Qafqaz Müsəlmanları İdarəsi ABŞ-a çağırış etdi

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayaraq Amerika Birləşmiş Ştatlarının Suriya ərazisində hərbi əməliyyatlar barədə xəbərdarlıqlarına münasibət bildirib. "Media forum" saytına verilən məlumata görə, bəyanatda deyilir: "İnsanlıq əleyhinə cinayət törətmişlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını heç bir halda qəbul edə bilmərik. Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Bunun sonu görünməyən acı nəticə və gələcək fəsadlarını dünya Əfqanıstan və İraqın nümunəsində görməkdə davam edir.

Qafqaz Müsəlmanları İdarəsi ümidvardır ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqres bütün dünyadan səslənən "Müdaxiləyə yox" sədalarına biganə qalmayacaq və Suriyada hərbi əməliyyatlarla bağlı qərara yox deyəcək. Bu həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ prezidentindən də gözləntimiz məhz bu yöndədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00