“Milli Şura deyilən bir qurum artıq yoxdur” - AÇIQLAMA

Rauf Arifoğlu: “Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür, hərə bir bəhanə gətirir”

"Milli Şura deyilən bir qurum artıq yoxdur. Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür, hərə bir bəhanə gətirir. Bu gün bütün proseslər prezidentliyə vahid namizəd Cəmil Həsənlinin seçki qərargahı formatında gedir. Milli Şura varsa, ALP haradadır? Mili Şura varsa, "EL" hərəkatının rəhbərliyi niyə bəyan edib ki, onlar İlqar Məmmədovu müdafiə edəcəklər?" Bunu deyən "Yeni Müsavat" qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu artıq Milli Şura formatının iflasa uğradığını qeyd edib. (apa) Baş redaktor əlavə edib ki,  Mili Şura varsa, niyə "EL" hərəkatının təmsilçiləri həmin gün gedib "Şuşa" restoranında iclas keçirirlər. Öz aralarında olan problemləri sessiya iştirak edəndən sonra həll edəydilər: "Milli Şura formatı varsa, niyə bu gün Mili Şura və "EL" hərəkatı Rüstəm İbrahimbəyovun evində Cəmil Həsənlinin vaxtını alaraq, iclas keçirmək məcburiyyəti hiss edir? Yəni bu adamlar görmürlər ki, ölkə siyasətinə, müxalifətinə nə qədər böyük fəlakət, bəla və narahatlıq gətiriblər. Bunlar mənim üstümə gəlmək fürsətini əldən vermirlər. Barəmdə yeganə qara piar aparan "Azadlıq" qəzeti və AXCP-nin funksionerləri də bu məqamdan istifadə edib, müxalifətdən hakimiyyətə, hakimiyyətdən müxalifətə keçən, sima, qılıq, siyasi pasport dəyişdirən bu şəxslərin ünvanıma səsləndirdiyi bütün təhqirləri götürüb, mənə cavab haqqı da tanımadan, peşə qaydalarına riayət etmədən tirajlayırlar. Mən hamısına etiraz edirəm və bir daha bəyan edirəm ki, demokratik düşərgə "Yeni Müsavat" qəzetinə qarşı kampaniyanın mərkəzinə çevrilməkdədir. Bəzi QHT sədrləri, bəzi partiya funksionerləri artıq göstəriş verirlər ki, mən necə düşünməliyəm, mən necə yazmalıyam, mən indiki vəziyyətdə özümü necə aparmalıyam. 24 illik qəzetçilik təcrübəsi olan redaktora başa salırlar ki, o həyatını necə qurmalıdır. Bu, absurddur, söz, mətbuat azadlığının əlifbasına zidd olan bir prosesdir və qara piardır ". Rauf Arifoğlu bütün bunlara rəğmən Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlini hamıdan yüksək səviyyədə dəstəklədiyini deyib: "İndi bu adamların qarnının ağrısı nədir, bunu başa düşə bilmirəm. Başa düşə bilmirəm ki, bu kampaniya Cəmil Həsənli üçündür və onun şəxsiyyəti üzərində gedirsə, Milli Şura aparatı iflic və sabotaj olursa, onlar mənim yazdıqlarımdan niyə narahatdırlar? Çünki, mən bunların sözdə, yaxud da üzdə dəstəklədikləri namizədi dəstəkləyir və onun kampaniyasına dəstək verirəm. Heç bir təmənna görmədən onun kampaniyasının yürüdülməsinə diqqət ayırıram". R. Arifoğlu barəsində səsləndirilən ittihamlarla bağlı məhkəməyə müraciət edəcəyini də vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00