Ermənistanın ikili siyasəti - REGİON
Ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub
5 Sentyabr 2013 15:32 SiyasətErmənistan dövlətinin həyata keçirdiyi hiyləgər siyasətin ifşası ölkəni çıxılmaz vəziyyətə salıb. Bu ölkənin "nə yardan doyur, nə əldən qoyur" siyasəti Qərblə Rusiya arasında fikir ayrılığı ilə nəticələnib. Belə ki, Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı qərarı Avropa Birliyini sözün əsil mənasında narazı salıb. Bu səbəbdən qurum Ermənistandan atdığı qeyri-müəyyən addımlara görə, izahat tələb edib. Avropa İttifaqının Xarici siyasət şöbəsinin rəsmisi Ketrin Eşton bildirib ki, Aİ rəsmi İrəvandan Ermənistanın Gömrük Birliyinə üzv olması haqqında bəyanat verməsini gözləyir. Eştonun mətbuat xidmətinin rəhbəri Maya Kosiyaniç də Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan hakimiyyəti GB-ya üzv olması barədə razılıq verən bəyanat səsləndirdikdən sonra bunun verəcəyi nəticələri tezliklə bilinəcək. Məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yaxın günlərdə bu məqsədlə Brüsselə səfər edəcək.
Səfərdə Nalbandyan rəsmi İrəvanın asosiativ üzvlə bağlı AB qarşısında götürdüyü öhdəliklər fonunda Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına daxil olmasını Brusseldə izah etməli olacaq. Məlumat üçün qeyd edək ki, Rusiyanın regionda, xüsusilə Cənubi Qafqazda nüfuzunun azalması daimi boyunduruq altında yaşamağa vərdiş etmiş Ermənistanı yeni himayədar axtarmağa vadar etdi. İqtisadiyyatı tənəzzülə uğramış Ermənistan ayaq üstə durmaq və qonşu ölkələrə qarşı olan ərazi iddialarını davam etdirmək məqsədilə ikiəlli Avropa Birliyinin ətəyindən yapışmalı oldu. Lakin Rusiya prezidenti Ermənistanın qeyri-legitim dövlət başçısı Serj Sərkisyanla keçirdiyi görüşdə onu yola gətirə bildi ki, Gömrük İttifaqına qoşulsun. Əslində S.Sərkisyan bu təklifin əleyhinə gedə bilməzdi. Çünki tarix boyu Rusiyanın forpostu olmuş bir ölkənin qlobal bir şəraitdə sərfəli təklifdən imtina etməsi qeyri-mümkün idi. Görünən odur ki, Ermənistan elə bu təklifin səsləndirilməsinə nail olmaq məqsədilə xeyli müddətdir ki, Rusiyaya naz-qoz edirdi. İndi isə ölçülüb biçilmədən atılan qəfil addım Ermənistanı dalana dirəyib. Yayılan xəbərə görə, Ermənistanın bu addımı beynəlxalq təşkilatlarla yanaşı, erməni diasporası və yerli əhalini narazı salıb. Artıq ölkənin siyasi xadimləri prezident Serj Sərkisyanın istefası tələbini səsləndirirlər. Əslində bu faktın ciddi analiz olunmasına ehtiyac var. Cünki, müxalifət və adi vətəndaşlardan fərqli olaraq siyasilərin belə tələblə çıxış etməsi birbaşa dövlətin yürütdüyü siyasətdən narazılığın ifadəsi kimi qəbul olunur. Elə ölkənin siyasi partiya liderləri də Sərkisyanın siyasətindən narazı olduqlarını bəyan ediblər. Miras Partiyası lideri Raffi Ovanesiyan yerli mətbuata açıqlamasında qeyd edib ki, erməni xalqı ilə hesablaşmadan Ermənistanın suverenliyini tamamilə təhlükə altına salandan sonra Sərkisyanın könüllü şəkildə istefa verməsindən başqa çıxış yolu yoxdur. Maraqlı məqam ondan ibarətdir ki, erməni müxalifəti hesab edir ki, Gömrük İttifaqına daxil olmaq Ermənistanın suverenliyinin sonu ola bilər. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan heç vaxt müstəqil olmayıb və daim Rusiyanın diqtəsi ilə hərəkət edib. Məsələ orasındadır ki, Ermənistan Gömrük İttifaqına daxil olmaqla nə əldə etmiş olur?
Ekspertlərin qənaətincə, Ermənistan Gömrük Birliyinə üzv olmaqla heç bir müsbət nəticə əldə edə bilməyəcək. Bu üzvlük Cənubi Qafqazdakı mövcud status-kvonu da dəyişdirmək iqtidarında deyil. Ermənistanın belə bir addım atmasında təbii ki, Rusiya prezidentinin Azərbaycana son səfəri və iki ölkə arasında münasibətlərin müsbətə doğri inkişaf etməsi təsirsiz ötüşməyib. Əslində Ermənistan bununla ikili siyasət yürütmək niyyətindədir. Bir tərəfdən Avropa Birliyinə qoşulmaq, digər tərəfdən isə Rusiya ilə strateji əməkdaşlığı saxlamaq istəyir. Ancaq inandırıcı deyil ki, regionda Rusiya ilə Qərb arasında olan nüfuz savaşı Ermənistanın "bir əldə iki qarpız tutmasına" imkan versin. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Ermənistandakı hərbi bazalarını və digər sektorlarını modernləşdirmək niyyətindədir. Belə halda Ermənistanın AB qarşısında götürdüyü öhdəliklərin icra edilməməsi bu ölkəyə baha başa gələ bilər. Həmçinin nəzərə alınmalıdır ki, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsi var. Belə bir mürəkkəb şəraitdə Ermənitanın dövlət başçısı diaspora, müхalifət, Rusiya və Avropa Birliyinın təzyiqləri ilə üz-üzə qalıb. Erməni diasroru və müхalifəti ümumiyyətlə dövlət başçısının ikili siyasətinə qarşı çıxır. O da diqqətdən yayınmamalıdır ki, Ermənistana və onun dövlət başçısına lazımi maliyyə dəstəyi verən diaspora ondan öz istəklərini həyata keçirməyi tələb edir. Digər tərəfdən, bölgədə Rusiyanın forpostu olan Ermənistan kimi təsir rıçaqını itirmək istəmir. Belə məlum olur ki, Ermənistan prezidenti S.Sərkisyan təsir altında olduğundan siyasi iradə nümayiş etdirə bilmir. Hətta beynəlхalq ictimaiyyətin səyi onu bu təsirdən azad etmək iqtidarında deyil. Bu isə onun göstəricisidir ki, Ermənistan Rusiya və Qərb ölkələri üçün oyuncaq bir dövlətdir və kiçicik müstəqil hərəkəti onu çıxılmaz vəziyyətə sala bilər.
Alim