Prezident seçkiləri: Kim şanslıdır?
10 Sentyabr 2013 17:37 SiyasətBu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərinə artıq bir xeyli müddətdir ki, start verilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq ölkənin bir nömrəli postuna namizədlərin irəli sürülməsi və onların imzatoplama kampaniyası da artıq başa çatıb. İlkin mərhələdə 20-dən artıq şəxs siyasi partiya və təşəbbüs qrupları tərəfindən namizəd kimi irəli sürülsə də, lakin onların heç də hamısı seçki gününə qədər olan mərhələləri lazımi qaydada tamamlaya bilmədi. Mərkəzi Seçki Komissiyasının məlumatından da aydın oldu ki, namizədliyi irəli sürülən şəxslərin heç də hamısı seçki günü mübarizə aparmaq iqtidarında olmayacaq. Belə ki, namizədlərin bəziləri imzatoplama kampaniyasını zamanında başa vurmadığı üçün seçki mübarizəsindən geri çəkilib. Hazırkı vəziyyətə görə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev də daxil olmaqla İqbal Ağazadə, Cəmil Həsənli, Zahid Oruc, Əhməd Oruc, Sərdar Cəlaloğlu, Əli Əliyev, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Hafiz Hacıyev, Araz Əlizadə, İlyas İsmayılov və Fuad Əliyev prezidentliyə namizədlər sırasındadır. Yaxın günlərdə namizədlərin imzalarının yoxlanılması prosesini başa vuran MSK konkret hansı namizədlərin sona qədər mübarizə aparacağını açıqlayacaq. Bəs görəsən prezidentliyə namizədlərin seçkilərdə cəmiyyətin dəstəyini qazanmaq və ölkənin bir nömrəli postuna seçilmək şansı hansı dərəcədədir? Əvvəla, müxalifət düşərgəsindən namizədliyi irəli sürülən şəxslərin qalib gəlmə şanslarını dəyərləndirək.
Milli Şuranın namizədi Cəmil Həsənli-Daxiliçəkişmələr, AXCP-Müsavat qarşıdurması fonunda ehtiyat namizəd kimi gündəmə gətirilən Cəmil Həsənli şansı sıfırın altında olan namizədlərdən hesab edilir. Çünki Cəmil Həsənli yalnız elm sahəsində tanınan, bu sahəyə bağlı olan biridir. Məhz onun özü də siyasi karyerasının olmadığını gözəl bilir. Şəxsiyyət kimi özünü siyasətdə deyil, məhz elmdə tapa biləcəyini dərk edən Cəmil Həsənlinin bir vaxtlar üzvü olduğu AXCP-dən uzaqlaşması da məhz bununla bağlı idi. Vəziyyət o həddədir ki, hətta əksəriyyət müxalifət partiyaları belə Cəmil Həsənlinin çox uğursuz və şanssız biri olduğunu bildirirlər. Digər tərəfdən Cəmil Həsənlinin zərrə qədər şansı olsa belə onun seçki günü ciddi sayda səs qazanacağı absurd görünür. Çünki namizədi olduğu Milli Şuranın özündə təmsil olunan siyasi qüvvələr və fərdi şəxslər belə Cəmil Həsənlini qəbul etmirlər. Bu isə onu deməyə əsas verir ki, Milli Şuradakı antiHəsənli tərəfdarları səsvermə günü nəinki ona səs verəcək, hətta Həsənlinin əleyhinə çalışacaqlar.
Ümid Partiyasının sədri İqbal Ağazadə- Bu namizədin də sə seçki günü ciddi uğur əldə edəcəyinə inanmaq sadəlövhlükdür. Birincisi, Ümid sədrinin uzunmüddətli müttəfiqi sayılan Azərbaycan Demokrat Partiyası da seçkilərdə İqbal Ağazadəni dəstəkləməyəcək. Çünki ADP sədri Sərdar Cəlaloğlu da namizəd kimi seçki mübarizəsinə qoşulub. Digər tərəfdən İqbal Ağazadə yaddaşlarda 2003-cü ildə demokratik düşərgəyə xəyanət etmiş biri kimi qalıb. Ona görə də müxalifətin kiçik həcmli elektoratının İqbal Ağazadəyə dəstək verəcəyi qeyri-mümkün görünür.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da şanssız namizədlərdəndir. Bir tərəfdən ADP sədri seçkiyə hazırlıq prosesinə nisbətən gec başladı, digər tərəfdən isə müxalifət düşərgəsindən də ona qarşı bir səlib yürüşü var. Buna isə səbəb ADP sədrinin müxalifət daxilində mövcud olan problemləri açıq səsləndirməsidir. Bu səbəbdən radikal müxalifət qanadı ADP sədri Sərdar Cəlaloğlunu arzuedilməz şəxs sayır. Demokratların sədrinə olan münasibət o səviyyədədir ki, hətta imzatoplama kampaniyası zamanı müsavatçı və cəbhəçilər ADP sədrinə köməklik göstərməkdən imtina ediblər. Ona görə də oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ADP sədri Sərdar Cəlaloğlunun ciddi bir uğur qazanacağı qeyri-mümkün görünür.
Millət vəkili Zahid Oruc-Seçki mübarizəsinə qoşulan ən gənc namizədlərdən sayıla bilər. Düzdür, Zahid Orucun bu istəyi ilkin mərhələdə vaxtı ilə təmsil olunduğu Ana Vətən Partiyası və ona yaxın olan digər partiyalar tərəfindən süngü ilə qarşılansa da, sonradan Zahid Oruc əleyhdarları bu reallıqla barışmalı oldular. Reallıq isə ondan ibarət idi ki, istənilən Azərbaycan Respublikasının vətəndaşı prezident seçkilərində öz namizədliyini irəli sürə bilər. Bu öz-özlüyündə sağlam rəqabət deməkdir. Cənab prezident İlham Əluyev də dəfələrlə bildirib ki, o, bir dövlət başçısı kimi ölkədə bütün sahələrdə sağlam rəqabətin olmasını istəyir. Elə sabiq AVP-çi də məhz bu prizmadan çıxış edərək seçki mübarizəsinə qoşulub. Digər tərəfdən bu millət vəkili Zahid Orucun siyasi meydanda daha bir sınaqdan keçməsi, özünü cəmiyyətə təqdimidir. Nəhayət, bu cəmiyyətin yeni siyasi fiqurlara, qüvvələrə olan marağını öyrənməyin bir vasitəsidir. Yəni bu addım bir növ uzun müddət "müxalifətdə yeni simalar ortaya çıxmalıdır" fikrinin cəmiyyət tərəfindən necə qarşılandığını öyrənməyə xidmət edir. Bir də axı siyasi mübarizə aparmağın nəyi pisdir. Onsuz da Zahid Oruc gözəl bilir ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə qalib gəlmək və ölkə prezidenti seçilmək qeyri-mümkündür. Zahid Oruc özü də razılaşar ki, o, cənab İlham Əliyev qədər siyasi təcrübəyə malik deyil. Eyni zamanda sabiq AVP-çi hazırkı dövlət başçısı İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, bu kursun davam etdirilməsini arzulayır. Ona görə də Zahid Oruc seçki mübarizəsinə qələbə qazanmaq üçün yox, öz gücünü, qüvvəsini sınamaq üçün qatılıb. Bu mənada Zahid Orucun da prezident seçkilərində qələbə qazanmaq şansı yüksək dəyərləndirilə bilməz. Yalnız seçki mübarizəsinə yeni qatılan bir sima və fəal millət vəkili olaraq müəyyən sayda seçici səsi toplaya bilər.
Ardı növbəti sayımızda
Süleyman İsmayılbəyli