Ramiyə Məmmədova: Prezidentin mesajı açıqdır - “Bizim dayağımız özümüzük” – ÖZƏL
15:11 Siyasət"Prezidentin YAP-ın qurultayında çıxışı oldu. Bu çıxışın əsasında biz gördük ki, Prezident ölkənin həm xarici, həm də daxili siyasəti ilə bağlı milli maraqlara əsaslanan bütün əsas məqamları vurğuladı. Bu da onu göstərir ki, Azərbaycan indiyə qədər çox çətin vəziyyətlərlə üzləşib. Azərbaycanın 30 illik işğal dövründə necə ki, heç kimdən yardım ala bilməmişdisə, eyni zamanda 44 günlük müharibədə də yalnız öz xalqına, öz milli dəyərlərinə və öz ölkəsinə arxalanaraq problemini özü həll etdi. Prezident çıxışında da bunu dəfələrlə vurğuladı".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu, təbii ki, bir çox hallarda bir sıra ölkələrin xoşuna gəlməyən məqamdır. Çünki Prezident çıxışında açıq şəkildə bildirdi ki, biz heç kimə güvənmirik, heç kimə arxalanmırıq. Başqalarının "dayağı" ola bilər, ancaq bizim "dayağımız" elə özümüzük. Kimsə bizə heç bir yardım etmədən Qarabağımızı özümüz azad etdik və ehtiyac duyduğumuz hər şeyi də öz maddi gücümüz hesabına əldə etdik. Bütün bunların ifadə olunması Prezidentin həm milli maraqlarla bağlı fikirləri, həm də daxili siyasətlə bağlı xalqla tamamilə sərbəst söhbəti kimi qiymətləndirilə bilər.
"Xarici siyasətə gəldikdə isə, hər zaman deyilib və biz də demişik ki, Azərbaycanın ən yaxın dostları və tərəfdaşları var. Bu, qardaş ölkələr Türkiyə və Pakistandır. Təbii ki, digər ölkələr də var. Məsələn, İsrail kimi ölkələrdən biz silah almışıq. Ancaq bunların hər biri ilə biz öz maraqlarımız çərçivəsində münasibətlərimizi hər zaman qoruyur və saxlayırıq. Eyni zamanda, xarici siyasətdə Prezidentin vurğuladığı kimi, baxmayaraq ki, bizə düşmən kəsilən, bizim düşmənlərimizə dəstək verən ölkələr var, buna baxmayaraq, biz hər kəslə, yəni beynəlxalq aləmdə çox normal münasibətlər qururuq. Balanslaşdırılmış münasibətimiz, dostluq və tərəfdaşlıq əlaqələrimiz var. İqtisadi və siyasi baxımdan normal münasibətlərimizi qoruyuruq və bundan sonra da qorumağa davam edəcəyik. Sadəcə olaraq, bizim xarici və daxili siyasətimizlə bağlı məsələlərə qarışmalarına ehtiyac yoxdur. Çünki hər ölkənin öz siyasəti var. Təbii ki, Prezident bunları vurğulayarkən eyni zamanda 44 günlük müharibəni də xatırlatdı. Bununla demək istədi ki, bizim ən acılı günlərimizdə bizə yardım edən ölkələri də bilirik, bizə dəstək olanları da bilirik, pulla satın aldığımız şeyləri də bilirik və bizə qarşı çıxanları da bilirik. Prezident milli birlik və təhlükəsizlik məsələsini də bununla əlaqələndirdi. Biz hər zaman necə bir olmuşuqsa, 44 günlük müharibədə necə bir olmuşuqsa, elə də olmalıyıq. Çünki əgər biz inkişaf etmək, ölkəmizi önə çıxarmaq, beynəlxalq və qlobal aləmdə öndə olmaq istəyiriksə, milli dəyərlərimizə və öz millətimizə arxalanaraq irəli getməliyik", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova