Dünya dəhşətli müharibə astanasındadır?

Artıq bir həftəyə yaxındır ki, Yaxın Şərq qan çanağına çevrilib. HƏMAS-ın Qəzzadan İsrailə qarşı həyata keçirdiyi hücum ikincini haqlı olaraq bu terror təşkilatına qarşı mübarizəyə vadar edib. Ancaq təəssüf doğuran məqam ondan ibarətdir ki, oktyabrın 7-dən başlayan hərbi əməliyyatlardan daha çox ziyan çəkən mülki şəxslər, fələstinlilərdir. Baş verən proseslərə diqqət çəkən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Fələstin və İsrail arasında HƏMAS-ın vasitəsilə başlayan müharibə, Rusiya və Ukrayna arasında gedən acımasız müharibədən daha faciəvi və daha çox şiddətli şəkil almaqdadır. Onun sözlərinə görə, Yaxın Şərqdə başlayan bu müharibə Qəzza və İsrail ərazilərindən daha geniş alanlara, qonşu ölkələrə sıçrayaraq, savaşın masştabını və həmçinin də ətraf ölkələrə təsirini göstərə bilər:

"Burada xüsusi olaraq Suriya ərazilərini qeyd etmək lazımdır, çünki, güclərin toqquşması üçün ən əlverişli ərazi hesab olunduğu üçün yaxın gələcəkdə müharibənin Suriyaya sıçraya biləcəyi ehtimalını artırır. Hazırda Suriyanın hüdudlarında bir çox ölkələr var. Rusiya, ABŞ, Çin, İran və sairə. Qütbləşməkdə olan güçlərin maraqları, onları böyük ehtimalla daha faciəvi toqquşmalara məcbur edir. Bu səbəbdən dünya daha bir böyük müharibənin astanasındadır, demək olar".

Ekspert deyib ki, ABŞ çox böyük bir hərbi qüvvə ilə artıq Yaxın Sərqi üzük qaşı kimi mühasirəyə alıb:

"Baş vərə biləcək müharibə Rusiyanın indiki məqamda daha çox işinə yarayır. Çünki, burada Rusiya, Çin və İranın xüsusilə olaraq və digər güclərlə birlikdə düşmənlərinə qarşı savaşmaq şansı əldə edə bilir və bu səbəbdən bu müttəfiqlik onun Ukraynadakı hərbi əməliyyatlarına da öz müsbət təsirini göstərəcək ehtimalı yaranır. ABŞ-a görə Rusiyanı Suriyadan uzaqlaşdırmaq və ümumiyyətlə tamamilə zəiflətmək planları var. ABŞ-ın, bölgədə müharibənin geniş miqyas almasına maraqlı olması, onun bölgəyə yığdığı silah və hərbi texnikanın həçmi ilə daha çox özünü göstərir və bu səbəbdən İsrail və Fələstin arasında baş verən müharibənin davam etməsi və daha da şiddətlənməsi ehtimalları böyükdür".

Çingiz Şahbazi onu da deyib ki, HƏMAS-ın atdığı addımları açıq və dolayısı ilə dəstəkləyən ölkələr kifayət qədər çoxdur. O qeyd edib ki, ABŞ dövlət katibi Blinkenin ərəb liderləri ilə telefon danışıqlarını heç də müsbət qiymətləndirmək olmaz:

"Onlar ABŞ dövlət katibini razı sala biləcək heç bir fikir söyləməyiblər. Həmçinin İsrailə dəstək verən ölkələrin içində ABŞ da yer alıb. Bütün bunlar onu göstərir ki, proseslər davam edəcək. Proseslərin ən mürəkkəb mərhələsi hələ qarşıdadır".

Ekspert hesab edir ki, münaqişənin səbəblərini şərh etmək üçün çoxsaylı yanaşmalar var:

"Əslində bütün münasibətlər özündə böyük səbəbləri əks etdirir. Münaqişənin bu qədər böyük həcmdə olması sözsüz ki, bölgədə geosiyasi və geoiqtisadi maraqların toqquşmasından yan keçə bilməz. Burda həmçinin qütbləşməkdə olan güclərin geoiqtisadi maraqları baş vermiş vəziyyətə öz təsirini göstərib. Orta Şərqə sülhün gətirilməsi istiqamətində mühüm addımlar atılmışdır və yenidən münasibətlərin qurulması üçün İsrail və Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə bağlı xoşniyyətli planlar hazırlanan bir dönəmdə, yenidən bölgənin qan çanağına çevrilməsi heç də təsadüfi ola bilmədiyi düşüncəsindəyəm. Onu deyə bilərəm ki, önümüzdəki günlərdə daha aydın və məntiqə uyğun şəkildə vəziyyəti görmək və ciddi istinadlar vermək mümkün olacaqdır".

Çingiz Şahbazi onu da vurğulayıb ki, HƏMAS-ın İsrailə hücum təşkil etdiyi ilk saatlardan bu hücumun arxasında İranın dayanması barədə iddialar ortaya atıldı. Ötən günlər ərzində cərəyan edən proseslər və Tehranın baş verən hadisələrə reaksiyası irəli sürülən iddiaların doğru olduğu gerçəkliyini ortaya qoydu:

"Qəzza zolağını qan gölünə çevirən İsrailə səbəb verən HƏMAS, bunu etməklə İranın çirkin siyasətini həyata keçirdi. Ekspertin qənaətincə, HƏMAS-ın İsrailə həmlə etməsinin səbəbi də, bunun arxasında geosiyasi maraqlar baxımından, gizli sövdələşmənin dayanma ehtimalıdır. ABŞ-ın İsrailə dəstək və yardım göstərməsi onun strateji tərəfdaşlıq baxımından borcu hesab edilə bilər. Amma Vaşinqton, öz geosiyasi maraqlarını da təmin etmək məqsədilə İsraili belə odun içinə atmağa hazırdır. Çünki, ABŞ üçün vazkeçilməz nə dost var, nə də müttəfiq. ABŞ dünyanın yeganə ölkəSİdir ki, bütün coğrafiyalarda nə özündən güclü dost, nə də düşməninin olmasını istəmir. Bu baxımdan Yaxın Şərqdə baş verənlərin arxa planında hədəf kimi, İsraillə paralel daha başqa ölkələrin taleyi masaya qoyulub. BurAda İsrailin düzgün olmayan siyasəti, onun özünü bədəl ödəməyə məcbur qoydu və zavallı Fələstin xalqı isə haqsız olaraq alət edildi".

AVP sədrinin beynəlxalq məsələlər üzrə köməıkçisi Pərviz Mirizadə isə deyib ki, İsrail-Fələstin münaqişəsi uzun müddətdir davam edən bir sıra siyasi, ərazi və dini zəmində yaranmış mübahisələri əhatə edən gərgin prosesdir:

"Münaqişənin 20-ci ərsin əvvəllərinə dayanan tarixi keçmişi var və tərəflər arasında müharibələrə, müxtəlif zorakılıq hadisələrinə səbəb olub. O bildirib ki, 1948-ci ildə İsrail dövlətinin qurulması yəhudilərlə ərəb dünyası arasında açıq qarşıdurmayla nəticələndi və ardınca genişmiqyaslı Ərəb-İsrail müharibələri yaşandı:

"Proseslərin gedişatında 1987-ci ildə Qəzzada və İordan çayının qərb sahilində İsrailə qarşı partizan hücumları təşkil etmək məqsədilə günümüz reallığında Fələstin qanadında ən aktiv oyunçu olan HƏMAS təşkilatı quruldu. Təl-Əviv və bir sıra dövlətlər HƏMAS-ı terror qruplaşması kimi tanısa da, qruplaşmaya münasibət iki xəttlidir. Mövcud qanlı toqquşmalarda hər iki tərəf öz təhlükəsizlik maraqlarını qorumağa çalışır. İndiki halda məsələlərə təkcə İsrail-Fələstin aspektindən baxmaq kifayət etməz. Bilindiyi kimi son yaşananlarla birlikdə prosesə Hizbullah və Əsəd rejimi də hərbi cəhətdən müdaxilə etmək istəyindədir. Bu isə bir neçə istiqamətli münaqişəyə səbəb ola bilər. HƏMAS və Hizbullah kimi qruplaşmalar proksi qüvvələrdir və onları hərtərəfli dəstəkləyən güc İrandır. Bu bilinən faktdır. Lakin hesab edirəm ki, mövcud vəziyyətdə kifayət qədər ziddiyətli məqamlarda mövcuddur. Xüsusilə ABŞ kontekstindən yanaşarsaq Vaşinqtonun İsrailə yardım adı altında Şərqi Aralıq dənizinə hərbi donanmasına bağlı döyüş qrupun göndərməsi sonuncunun bölgədə hərbi varlığını və YPG, PYD, PKK kimi terror qruplaşmalarına dəstəyini artırmaq istəyindən irəli gəlir".

AVP rəsmisi deyib ki, İsrailin hərbi gücü və texnologiyasını nəzərə alarsaq ona qarşı döyüşənlərin hər hansı bir ciddi nəticə əldə edəcəyi real görsənmir:

"Lakin görünür ki, HƏMAS da öz peşəkarlığını önəmli ölçüdə artırmağı bacarıb və koordinasiyalı döyüş tapşırıqları icra edə bilir. Hadisələrin sonu haqda fikir bildirmək hələlik tez olsa da, artıq regionda mövcud vəziyyətdə ciddi dəyişikliklərin olacağı dəqiqdir. Hazırda bir çox dövlətlər münaqişəni sonlandırmaq, tərəflər arasında dialoqu bərpa etmək barəsində çağrışlar edir. Bununla belə, situasiya hələ də həlli çətin, mürəkkəb problem olaraq qalır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31