Azərbaycanın hərbi gəmiləri Həştərxana yollanıb
Gəmiləri Rusiyanın kiçik artilleriya gəmisi müşayiət edir
3 Sentyabr 2013 16:27 SiyasətAzərbaycan hərbi gəmiləri sabah Həştərxana qeyri-rəsmi səfər edəcək. ANS PRSS-in İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Xəzər donanmasının komandan müavini, 1-ci dərəcəli kapitan Aleksandr Proxorov deyib: "Gəmilər artıq Bakını tərk edib. İndi onlar bizim kiçik artilleriya gəmisi ilə müşayiət olunur. Sentyabrın 4-də isə Həştərxana çatacaqlar".
Azərbaycandan 3 hərbi gəmi səfərə çıxıb. Cənubi hərbi dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, gəmilərə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov komandanlıq edir. Bir günlük səfər çərçivəsində RF Xəzər donanmasının komandanlığı və Həştərxan vilayətinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Azərbaycan dənizçiləri Heydər Əliyevin Həştərxandakı abidəsi və əbədi məşəl önünə əklil qoyacaqlar.
Xatırladaq ki, avqust ayının əvvəllərində Rusiyanın Xəzər donanmasının gəmiləri - "Dağıstan" raket gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi Azərbaycana gəlmişdi.