Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı-Özəl

"Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri olan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin keçdiyi mürəkkəb və şərəfli yolun, əldə olunan tarixi nailiyyətlərin və qarşıda dayanan vəzifələrin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultay Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ilə yadda qaldı. Bu qurultayın əvvəlkilərdən fərqli və mühüm cəhəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıqlar şəraitində keçirilməsidir. Prezident İlham Əliyev çıxışında məhz bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, ilk dəfədir YAP qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu fakt təkcə partiyanın deyil, bütövlükdə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan YAP ölkənin son dərəcə mürəkkəb ictimai-siyasi vəziyyətində dövlətçilik ideyasını siyasi platformanın əsas istiqamətinə çevirdi.

Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında Azərbaycanın son üç onillikdə keçdiyi yolu məhz bu tarixi kontekstdə dəyərləndirdi. Onun çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolu xüsusi yer tutur.

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq təcriddən çıxarılması və iqtisadi inkişaf üçün yeni imkanların yaradılması istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin çıxışında da bu mərhələnin sonrakı tarixi nailiyyətlərin təməli kimi təqdim edilməsi təsadüfi deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31