Müxalifətin “Navalnısı” kim ola bilər? - SIYASI ANALIZ
Yeni müxalifət liderləri sırasında İlqar Məmmədovla Emin Millinin adı hallanır
11 Sentyabr 2013 15:48 SiyasətƏnənəvi müxalifətin Milli Şura ailə bağlı təlaşının səbəbləri açılmaqdadır. Öncədən bəlli idi ki, ənənəvi müxalifətin az-çox elektoratını saxlamış partiyalarından AXCP ilə Müsavat yeni qüvvələrin meydana gəlməsindən narahatdırlar. AXCP Milli Şuranı seçkidən sonrakı dövr üçün yaratmışdı. Daha doğrusu bu qurumun yaradılmasına səy göstərmişdi. Seçkidən sonra AXCP bütün gücünü 2015-ci il prezident seçkilərinə yönəldəcək, bu qurumun bazasında Müsavatın iştirakı olmadan yeni seçki bloku yaradacaqdı. Lakin Rauf Arifoğlu, Arif Hacılı və sonda İsa Qəmbərin basqıları ilə Milli Şura faktiki olaraq parçalandı. Cəmil Həsənlinin vahid namizəd olması müvəqqəti birliyi laxlatdı. Bu gün artıq hər kəs açıq mətnlə və yüksək tonla MŞ-ı ittiham edir. Sabiq spiker Rəsul Quliyev də Şuraya qarşı bəyanat verib. Aşkar görünür ki, mənəvi müxalifət Milli Şuranın bətnindən eyni müxalifətin doğulmasını istəmir. Avropada yaşayan siyasi fəal gənclərin, o cümlədən Emin Milli və digərlərinin Milli Şuranın lehinə fəallığı təsadüfi deyildi. Onlar da Milli Şuranın seçkidən sonra dağılacağını bilir və divident qazanmağa çalışırdılar. Maraqlıdır ki, yeni nəsil siaysətçilərin meydana gəlməsi Müsavatla yanaşı AXCP-ni də narahat etməyə başlamışdı. Cəmil Həsənlinin vahid namizəd kimi qəbul olunması da bunun göstəricisi idi. Halbuki müxalifət daha yenilikçi görünmək üçün Rüstəm İbrahimbəyovun yoxluğunda başqa namizədi də qəbul edə bilərdi. Onsuz da hamıya, o cümlədən Milli Şura üzvlərinə də bəllidir ki, Cəmil müəllim güclü siyasi fiqur deyil. Onu sadəcə boşluğu doldurmaq və vəziyyətdən çıxmaq üçün namizəd ediblər. Seçkidən sonra yenə hər kəs öz partiyasına dönəcək, Milli Şura fəaliyyətinə xitam verəcək. Görünən odur ki, yenə ənənəvi müxalifət qalib çıxdı. Yenilərə meydan vermədi. Amma siyasi kuluarlarda başqa söhbətlər gedir. Məlumata görə, Qərbdəki himayədarları artıq hazırkı müxalifətə inanmır, buna görə də 2015-ci ildə tamam başqa siyasi qüvvələrlə işləmək istəyirlər. Xatırladaq ki, Rusiyada belə oldu. Son seçkilərdə ənənəvi müxalifəti təmsil edən Nemtsov kimi fiqurlar sıradan çıxdı. Müxalifətdən daha çox səsi isə bloqqer Navalnı qazandı. Navalnı artıq Qərbdə rus müxalifətinin yeni lideri olaraq qəbul edilir. Bəz Azərbaycanın Navalnısı olaraq kim nəzərdə tutulur? Hesab edilir ki, bir sıra Qərb dairələri "Real" hərəkatının lideri İlqar Məmmədov üzərində dayanıblar. El hərəkatının lideri Eldar Namazov da iddialıdır. Amma Eldar Namazovun təşkilatı yeni olsa da, özü köhnə düşərgəni təmsil edir. Həm də o, ənənəvi müxalifətlə rəqabətə dözməz. Ənənəvi müxalifəti AMİP sədrinin sabiq müavini İlqar Məmmədov da məğlub edə bilməyəcək. Emin Milli yeni olsa da, dayanıqlı siyasi fiqur deyil. Onun lider olmaq potensialı azdır. Yeni müxalifət hökmən meydana çıxacaq. Yeni müxalifətin lideri kim olacaq, hələ indidən bəlli deyil. Bir şey dəqiqdir ki, meydana çıxacaq yeni liderin elektoratı ənənəvi müxalifətin gəncləri olmalıdır. Ənənəvi müxalifət düşərgəsi parçalandıqdan sonra onların ətrafına toplaşmış gənclik yeni lider axtaracaq və meydana çıxan liderin arxasınca gedəcək.
Ərhun Abbas