VIII Qurultayın ən mühüm xüsusiyyəti onun tamamilə yeni tarixi şəraitdə keçirilməsi idi-Özəl
15:47 Siyasət"Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyi əlamətdar platforma kimi yadda qaldı. Müstəqillik tariximizin ən şərəfli və qürurlu dövründə keçirilən bu qurultay dövlətimizin əldə etdiyi nailiyyətlərin təqdimatı, yeni hədəflərin müəyyənləşdirilməsi və qarşıdakı dövrün inkişaf konsepsiyasının elan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı çıxışı isə ölkənin yaxın və uzunmüddətli perspektivlərini əhatə edən strateji yol xəritəsi kimi diqqəti cəlb etdi". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Paertiyasının İdarə Heyətinin üzvü Vazeh Əskərov deyib: "Prezident İlham Əliyevin vurğuladığı kimi, VIII Qurultayın ən mühüm xüsusiyyəti onun tamamilə yeni tarixi şəraitdə keçirilməsi idi. Cənab Prezident vurğuladı ki, "İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir." Bu qurultay suveren Azərbaycanın ilk qurultayı: Tarixi zəfərin siyasi təntənəsi kimi də tarixə həkk olundu. Bu fikirlər müasir Azərbaycan dövlətinin keçdiyi böyük yolun siyasi yekunu və tarixi Zəfərin ideoloji ifadəsi kimi səsləndi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş, regionda yeni reallıqlar yaratmış qüdrətli dövlət kimi inkişafının növbəti mərhələsinə qədəm qoyur.
Əgər ötən dövrün əsas vəzifəsi ərazi bütövlüyünün bərpası idisə, qarşıdakı mərhələnin əsas missiyası qalib Azərbaycanın daha da güclənməsi, vətəndaş rifahının yüksəldilməsi və dayanıqlı inkişaf modelinin dərinləşdirilməsidir. Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri sosial rifahın yüksəldilməsi oldu. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycanın inkişafının mərkəzində insan amili dayanır və sosial siyasət bundan sonra da dövlət fəaliyyətinin əsas prioriteti olacaqdır. Bu kontekstdə Cənab Prezidentin"Gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq" mesajı güclü dövlətin əsas göstəricisində vətəndaş rifahının dayanmasını bir daha vurğulayır. Bu mesaj təkcə sosial təminat paketinin genişlənməsi anlamına gəlmir. Bu, həm də dövlətin öz vətəndaşına verdiyi dəyərin, insan kapitalına göstərdiyi diqqətin və sosial ədalət prinsipinə sadiqliyinin bariz təzahürüdür. Bu gün dünyada iqtisadi və geosiyasi təlatümlərin davam etdiyi bir şəraitdə Azərbaycan dövlətinin sosial müdafiə tədbirlərini ardıcıl şəkildə genişləndirməsi ölkəmizin sosial yönümlü siyasətinin gücünü və davamlılığını nümayiş etdirir".