“Misirdə vətəndaş müharibəsi ola bilməz” - POLİTOLOQ

Zərdüşt Əlizadə: “İndiki hakimiyyətin yürütdüyü siyasət nəticəsində Misir bundan artıq təhlükələrlə üzləşəcək”

Misirin yeni hökuməti "Müsəlman Qardaşları" hərəkatının ölkədə fəaliyyətini qadağan etmək niyyətindədir. Ölkə hökuməti yanında Ekspertlər Şurasından Nazirlər Kabinetinə "Müsəlman qardaşlar"ın fəaliyyətinin qadağan edilməsi barədə sorğu daxil olub. Siyasi analitiklər hesab edirlər ki, quruma qarşı atılmış addımlar daxildə vətəndaş müharibəsinin başlanmasına şərait yaradacaq. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirdi ki, Misirdə vətəndaş müharibəsinin başlanması mümkün deyil. Çünki "Müsəlman qardaşları"nın silahı yoxdur, təşkilat yalnız təbliğat və təşviqatla məşğuldur. Hökumətin qərarı qurum üçün yeni vəziyyət deyil. Politoloqun sözlərinə görə, tarixin ayrı-ayrı dövlərində onun fəaliyyəti dəfələrlə qadağan edilib: "Müsəlman qardaşları" ölkədə əsasən İslam dininin və "Qurani-Kərim"in təbliğini həyata keçirir. Bu dini Misirdə qadağan etmək mümkün deyil. Qurum indiki vəziyyətdə yeni hakimiyyətin iç üzünü araşdırıb təhlil edir və onu açıb xalqa göstərir. Bunu da qadağan etmək mümkünsüzdür, Misir demokratik ölkədir. Hamı bilir ki, hökumət neftdən gələn pulları oğurlayır, bunu misirlilər çox gözəl bilir. "Müsəlman qardaşları" da cəmiyyətdə baş verən haqsızlıqlara qarşı mübarizə aparır. Hakimiyyət qurumun seçkilərdə iştirakını qadağan edə bilər, amma cəmiyyət arasındakı fəaliyyətinə qarşı çıxa bilməz. "Müsəlman qardaşları"nın ayrı-ayrı üzvlərinə Hüsnü Mübarəkin hakimiyyəti dönəmində də qadağalar qoyulmuşdu. Lakin təşkilat bütövlükdə fəaliyyət göstərirdi. Mübarəkin dövründə Misirdə baş verən haqsızlıqları Ədli Mənsur görmürdü, amma "Müsəlman Qardaşları" ona qarşı asanlıqla mübarizə aparırdı. Müsəlman Qardaşlarının faəliyyətinin qadağan edilməsi Misir üçün təhlükələrə yol açacaq. İndiki hakimiyyətin yürütdüyü siyasət nəticəsində Misir bundan  artıq təhlükələrlə üzləşəcək. Xalq axırda Mursinin qədrini biləcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00