Ermənistanın seçim problemi - MİLLƏT VƏKİLİ
İşğalçı ölkə Rusiya ilə Qərb arasında qalıb
9 Sentyabr 2013 15:50 SiyasətQeyri-konstruktiv mövqeyi və təcavüzkar siyasəti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan Yerevan son günlər nümayiş etdirdiyi aqressiv hərəkətləri ilə yenidən diqqəti özünə çəkib. Rusiya Federasiyasına səfəri zamanı həmkarı Vladimir Putinlə görüşündə işğalçı ölkə rəhbərliyinin Ermənistanın Avropa Birliyinə üzvlüyü məsələsini gündəmə gətirməsi, bu səfərdən qısa müddət sonra hər zaman olduğu kimi yenə də sərhəddə atəşkəsin ciddi şəkildə pozulması və erməni snayperçilərin aktivləşməsi kimi mənfi tendensiyaları buna örnək göstərmək olar. Bəs görəsən rəsmi Yerevan bu addımları ilə nə deməyə çalışır? Xüsusilə, Sərkisyanın Moskva səfəri zamanı Ermənistanın Avropa Birliyinə üzv olma istəyinin arxasında nə dayanır? Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, hazırda Ermənistan iki seçim arasında qalıb: "Beynəlxalq aləmdə mövcud qaydalar var. Müəyyən təşkilata üzv olan ölkə üzvlüyə görə üzərinə müəyyən öhdəliklər götürür. Bu öhdəliklər həmin ölkənin üzv olduğu və ya üzv olmaq islədiyi digər təşkilatlara daxil olmasında ziddiyyət yaradırsa, bu zaman seçim etmək lazım gəlir. Bu mənada Ermənistan da seçim qarşısında idi. Ya Rusiyanın qanadı altına sığınaraq yenə əvvəlki kimi daxili və xarici siyasətini, iqtisadi məsələlərini, bütövlükdə ən xırda belə məsələni Rusiya ilə razılaşdırmalı, ya da, assosiativ üzvlüyə daxil olaraq Avropa İttifaqından iqtisadi yardımlar alıb iflic vəziyyətdə olan iqtisadiyyatını qaldırmağa üstünlük verməlidi". Millət vəkili deyib ki, Avropa İttifaqına assosiativ üzvlük yalnız iqtisadi deyil, həm də siyasi məsələdir: "Ona görə də, Ermənistanın belə bir iddiaya düşməsi istər-istəməz onun hamisinin xoşuna gəlmədi və ona başa saldılar ki, Avropaya gedən yollara müstəqil addım ata bilməz. Bu səbəbdən Ermənistan məhz Rusiyanı təsiri ilə Gömrük İttifaqına qoşulmaqla bağlı müsbət fikir ifadə edib. Gömrük İttiafqına gəlincə, Ermənistanın bu quruma qoşulan dövlətlərlə quru sərhədləri yoxdur. Bunun özü ciddi məsələdir. Eyni zamanda, bu ölkənin düşünən insanları belə yaşamağın çox çətinliklər yaradacağını görməkdədirlər. Yəni ölkə iqtisadiyyatı tamamilə xarici ölkədən asılı vəziyyətdədir. Ermənistanın potensialı tükənib və Avropa İttifaqına assosiativ üzvlük xilasedici kəmər rolunu oynaya bilərdi. Amma bu da əldən çıxdı". Millət vəkilinin sözlərinə görə, Gömrük İttiafqına daxil olub-olmamaqdan asılı olmayaraq, Rusiyanın iqtisadi imkanları çərçivəsində onsuz da Ermənistana yardımlar edilir: "Rusiya şirkətləri tərəfindən Ermənistan iqştisadiyyatını ayaqda saxlamaq üçün cəhdlər edilir. Amma Rusiyanın iqtisadi potensialı Ermənistanı öz yedəyində daşımağa imkan vermir. Onun fikrincə, Rusiya Avropa İttifaqının edə biləcəyi qədər yardımı Ermənistana etmək imkanına malik deyil. "Avropa İttifaqı isə bir ölkə deyil, böyük bir məkandır. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının iqtisadi imkanları Rusiya ilə müqayisədə qat-qat yüksəkdir. Əgər Avropa İttifaqına daxil olan ölkələrin ümumilikdə ÜDM həcmi 15 trilyon dollar məbləğindədirsə, Rusiyada bu göstərici 2,2 trilyon dollar səviyyəsindədir. Ona görə də, Rusiyanın hansısa iqtisadi məkanda layihələr həyata keçirmək üçün Avropa İttifaqı ilə yarışmaq istəyi o qədər real görünmür". Mübariz Qurbanlı deyib ki, Ermənistan onsuz da Rusiyanın yedəyindədir: "Ermənistan problemlərini həll edə bilmir. Avropa İttifaqından da dilənçi payı qoparmaq istəyirdli ki, bu da yalnız assosiativ yolla buraya qoşulduqdan sonra daha real görünə bilərdi. Bu nəfəslik də qapadıldı. Bu gün Ermənistanda Sarkisyanın Moskvada apardığı danışıqlar və verdiyi vədlərlə bağlı çox böyük narazılıq var. Erməni lobbi təşkilatları da bu cür addımların atılmasına qarşıdır. Hətta vaxtilə Ermənistanın hakimiyyətində olan siyasətçilər də Avropaya gedən yolun qapanmasının böyük ziyan gətirəcəyini söyləməkdədirlər. Yəni Rusiyanın iqtisadi imkanları geniş olsaydı, erməni iqtisadiyyatındakı yırtıqlarını yamaya bilərdi. Amma bu çox çətin məsələdir. Avropa İttifaqının isə məsələyə münasibəti bəllidir. Təşkilatın Ermənistana verəcəyi kreditlər dondurulacaq". Millət vəkilinin sözlərinə görə, erməni tərəfinin Avropa İttifaqı qarşısında bəraət almaq imkanları da geniş deyil: "Nə qədər vəd versələr də, onlar Rusiyadan tamamilə asılı vəziyyətdədirlər. Ona görə də, son hadisələr Ermənistanın daxili siyasi həyatına güclü təsir göstərəcək və Ermənistandan mühacirət intensiv xarakter alacaq. Düşmən ölkə öz siyasəti ilə özünü fəlakətə doğru aparmaqdadır". Mübariz Qurbanlı hesab edir ki, Ermənistanın xilası işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaqdan və bunun müqabilində ölkəmizlə və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, bütövlükdə Cənubi Qafqazdakı ambisiyalarından imtina etməsindən keçir: "Bunu Ermənistan hakimiyyəti dərk etmədikcə kim tərəfindən himayə edilirsə edilsin, mütləq onun siyasəti dalana dirənəcək".