Əhalinin gəlirlərinin artımı
Müxalifətin yuxusunu ərşə çəkib
9 Sentyabr 2013 18:12 SiyasətSon on ildə ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində əhalinin rifah halının yüksəlməsi, layiqli həyat şəraitinin yaradılması təmin olunub. Şaxələndirilmiş iqtisadi siyasət nəticəsində regionların davamlı inkişafına, yeni istehsal müəssisələrinin açılmasına nail olunub ki, bu səbəbdən də işsizlik probleminin aradan qaldırılmasına, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılmasına nail olunub. Sirr deyil ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasi kursun mərkəzində insan amili, əhalinin sosial problemlərinin həlli, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məsələləri dayanır. İqtisadi potensialın gücləndirilməsi, müasir sosial infrastrukturun yaradılması, minlərlə istehsal müəssisəsinin, nəhəng zavod və fabriklərin, yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, müavinətlərin ardıcıl şəkildə artırılması əhalinin sosial durumunun əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Təəssüf ki, bir sıra daxili siyasi qruplar və xarici dairələr əsassız, qərəzli şəkildə həyata keçirilən siyasəti ləkələməyə, onun əhəmiyyətini azaltmağa çalışırlar. Dağıdıcı müxalifət funksionerləri, mətbuatı Azərbaycanda əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması ilə bağlı son sərəncamları öz maraqlarından irəli gələn siyasi manipulyasiya obyektinə çevirmək üçün ciddi cəhdlər göstərirlər. Müxalifətin iddiasının mahiyyətinin kökündə o durur ki, seçki öncəsi əmək haqlarının artırılması daha çox siyasi məqsədlər güdür. Lakin ölkəmizdə son 10 ildə əmək haqlarının mütəmadi qaydada yüksəldilməsi bu iddianı alt-üst edir. Məsələn, 2011-ci ildə Azərbaycanda seçkilər keçirilmədi, lakin bir il ərzində dövlət başçısı tərəfindən minimum aylıq əmək haqqının, təhsil və səhiyyə müəssisələri, mədəniyyət, gənclər və idman, sosial təminat müəssisələri, eləcə də kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Ümumilikdə, 2003-2013-cü illərdə minimum əməkhaqlarının artırılması barədə 12 sərəncam imzalanmışdır. Nəticədə minimum əməkhaqqı 11,7 dəfə artırılaraq 2013-cü ildə 105 manata çatdırılmışdır. Nəzərə alınmalıdır ki, 2003-2013-cü illərdə minimum əmək haqqının artımı üçün verilən 12 sərəncamın cəmi 3-ü prezident seçkisi ilinə təsadüf etmişdir. Təkcə bu fakt onu deməyə əsas verir ki, əməkhaqlarının seçkidən-seçkiyə artırılması barədə deyilənlər iqtidarın həyata keçirdiyi siyasətə kölgə salınmasına hesablanıb. Atılan addımlar isə göstərir ki, ölkədə müxtəlf kateqoriyadan olan işçilərin əmək haqlarınin mütəmadi artırılması hökumətin prioritet hesab etdiyi məsələlərdəndir. O da nəzərə alınmalıdır ki, Azərbaycanda prezident seçkilərindən iki il sonra parlament seçkiləri, parlament seçkilərindən 3 il sonra isə prezident, daha sonra bələdiyyə seçkiləri keçirilir. Onda belə çıxır ki, əmək haqları və pensiyaların həcmi artırılmamalıdır ki, seçkilərə ilinə düşə bilər.
Müxalifin digər bir iddiası ondan ibarətdir ki, ölkədə əməkhaqqı artımını fonunda qiymətlər dərhal bahalaşacaq. Lakin illərlədir ki, iqtisadi ekspertlər bu fikrin iqtisadi əsasının olmadığını ortaya qoyur, hökumət isə öz növbəsində qiymətlərin stabilliyinin qorunmasını təmin edir. Lakin öz qərəzli fikrindən əl çəkməyən müxalifət iqtisadi proseslərə heç bir aidiyyatı olmayan rəqəmləri şişirtməkdən əl çəkmir. Özünü "Milli Şura" adlandıran qurumun iqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu bir tərəfdən əmək haqqı və pensiya artımının inflyasiya yaratmasından narazılıq edir, digər tərəfdən də bu artımların kifayət qədər az olmasından şikayətlənir. Belə ziddiyyətli məntiq Qubad İbadoğlunun obyektiv olmadığını göstərir. Hətta müxalifət "iqtisadçısı" artım göstəricilərini ya bilərəkdən, ya da bilməyərəkdən saxtalaşdıraraq təqdim edir. Məsələn, "Azadlıq" qəzetinə verdiyi müsahibədə Qubad İbadoğlu pensiyaların baza hissəsinin artımı nəticəsində təqaüdçülərin 6 manat 50 qəpik artıq pensiya alacağını hesablayıb. Hansı ki, pensiyanın baza hissəsini 100 faiz alanların pensiyasının artımı 15 manat, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar (I qrup əlillər istisna olmaqla) üzrə artım 19,5 manat, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə isə 31,5 manat təşkil edəcək. Normal məntiq, iqtisadi qanunlar əməkhaqlarının artırlması məsələsində böyük pul kütləsinin dövriyyəyə buraxılmasının fəsadlarını nəzərə almağı tələb edir. Buna görə də Azərbaycan hökuməti maaş və pensiyaları ardıcıl şəkildə, ilbəil makroiqtisadi sabitliyə kəskin təsir etməyəcək səviyyədə artırır. Əgər müxalifətin məntiqindən çıxış edərək əmək haqlarının, pensiyaların, müavinətlərin birdən-birə 100, hətta 200 faiz artırılsa, inflyasiyanın AXC-Müsavat hakimiyyəti dövründəki astronomik faizlərlə ölçüləcəyi şübhəsizdir. Yəqin onların təxribatçı təbliğatının əsasında da məhz bu məqsədə nail olmaq niyyəti dayanır. Müxalifət "iqtisadçıları" belə bir fikir də irəli sürüblər ki, guya əmək haqqı artımlarından sonra inflyasiya sürətlənəcək və əhalinin artan qazancı "inhisarçıların cibinə gedəcək". Əslində belə çıxışların hansı məqsəd güddüyü bəllidir. Belə çirkin təbliğat nəticəsində alıcılar inflyasiyanın qorxusundan daha çox indi almaq, satıcılar isə inflyasiyadan qazanc götürmək üçün sonra satmaq barədə düşünürlər. Beləliklə, inflyasiya ajiotajı yaradılır və qiymətlərdə süni şəkildə şişmə baş verir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda qiymətlərin süni bahalaşdırılmasında ilk növbədə müxalifət maraqlıdır. Təkcə bu fakta nəzər yetirmək kifayətdir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistandan 10 dəfə çoxdur. Gürcüstanın dövlət büdcəsi isə cəmi 4.8 milyard dollar təşkil edir. Bu isə ondan xəbər verir ki, Azərbaycanın dövlət büdcəsi Ermənistan və Gürcüstanın birgə dövclət büdcəsindən 4 dəfə çox olacaq ki, bu da region iqtisadiyyatının 80 faizinin Azərbaycan iqtisadiyyatının payına düşməsindən xəbər verir. Maraqlıdır, görəsən müxalifət nədən Azərbaycanın regionda nüfuzunun, ölkədə isə əhalinin gəlirlərinin artasından bu qədər narahatdır? Axı, söhbət onların öz Vətənindən, öz vətəndaşlarından gedir.
Alim