“Human Rights Watch”-in hesabatı qərəzlidir - MİLLƏT VƏKİLİ

Mübariz Qurbanlı: “Anti-Azərbaycan mövqeli qrupların maraqlarına xidmət edir”

Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca maraqlı qüvvələrin fəallaşması müşahidə olunur. Daxili və xarici qüvvələrin ortaq maraqları beynəlxalq aləmdə ölkəmiz barədə mənfi imicin formalaşdırılmasına yönəldilib. Elə bu səbəbdən yeri gəldi-gəlmədi, aidiyyatı oldu-olmadı Azərbaycana qarşı həqiqətə uyğun olmayan iddialar irəli sürülür. Belə iddialardan növbətisi "Human Rights Watch" təşkilatından gəlib. Təşkilatın "Azərbaycanda Vintlərin Bərkidilməsi Dövrü: Vətəndaş Cəmiyyətinə və Müxaliflərə Qarşı Hucümlar"adlı 100 səhifəlik hesabatında ölkəmiz barədə heç bir əsası olmayan məlumatlar yer alıb. Hesabatla ilk tanışlıq deməyə əsas verir ki, yayılan məlumatlat heç bir rəsmi mənbədən əldə edilməyib və təsdiqini tapmayıb.

Millət vəkili Mübariz Qurbanlı bildirib ki, Azərbaycanın 1993-cü ildən, xüsusilə də son illər ərzində durmadan dünyada artan nüfuzu, çəkisi, müstəqil xarici və daxili siyasəti ölkəmizi istəməyən, onun uğurlarını gözü götürməyən dairələri, qüvvələri hər zaman narahat edib, qıçıqlandırıb və onlar hər vəchlə ölkəmizin uğurlarının, nailiyyətlərinin, müsbət imicinin üzərinə kölgə salmaq üçün əllərindən gələni etməyə çalışırlar. Həmin dairələr anti-Azərbaycan kampaniyasında da çox təəssüflər olsun ki, bir çox hallarda onlarla sinxron fəaliyyət göstərə radikal müxalif qüvvələrdən öz məqsədləri üçün istifadə etməyə, onlardan yararlanmağa cəhd göstərir və buna da nail olurlar: "Onlar özü də daha çox seçkilər ərəfəsində "fəallaşır", qarayaxma kampaniyasını daha da çox gücləndirir, genişləndirirlər.

"Human Rights Watch" kimi mənasız, əsassız, uydurma məlumatlar yayan təşkilatlar da həmin anti-Azərbaycan mövqeli qrupların, qüvvələrin maraqlarına xidmət edir. Onu da nəzərə almaq lazımdır ki, "Human Rights Watch" beynəlxalq təşkilat deyil, qeyri-hökumət təşkilatıdır. Azərbaycanda da qeyri-hökumət təşkilatları var və onlar da istənilən ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı bəyanat yaya bilər. "Odur ki, "Human Rights Watch" deyilən bir təşkilatın yaydığı bu və ya digər sənəd Azərbaycanı hansısa bir öhdəlik qarşısında qoymur".

M.Qurbanlı bildirib ki, bu təşkilatlar QHT-lər kimi fəaliyyət göstərir və onların da yaydığı məlumatların mənbələri sübhəli, bir çox hallarda yoxlanılmamış olur, eyni zamanda, həmin təşkilatlar qərəzli məlumatlar yayır: "Bu tipli təşkilatların Azərbaycana qarşı yaydığı məlumatların Azərbaycanın ictimai rəyinə, Azərbaycanın beynəlxalq aləmdə imicinə heç bir təsiri yoxdur. Bu təşkilatların yaydığı məlumatlar qərəzli xarakter daşıyır. Ona görə əslində bu cür təşkilatların yaydığı mənasız məlumatlar haqqında danışmağa ehtiyac yoxdur. Mənasız fikirlər və tezislər ortaya qoyan bu kimi təşkilatlar beynəlxalq aləmdə yalnız Azərbaycana qarşı deyil, bir çox ölkələrə qarşı bu tip məqsədli məlumatlar yayaraq hansısa qrupların maraqlarını ifadə edir". Onun sözlərinə görə, Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir fərdin, hər bir vətəndaşın hüquq və azadlıqları ölkə qanunları və Konstitusiya ilə təmin olunub. Kimlər ki, bu hüquq və azadlıqlar çərçivəsində fəaliyyət göstərir, ölkə qanunlarını və Konstitusiyanın müddəalarını pozmur, onlara qarşı heç zaman heç bir qeyri-qanuni addım atılmır, onların siyasi fəaliyyətlə məşğul olması, öz fikirlərini cəmiyyətə sərbəst və maneəsiz şəkildə çatdırması üçün heç bir qadağan, məhdudiyyət qoyulmur:

"Heç kim fikrinə, əqidəsinə görə təqibə, təzyiqə məruz qalmır. Ancaq kimlər ki, öz fəaliyyətlərini qanunlardan və Konstitusiya ilə müəyyən olunmuş qaydalardan kənarda qurmağa cəhd göstərirlər, qanunlara açıq-aşkar saymazyana münasibət sərgiləyirlər, təbii ki, bu zaman onlara qarşı da elə qanunların icazə verdiyi çərçivədə müvafiq addımlar atılır. Bu, bütün dünyada da belədir. Burada qeyri-adi heç nə yoxdur. Odur ki, "Human Rights Watch" və onun kimi qərəzli qurumların Azərbaycanla bağlı yaydıqları hesabatların heç bir mənası, əhəmiyyəti yoxdur və onlara da ciddi əhəmiyyət verməyinə dəyməz". Millət vəkili Jalə Əliyeva isə bildirib ki, "Human Rights Watch" kimi antiazərbaycan ruhlu qərəzli təşkilatların ölkəmizlə bağlı "hesabatları" artıq "adət" halını alıb və onların da heç birinin əsası yoxdur: "Əslində bu tipli təşkilatlardan başqa cür mövqe sərgilənməsini də ummaq, gözləmək olmaz. "Human Rights Watch" kimi təşkilatlar, xüsusilə, seçkilər dövründə "fəallaşır", ölkəmizlə bağlı "hesabatlarını" daha da tündləşdirir, sərtləşdirirlər. Çünki bu təşkilatların arxasında hər zaman Azərbaycandan öz maraqlarını təmin etməyə çalışan dairələr dayanır. Ancaq həmin qüvvələrin və onların Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqları təşkilatların cəhdləri alınan deyil, alınmayıb və bundan sonra da alınmayacaq.

Müstəqil xarici və daxili siyasət kursu yeridən, dünyada gündən-günə nüfuzu və çəkisi artan bir dövlət olaraq artıq Azərbaycanla təzyiq, təhdid dilində danışmaq mümkün deyil və əgər kimlərsə, hansı qüvvələrsə yenə də bu cəhdlərindən əl çəkməyəcəklər, növbəti dəfə uğursuzluğa düçar olacaqlar".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00