“Erməni dilində verilişlər, sənədli filmlər hazırlanmalıdı” - GÜNDƏM

“Osmanlı tarixini yazan tarixçilər sırasında xeyli sayda erməni yazarı vardı”

Son illər az da olsa erməni dilinin öyrənilməsi məqsədi ilə müxtəlif kurslar açılıb, lüğətlər hazırlanır. Erməni dilinin tədrisi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər olsa da ziyalılar, dilçilər bu dilin öyrənilməsinin ölkəmiz üçün müəyyən araşdırmalara aparmaq baxımından faydalı ola biləcəyini vurğulayır. Millər vəkili, Nizami Cəfərov gec də olsa erməni dilinin öyrənilməsi məqsədi ilə kursların açılmasının gərəkli olduğunu vurğulayır. Bir çox dillərlə yanaşı erməni dilinin də öyrənilməsinin vacib olduğunu deyən millət vəkili hazırda bu işlə məşğul olan mütəxəssislərin sayının az olduğunu söyləyir: "Hər bir dilin öyrənilməsinin vacib olduğunu düşünürəm. Bu yolla özümüzə lazım olan informasiyaları da əldə edə bilərik. İkinci dünya müharibəsi dövründə SSRİ Almaniya ilə müharibəyə başlayarkən alman dilinin öyrənilməsi üçün tədbirlər gördü. Əlbəttə ki, alman dilinin öyrənilməsi onlar üçün zəruri idi. O dövrdə Azərbaycandan və SSRİ-yə daxil olan digər ölkələrdə də çox gözəl mütəxəssislər, kəşfiyyatçılar yetişirdi". Millət vəkili erməni dilinin öyrənilməsinin kəşfiyyat işləri zamanı da gərəkli olduğunu deyir: "Erməni dilini öyrənməkdə məqsəd özümüzə lazım olan informasiyaları əldə etmək, müəyyən tədqiqatlar aparmaqdı. İngilis, ərəb-fars dilindən fərqli olaraq erməni dilini öyrənməkdə məqsəd yalnız bu ola bilər. Əslində biz çoxdan bu istiqamətdə müəyyən işlər başlamalıydıq. Sovet dövründə indiki ilə müqayisədə erməni dilini bilən mütəxəssislər çox idi. Öncələr də belə fikir olub ki, erməni dilinin öyrənilməsi vacibdir. İntensiv olaraq bu işlə məşğul olsaq düşünürəm ki, professional mütəxəssilər meydana çıxacaq. Türk dillərini bilən ermənilər indi də çoxdur. Bu istiqamətdə mütəxəssislərin sayının artması üçün ali məktəblərdə də erməni dili üzrə ixtisaslar olmalıdır. Dilçilik tədqiqatları baxımından çox əhəmiyyətidir". Erməni dilində çoxlu türk sözlərinin olmasının hələ o dövrün alimlərinin apardığı tədqiqatlar zamanı təsdiqini tapdığını deyən N.Cəfərov hazırda belə mütəxəssislərin olmamasından gileylənir. Millət vəkili gənclərimizin də erməni dilini öyrənməsinin vacibliyini vurğulayır: "Beşinci əsrdən bəri çoxlu erməni mənbələri olub. Bu mənbələrin böyük əksəriyyəti türklərlə bağlı tarixi məlumatları təhrif edilmiş formada çatdırır. Buna görə faktları araşdırmaq zəruridir". Osmanlı tarxini yazan tarixçilər sırasında erməni yazarlarının çoxluq təşkil etdiyini deyən millət vəkili bu yolla onların tarixi təhrif etdiyini deyib: "Osmanlı tarixini yazan tarixçilər sırasında xeyli erməni yazarı olub. Onlar lazım gəldikdə bir çox tarixi faktları təhrif də edirlər. Mütəmadi olaraq tük traixi ilə maraqlanan ermənilər arasında türkoloqlar keçmiş zamanlarda da olub, indi də var. Ermənilər mənfur siyasətlərini həyata keçirtməkdən ötrü bu cür vasitələrdən istifadə edirlər. Onların türk dilini öyrənməsinin digər səbəbi isə dillərinin, mədəniyyətlərinin zəngin olmamasıdır. Onlardan fərqli olaraq bizim məişətimizi, təsərrüfatımızı qaydaya salmaq üçün erməni dilini öyrənməyimizə ehtiyacımız olmayıb. Sadəcə olaraq elmi araşdırmalar aparmaq üçün bu dili öyrənməyə ehtiyac var. Yoxsa ki, işimizi gücümüzü atıb geridə qalmış bir dili öyrənməyin nə mənası var. Elmi tədqiqat aparmaq üçün dünyanın ən geridə qalmış dillərini öyrənmək lazımdır".  Dilçi alim erməni dilinin bilən mütəxəssilərin sayının az olmasını bu dili öyrənməyə ehtiyacın olmaması ilə izah edir.

Tarixçi Yaqut Əliyeva digər xarici dillər kimi erməni dilinin də tədrisininin vacib olduğunu bildirir: "Erməni dilli kursların açılmasını rezonansla qarşılamaq lazım deyil. BDU-nun regionşünaslıq fakültəsində gürcü dili ilə yanaşı erməni dili də tədris olunur. Dolayısı ilə erməni dili bu cür yüksək ali təhsil ocağında tədris olunursa, paralel olaraq kursların da fəaliyyət göstərməsində heç bir qəbahət yoxdur. Digər xarici dillər kimi erməni dili də öyrənilməlidir. Biz qonşu dövlətlər va xalqlar olaraq yanaşı yaşamağa məhkumuq və əsrlərdir iki xalq arasında milli, etnik zəmində münaqişələr mövcuddur. Ermənistan ərazisinin böyük və əhəmiyyətli hissəsi Qərbi Azərbaycan torpaqlarıdır. Bu ərazilərə Azərbaycanın böyük tarixi, keçmişi, ənənələri, mədəniyyəti bağlayır. Bunları gözardı etmək və unutmaq olmaz. Çünki Ermənistanda Azərbaycan xalqının tarixi saxlanılır. Ermənilər illər keçdikcə tarixi yer adları- toponimləri, maddi-mənəvi irsi, abidələri, arxiv materialları olan yerlərdən Azərbaycana məxsus izləri silir. Bunun qarşısını almağın yollarından biri də erməni dilini öyrənməkdi. Ermənistanda məhv olan irsimizə sahib çıxmaq, onların məqsəd və məramlarını bilmək, fəaliyyətlərinin hər addımını öyrənmək üçün erməni dilini bilmək lazımdır. Bu Azərbaycan üçün strateji məsələdi. Davamlı olaraq milli-etnik zəmində münaqişələr yaşayan dövlət üçün bu addım çox gecikib. Erməni dili illər öncədən tədris olunmalı, mütəxəssislər hazırlanmalı idi. Nəinki dil kursları, ümumiyyətlə erməni məsələsini araşdıran strateji tədqiqat mərkəzləri, institutlar, fondlar yaradılmalıdı".

Tarixçi alim Aygün Həsənoğlu erməni dilini tədris edən kurslarla yanaşı, bu cür verilişlərin yayımının, kitabların nəşrinin vacib olduğunu vurğulayır: "Vaxtı ilə tarixçi alimlər, diplomatlara erməni dilinin öyrənilməsi məsələsinin zəruri olduğunu demişdik. Bununla bağlı təkliflər irəli sürülsə də, heç bir faydası olmadı. Biz dünyaya üzümüzü tutmuşuq, amma Qarabağdakı ermənini unutmuşuq. Siz elə bilirsiniz ki, soyqırım törədənlər yalnız Qarabağdakı ermənilərdi? Xeyr! Bir diplomatımız belə ermənicə bilsəydi, bu ölkənin tədris vəsaitlərini təhlil edərək onların bu mənfur siyasətini dünyaya daha açıq təqdim edərdi. Beləcə erməni dilini bilən tarixçi onları öz dəlilləri ilə məğlub edərdi. Düşmən bizim dilimizi bilir, biz isə onun dilini bilmirik. Bu səbəbdən də təbliğatı düzgün qura bilmirik. Hesab edirəm ki, dövlət idarəetmə institutunda, tarix fakültələrində, MTN-nin akademiyalarında erməni dili tədris olunmalıdı. Belə  kursların açılması ilə yanaşı, erməni dilində verilişlər, sənədli filmlər hazırlanmalı, kitablar nəşr olunmalıdı. Müasir dünyamızda daha sistemli və ağıllı təbliğat aparmaq üçün bu çox vacib amildi".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00