Mübariz Əhmədoğlu:” Obamanın geri çəkilməsi Rusiyanın xeyrinədir”

“Snoudenə dəstək verməklə Rusiya Yaxın Şərqdə ABŞ-a “müharibə ocağı” yarada bilər”

Sentyabrın 4-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu 2013-cü ilin avqust ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib. Politoloq çıxışı zamanı hazırda bütün dünyanın diqqət mərkəzində olan Suriya məsələsinə toxunub: "Suriyada mahiyyəti çətin başa düşülən proseslər E.Snouden "zəlzələ"sinin afferşokları kimi qəbul oluna bilər. Kimyəvi silahın tətbiqindən müharibə bəhanəsi kimi istifadə etmək mərhələsi arxada qalmışdı. ABŞ və digər dövlətlərdə başa düşmüşdülər ki, B.Əsəd vəziyyətə nəzarət edə bilir; onun nəzarəti itirmək təhlükəsi yoxdur. Bu halda Əsəd hökumətinin kimyəvi silah tətbiq etməsinə ehtiyacı yoxdur. Çıxılmaz vəziyyətlərdə yararlanmaq üçün Əsəd hökumətinin daha effektli variantı var: Colan təpələri uğrunda İsrailə müharibə elan etmək. İsrailə müharibə elan edən Suriya hökumətinə qarşı ərəb dövlətlərinin və Türkiyənin mövqeyi dəyişəcək. Dəyişməyəcəksə, onlar müəyyən dövrdən sonra İran tərəfindən dəstəklənəcək güclü xalq hərəkatları ilə üzləşə bilərlər. Rəsmi Tehran üsyançıların pul və silahla təmin olunmasında iştirak edəcək.
Mübariz Əhmədoğlu Suriyada kimyəvi silahı Bəşər Əsəddən başqa istənilən tərəfin istifadə edə biləcəyini düşünür:
"Qərb E.Snoudenə siyasi sığınacaq vermiş Rusiyanı cəzalandırmaq istəyir. MDB məkanında avrointeqrasiya layihələrini sürətləndirmək, qrafikini dəyişmək mümkün deyil. Ona görə də Suriyada baş verənlərə yeni dinamizm verildi. Suriyanı Rusiyanın təsirindən çıxarmaqla sonuncunun beynəlxalq imicinə ciddi zərbə dəyir. ABŞ Suriya hadisələrinə görə hətta İranla danışığa başladı, keçmiş yüksəkçinli diplomatını Tehrana göndərdi;
Suriya müxalifəti "xarab olmuş saat" prinsipi üzrə işlədi. Kimyəvi silahın tətbiqi ilə bağlı informasiya müharibəsinin müəyyən bir dövründə müxalifət kimyəvi silahdan istifadə etməli olsa da, o zaman bu işi görə bilmədi. Eləcə də silahı ölkədən kənara çıxarmaq imkanı olmadı. Nəticədə müxalifətin bu hərəkəti Suriyanı yenidən Qərbin müharibə hədəsi altına saldı;
B.Obama E.Snoudenə görə V.Putinlə görüşdən imtina etmişdi. Suriyada kimyəvi silahın tətbiqi B.Obamanı gözlənilmədən V.Putinlə görüşməyə vadar etdi. Görüş "G-20"-nin Sankt-Peterburq sammitində nəzərdə tutulur. Görüşməməklə bağlı qərarından B.Obamanın geri çəkilməsi Rusiyanın xeyrinədir. Mümkündür ki, RF üçün işləyən xüsusi xidmət orqanlarından biri məqsədyönlü şəkildə Suriyada kimyəvi silahdan istifadə edib. İndi V.Putin B.Obama ilə görüşdən imtina edir".
Politoloq Rusiya-ABŞ münasibətlərinin kimyəvi silah tətbiqindən sonra istiləşməsini müvəqqəti hadisə hesab edir: "İstiləşmə RF-n Suriyadakı müharibəyə heç bir tərəfdən qarışmayacağı ilə bağlı verdiyi bəyanata cavab reaksiyası da ola bilər. Bu da faktdır ki, indiki zamanda Suriya Qərbin əlində daha çox Rusiyanı cəzalandırmaq üçün istifadə olunur. E.Snoudenə dəstək verməklə Rusiya Yaxın Şərqdə ABŞ-a qarşı böyük "müharibə ocağı" yarada bilər. ABŞ indidən bunun qarşısını alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00