın tərkibi artıq tam formalaşmış və 9 oktyabr seçkilərini missiya üzvləri müxtəlif dairə və məntəqələrdə izləyəcəklər.