Elmar Məmmədyarov Böyük Britaniyanın xarici işlər naziri ilə görüşüb
4 Sentyabr 2013 13:14 SiyasətGörüş əsnasında ilk növbədə tərəflər arasında BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. İkitərəfli əməkdaşlıq məsələlərinin geniş şəkildə müzakirə edildiyi görüş zamanı qarşılıqlı şəkildə iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün əlverişli perspektivlərin olduğu vurğulanmışdır.
Yüksək iqtisadi nailiyyətlər əldə etmiş Azərbaycanın 2015-ci ildə Avropa oyunlarına ev sahibliyi edəcəyi münasibətilə təbrik edən nazir Uilyam Heyq, ölkəsinin Londonda keçirilmiş yay olimpiya oyunlarını uğurla təşkil etdiyini və bu sahədə Böyük Britaniyanın öz təcrübəsini Azərbaycan ilə bölüşməkdən məmnun olacağını diqqətə çatdırmışdır.
Azərbaycanın enerji məsələlərində rolunun yüksək qiymətləndirildiyini deyən nazir Heyq, NATO çərçivəsində əməkdaşlığa və Əfqanıstanda həyata keçirilən əməliyyatlara verdiyi töhfələrinə və dəstəyinə görə Azərbaycana təşəkkürünü ifadə etmişdir.