Bakıda Yüksək Səviyyəli toplantı öz işinə başlayıb

Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun ali səviyyəli toplantısı keçirilib. Toplantıda Latviya, Finlandiya, Niderland, Şri-Lanka və digər ölkələrin keçmiş dövlət və hökumət başçıları, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin toplantı iştirakçılarına salamlarını çatdırıb. Komitə sədri bildirib ki, toplantı iştirakçılarının hər biri dövlət başçısının şəxsi qonağıdır.

Qeyd edək ki, iki gün davam edəcək Yüksək Səviyyədə Görüşün iştirakçıları Cənubi Qafqazda münaqişələr, qadınların cəmiyyətdə aktivliyinin artırılması, mədəniyyətlərarası və dinlərarası dialoq, 2015-ci il Minillik İnkişaf Proqramı kimi əhəmiyyətli mövzuları müzakirə edəcək. Yüksək Səviyyədə Görüşün sonuncu günü - sentyabrın 6-da toplantının yekunlarına, əldə olunan razılaşmalara dair jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan Yüksək Səviyyədə Görüşün davamı olaraq "Birgə Cəmiyyətlər Forumu 2014" layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantıların keçirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində sentyabrın 5-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin toplantısı da keçirilib. İclasda Mərkəzin illik hesabatı müzakirə olunub və növbəti il üçün fəaliyyət strategiyası müəyyən edilib.
Toplantının sonunda isə BMT Baş Katibi Ban Ki Muna və Baş Assambleyaya müraciət olunması planlaşdırılır. Məlumat üçün onu da qeyd edək ki, Birləşmiş Ştatların sabiq dövlət katibi Hilları Klinton Yüksək Səviyyədə Görüşün iştirakçılarına müraciət edərək onlara toplantının uğurlu və səmərəli keçməsində xoş arzularını bildirib.  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan Yüksək Səviyyədə Görüşün davamı olaraq "Müştərək Cəmiyyətlər Forumu 2014" layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantıların keçirilməsi nəzərdə tutulub.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00