Beynəlxalq təşkilatların qərəzli hesabatları - MİLLƏT VƏKİLİ

Jalə Əliyeva: “Human Rights Watch” kimi təşkilatlar, xüsusilə, seçkilər dövründə “fəallaşır”

"Human Rights Watch" da daxil olmaqla, bir sıra təşkilatların "hesabatları", "bəyanatları" ciddiyə alına bilməz, çünki onların ortaya qoyduğu "mövqenin" heç bir əsası yoxdur və ola da bilməz". Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, bu təşkilatların arxasında hər zaman Azərbaycandan öz maraqlarını təmin etməyə çalışan dairələr dayanır: "Human Rights Watch" kimi antiazərbaycan ruhlu qərəzli təşkilatların ölkəmizlə bağlı "hesabatları" artıq "adət" halını alıb və onların da heç birinin əsası yoxdur. "Human Rights Watch" kimi təşkilatlar, xüsusilə, seçkilər dövründə "fəallaşır", ölkəmizlə bağlı "hesabatlarını" daha da tündləşdirir, sərtləşdirirlər. Ancaq həmin qüvvələrin və onların Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqları təşkilatların cəhdləri alınan deyil, alınmayıb və bundan sonra da alınmayacaq". Millət vəkilinin sözlərinə görə, müstəqil xarici və daxili siyasət kursu yeridən, dünyada gündən-günə nüfuzu və çəkisi artan bir dövlət olaraq artıq Azərbaycanla təzyiq, təhdid dilində danışmaq mümkün deyil və əgər kimlərsə, hansı qüvvələrsə yenə də bu cəhdlərindən əl çəkməyəcəklər, növbəti dəfə uğursuzluğa düçar olacaqlar: "Human Rights Watch"-ın son "hesabatı" ilə də tanış olduqca, onların nə qədər qərəzli olduğu bir daha məlum olur. Çünki həmin "hesabatda" elə məqamlardan söz açılır ki, sadəcə, onlara adamın gülməyi gəlir. Olmayan məsələləri bu dərəcədə qabartmaq, şişirtmək yalnız və yalnız onların işi, "təxəyyülünün məhsulu" ola bilər. Ağlı başında olan bir təşkilat və onun başbilənləri bu kimi absurd və cəfəng iddialar ortaya qoya bilməz. Gərək reallıq və ədalət hissini nə qədər itirmiş olasan ki, bu kimi iddialarda bulunasan".
Xatırladaq ki, sözügüdən təşkilatın hesabatında bildirilir ki, Azərbaycan hökuməti ölkədə müxalifləri susdurmaq üçün məqsədli şəkildə siyasət yürüdür. Hökumətin apardığı bu siyasət ölkədə siyasi müxalifətin fəaliyyətini məhdurdlaşdırmağa, hökumətin fəaliyyətini tənqid edənləri susdurmağa və qeyri-hökumət təşkilatları üzərində nəzarəti daha da gücləndirməyə yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00