YAP rəsmisi müxalifəti tənbəl tələbəyə bənzətdi
2 Sentyabr 2013 14:38 Siyasət"Azərbaycan reallıqları içərisində qarşılaşdığımız çox vacib məqamlardan biri ondan ibarətdir ki, bizim rəqiblərimiz şəklində özlərini vətəndaşlara təqdim etmək istəyən və müxalifət adlanan qüvvələr seçki kampaniyasına çox primitiv, həvəssiz və qeyri-ciddi şəkildə yanaşırlar. Bəlkə də bu o qədər də dəqiq müqayisə deyil, amma demək istərdim ki, ciddi tələbələr imtahanlara il boyu hazırlaşırlar, tənbəllər isə imtahan günü imtahana hazırlaşmağı yadlarına salırlar və təbiidir ki, il boyu dərslərinə hazırlaşan tələbələrin əldə etdiyi nəticələrlə imtaha hazırlaşmağı imtahan günündə yadına salan tələbələrin nəticələri bir-birindən tamamilə fərqli olur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov səsləndirib. Bildirib ki, seçkilərə yanaşma tərzləri bir-birindən fərqli olan siyasi təşkilatların seçki kampaniyalarının nəticələri də fərqli olacaq: "Biz namizədimizi müəyyənləşdirmək problemi və ya sualı ilə qarşılaşmamışıq. Çünki bu bizim seçki ilə əlaqədar həyata keçirdiyimiz bütün hərəkətlərin baş sualı olub və bu sual bizim üçün həmişə aydın cavabı ilə yadda qalıb. Müxalifət düşərgəsində isə hər kəsin müşahidə etdiyi kimi, namizəd axtarışı, müəyyənləşdirilməsi, elan edilməsi seçkilərin vaxtı elan edildikən xeyli sonra da müzakirə predmeti olaraq qalmaqda idi. Çox böyük axtarışlardan sonra onlar seçki kampaniyasında iştirak etmək üçün namizəd tapıblar. Əlbəttə, bu, gülməli səslənir. Seçkidə iştirak üçün namizədi axtarmırlar və ya tapmırlar. Seçkidə iştirak etmək üçün namizədin axtarışı o deməkdir ki, elə bir namizəd mövcud deyil".