Şuranın dəstəyi ilə “MQF seçki koalisiyası” İsmayıllı rayonunda seçicilərlə görüşdü

MQF Seçki Koalisiyası "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini İsmayıllı rayonunda keçirib. Rayonun Peşə Təlim-Tədris Mərkəzində təşkil edilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, MQF -nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Milli Qəhrəmanların Təbliğinə Dəstək İB-nin sədri Mirbəşir Seyidzadə, təşkilatın İdarə Heyətinin üzvü Süleyman Əzizov seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi, seçki maarifçiliyi mövzusunda çıxışlar etmiş, iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

Tədbirin sonunda "MQF Seçki Koalisiyası" nümayəndələri seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır. Görüşdə iştirak edən İsmayıllı ictimaiyyətinin nümayəndələri artıq seçimlərini etdiklərini və qarşıdan gələn prezident seçkilərinə fəal şəkildə qatılacaqlarını bildiriblər.

Qeyd edək ki, Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilən bu layihə AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00