Eldar Namazov Milli Şuradan çıxır - SİYASİ ŞƏRH

Ənənəvi müxalifət El hərəkatını kənarda saxladı

Milli Şuranın son toplantısında El hərəkatının rəhbərləri iştirak etməyiblər. Hərəkatın sözçüləri bunu işlərin çoxluğu və qurumun özünün toplantısı ilə əlaqələndirsələr də, gerçəklik belə deyil. El hərəkatı toplantısını başqa günə də keçirə bilərdi.  Amma toplantı  seçkiyə bir ay qalmış Milli Şura üçün əhəmiyyətli bir günə salınıb. Bu gediş o deməkdir ki, Eldar Namazov və El hərəkatı üçün Milli Şuranın elə bir önəmi qalmayıb. Saytlar xəbər verir ki, Eldar Namzov Milli Şuradan küsüb.   Küsübsə, bunu gizlədə bilməməsi Namazovun professional siyasətçi olmamasından xəbər verir. Bəs Namazov Şuradan niyə incik düşüb?  El hərəkatı üçün uğursuzluqlar bir-birinin ardınca gəldi. Öncə Əflan İbrahimov hərəkata problem yaratdı. Sonra Müsavatla AXCP əlbir olaraq MŞ-nın prezidentliyə namizədini dəyişdilər. Rüstəm İbrahimbəyovun Milli Şura sədri kimi Namazova üstünlük verməsi, onu icra aparatının rəhbəri təyin eləməsi onsuz da narazılıq yaratmışdı. Ənənəvi müxalifət liderləri dışlanmışdılar, Namazov İbrahimbəyovdan sonra ikinci şəxs idi. Müsavatda Arif Hacılı, Rauf Arifoğlu bunu həzm edə bilmirdilər.  Özəlliklə Rauf Arifoğlunun Milli Şuraya dalbadal zərbələr endirməsi ənənəvi müxalifət liderlərini çətin vəziyyətə saldı. Heç kimin gözləmədiyi halda vahid namizəd Cəmil Həsənli oldu. Haqlı sual yarana bilər: Cəmil Həsənli AXCP sədrinin müavini olub. Düşərgəyə daha çox yaxın idi. Onun namizədlyi elə İctimai Palatada qəbul oluna bilərdi. Bu variant ona görə baş tutmamışdı ki,  Müsavatla AXCP razılığa gələ bilməmişdilər. Seçkiyə bir ay qalmış qəfil Həsənlinin namizəd göstərilməsi Müsavatdakı Arifoğlu-Hacılı cütlüyünün marağına uyğun idi. Onlar "hər kim olur-olsun, İbrahimbəyov olmasın" prinsipi ilə hərəkət etdilər. AXCP isə Milli Şura rəhbərliyindən narazı qaldığı üçün Həsənlini dəstəklədi. Həsənlinin namizəd irəli sürülməsi  Eldar Namazovu faktiki olaraq Milli Şura dışında qoydu. İndi politoloqun heç bir rolu qalmayıb. Əksinə, Əflan İbrahimovla başı dərdə girmiş Namazovun seçki də yadından çıxacaq.

Baş verənlər ənənəvi müxalifətin "yeni müxalifət" üzərində qələbəsi anlamına gəlir. Ənənəvi müxalifət Eldar Namazovun 2 aylıq şıltaqlığına dözə bilmədi. Son mitinqdə "kim nə qədər adam çıxarıb" statistikasının aparılması, nəticələrin çılpaq formada cəmiyyətə açıqlanması "El"in və Eldar Namazovun vurulacağına işarə idi. Ənənəvi müxalifəti anlamaq olardı. Mitinqə cəmi 32 adam gətirmiş "hərəkat"ın lideri müxalifətin faktiki olaraq ikincisi idi. C.Həsənlinin vahid namizəd kimi qəbul olunması artıq El hərəkatının sıradan çıxarılması demək idi. Artıq ənənəvi müxalifət mətbuatı hərəkat haqqında keçmiş zamanda danışmağa üstünlük verirlər. Məqsəd qurumu tamamilə siyasi səhnədən silməkdir. Amma bir iş var ki, El hərəkatı və Eldar Namazov Müsavat başqanı İsa Qəmbəri və AXCP sədri Əli Kərimlini seçkidən kənarda qoymaqla əsas məqsədə nail olub.  Bundan sonra Eldar Namazovun  Milli Şurada görəcəyi iş də yoxdur. Artıq vahid namizədin seçki qərargahı da müsavatçıların, cəbhəçilərin əlinə keçib. Seçki kampaniyasının da əsas simaları AXCP və Müsavat funksionerləri olacaq. Deməli, Cəmil Həsənli sonadək seçkiyə qatılsa, seçkidən əldə edilən dividentlər də ənənəvi müxalifətin olacaq.

Ərhun Abbas  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00