Azərbaycanın Zəfəri dünya dövlətləri üçün president yaradıb-Özəl

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin nitqi yalnız partiya üzvlərinə deyil, bütövlükdə ölkənin ictimai-siyasi gündəminə ünvanlanmışdı. Çıxışın mərkəzi fikri onun bir cümləsində toplanıb: "Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi". "Olaylar" xəbər verir ki, bunu YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov deyib: "Dövlət başçısı qurultayın yeni geosiyasi şəraitdə keçirildiyini vurğuladı. Onun sözlərinə görə, bu, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra ilk qurultaydır. VII qurultay Zəfərdən cəmi bir neçə ay sonra keçmişdi və dünya həmin hadisəni təzəcə qəbul edirdi. Bu gün isə yaranmış reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur. Prezident bu nəticənin asan əldə olunmadığını da xatırlatdı. Azərbaycan illər boyu yalan və böhtan kampaniyaları ilə, sanksiya müzakirələri ilə, 44 günlük müharibə dövründə isə açıq və qapalı təzyiqlərlə üzləşib. Çıxışa görə, bütün bunları alt-üst edən amillər dövlətin qətiyyəti, siyasi addımlar və ilk növbədə, xalqın vahid mövqeyi olub.

Prezidentin təqdimatında 30 illik işğal dövrü, 2020-ci il Zəfəri və 2023-cü il sentyabrın 20-də ərazi bütövlüyünün tam bərpası xalqın tələbi ilə iqtidarın iradəsinin üst-üstə düşdüyü bir yolun mərhələləridir. Bu yolda Azərbaycan həm siyasi-diplomatik müstəvidə, beynəlxalq təşkilatlarda maarifləndirmə kampaniyası aparıb, həm də döyüş meydanında strateji mövqelərini möhkəmləndirib. Dövlət başçısı Minsk qrupunun əsas məqsədinin münaqişəni dondurmaq olduğunu, qələbələrin isə böyük güclərin müqaviməti fonunda əldə edildiyini bildirdi. Onun sözlərinə görə, digər ölkələrin hər birinin arxasında "böyük dayı" dayandığı halda, Azərbaycan bu yolu təkbaşına keçib. Zəfərin dünya üçün əhəmiyyəti də buradadır: yeni presedent yaranıb.

Prezident bu qələbələrin başlanğıcını 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən YAP-ın təsis qurultayı ilə bağladı. O, həmin dövrdə ölkənin idarəolunmaz vəziyyətə düşdüyünü, torpaq itkilərinin artdığını xatırlatdı, Heydər Əliyevin hakimiyyətə qayıdışını isə xalqın tələbi kimi qiymətləndirdi. Çıxışda 1993-2003-cü illərdə beynəlxalq təcriddən çıxışın, "Əsrin kontraktı" ilə investisiya axınının və dövlətçilik əsaslarının qurulmasının əhəmiyyəti xüsusi qeyd olundu. Dövlət başçısı bu siyasi xəttin 2003-cü ildən bəri davam etdirildiyini və dəyişməz qaldığını bildirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31