Azərbaycanın böyük qələbələrinin təməli YAP-ın təsis olunması ilə qoyulub-Özəl
15:12 Siyasət"Ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən tarixi bir tədbir kimi yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin proqram xarakterli çıxışı keçilmiş zəfər yolunun yekunlarına nəzər salmaqla yanaşı, dövlətimizin ideoloji, iqtisadi və xarici siyasət prioritetlərini əks etdirən mühüm strateji yol xəritəsini müəyyənləşdirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov deyib: "Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin daxili siyasi səhnəsində deyil, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük, mütəşəkkil və nüfuzlu siyasi qüvvədir. 1992-ci ilin noyabrında mürəkkəb xaos və dərin sosial-iqtisadi böhran şəraitində, xalqın tələbi və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP, Azərbaycanı dövlətçilik xəritəsindən silinmək riskindən xilas etmişdir.
Prezident İlham Əliyev öz nitqində qurultayın strateji əhəmiyyətini dəyərləndirərək bu tədbirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi yeni geosiyasi vəziyyətə təsadüf etdiyini bildirib. Ölkə başçısı vurğulayıb ki, əgər əvvəlki VII qurultay 44 günlük müharibədən sonrakı ilkin şəraitdə keçirilmişdisə, VIII qurultay ölkəmizin öz suverenliyini tam təmin etdiyi şəraitdə baş tutur. Ölkəmizin təkbaşına yaratdığı bu yeni geosiyasi reallıqlar artıq qlobal miqyasda qəbul olunan inkaredilməz faktordur. Bu Zəfərin asan əldə olunmadığını vurğulayan ölkə rəhbəri ölkəmizin illər ərzində ciddi xarici təzyiqlərə, böhtan kampaniyalarına və sanksiya hədələrinə qarşı mübarizə apardığını bildirib. Lakin xalqın vahid mövqeyi və siyasi iradə qarşısında bu təxribatlar iflasa uğrayıb. Şanlı 8 Noyabr Zəfəri ilə yanaşı, 2023-cü il sentyabrın 20-də reallaşan lokal antiterror əməliyyatı da separatizmə və işğala son qoyan həlledici tarixi mərhələyə çevrilib.
Prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, Azərbaycanın böyük qələbələrinin təməli məhz 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması ilə qoyulmuşdur. O vaxt ölkə idarəolunmaz halda idi, xəzinə boşalmış, inflyasiya 1000 faizi ötmüş, Şuşa, Laçın və Kəlbəcər işğal edilmişdi. O dövrdəki AXC-Müsavat cütlüyünün yarıtmaz, təxribatçı siyasəti və vətəndaş qarşıdurması ölkəni fəlakətə aparırdı. Məhz belə bir ağır məqamda xalq müdriklik göstərərək nicat yolunu Ulu Öndər Heydər Əliyevdə gördü.
Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaqdan xilas oldu, beynəlxalq təcriddən çıxdı və "Əsrin kontraktı"nın imzalanması ilə ölkəyə böyük investisiya axını başladı. Prezident vurğulamışdır ki, illər keçdikcə taktiki və strateji məqsədlər yenilənsə də, Ulu Öndərin müəyyən etdiyi ana xətt dəyişməz qalır: müstəqillik, iqtisadi suverenlik, güclü hərbi potensial və milli maraqlara söykənən müstəqil xarici siyasət. Azərbaycan bu gün öz ayaqları üzərində möhkəm dayanaraq gələcəyə inamla addımlayır".