“Qazprom”un monopoliyası sona çatır” - POLİTOLOQ

“Türkmənistan Xəzərsahili ölkələr içərisində Rusiyanın maraqlarına təhlükə yaradan birinci dövlətdir”

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu 2013-cü ilin avqust ayı ərzində beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi prosesləri şərh edərkən Türkmənistan təbii qazının təsirlərindən də danışıb:"Türkmənistan Çinin qaz bazarında iştirakını artırır. Bu, "Qazprom"un (RF) monopoliyasının sonunun çatması deməkdir. Türkmənistan Çinə qazı "Qazprom"un təklif etdiyindən təxminən 100 dollar aşağı təklif edir. Eləcə də Xəzər dənizi sahilində liman tikməklə "Qazprom"un Avropadakı qaz bazarlarındakı imkanlarını da məhdudlaşdıra bilər. Rusiya Transxəzər qaz kəmərinin tikintisinə maneçilik edə bildiyi halda sıxılmış türkmən qazının yeni port vasitəsilə Avropaya nəqlinə maneçilik edə bilməyəcək. Sıxılmış qazın nəqli məsələsi Azərbaycanla sərhəd mübahisəsinin də aktuallığını azaldır. Türkmənistan Xəzərsahili ölkələr içərisində Rusiyanın maraqlarına təhlükə yaradan birinci dövlətdir".

Politoloq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Türkmənistan səfərinə də toxunub: "Türkmənistana səfər edən Türkiyənin baş naziri R.T.Ərdoğan yeni dəniz limanının təməlqoyma mərasimində iştirak etdi. Türkmənbaşı (keçmiş Krasnovodsk) şəhərində salınan bu liman Xəzərin qərb sahilindəki (Azərbaycan) limanlara yükdaşımaları artıracaq. R.T.Ərdoğan Türkmənistanda olarkən prezident Q.Berdımuhammedovla Xəzərdə olan bəzi problemlərin həllini müzakirə etmiş və onların həllində kömək etməyə hazır olduğunu bildirib. Ekspertlərin fikrincə, R.T.Ərdoğan iki problem ətrafında müzakirə aparıb. Bunlardan biri Türkmənistanla Azərbaycanı birləşdirən Transxəzər qaz kəmərinin çəkilməsi, digəri isə Xəzər dənizində Türkmənistanla Azərbaycan arasında olan ərazi mübahisəsidir".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00