Dağınıq İbrahimbəyov, utancaq Həsənli, peşəkar Namazov
Rejissor və professorun heç birindən prezident olmaz, bunu onların özləri də bilir
30 Avqust 2013 18:31 SiyasətMilli Şuranın sədri Rüstəm İbrahimbəyov Rusiyanın "Vzqlyad" qəzetinə müsahibə verib. Rejissor nəşrə ikili vətəndaşlıq probleminin həll edilməməsi məsələsinə bu cür münasibət bildirib: "Putinə göstəriş verə bilmərəm ki, məni Rusiya vətəndaşlığından çıxar". R.İbrahimbəyov bununla bir daha may ayından bu günədək müxaliflətlə əyləndiyini sübut elədi. Rejissorun açıq şəkildə demək istəmədiyi məsələ budur ki, R.İbrahimbəyov ilk gündən Milli Şuranın vahid namizədi olmaq istəmir. Qurum isə rejissor fiaskosunu konpensasiya etmək üçün professor Cəmil Həsənlinin namizədliyinin üzərində dayandı. Yəni onun dublyorunun yaratdı. İbrahimbəyov kimi C.Həsənli də peşəkar siyasətçi deyil. Qurum üzvü olanadək professor yalnız araşdırmaçı alim kimi fəaliyyət göstərib, AMEA-da elmi əsərlərini müdafiə edib. Cəmil bəy Milli Şuraya Ziyalılar Forumundan qatıldı. Dəqiq idi ki, professor quruma hər hansı bir siyasi məqsədi olmadan üzv olub. İbrahimbəyova qədər bir dəfə də olsun MŞ daxilində aktiv fəaliyyət göstərməyən C.Həsənli ara-sıra verdiyi açıqlamalarla müxalifət mətbuatında göründü. Bu isə onun siyasi sahənin peşəkarı olmadığını isbat edir. R.İbrahimbəyovun namizədliyinə qarşı çıxan əsas üzvlər "Turan" İA-nın rəhbəri Mehman Əliyev və Müsavat Partiyasının başqanı İsa Qəmbər idi. Bu iki şəxs qurumun vahid namizədi postuna iddialıdır. Lakin onların namizədlik məsələsi Eldar Namazov-Əli Kərimli dueti tərəfində qəti şəkildə rədd edildi. Çünki C.Həsənli və R.İbrahimbəyovdan fərqli olaraq digər üzvlər müəyyən qədər müstəqil qərarlar qəbul etmək iqtidarındadırlar. C.Həsənli və R.İbrahimbəyov da məhz asan idarəedilə bilən fiqurlar olduğu üçün Milli Şuraya gətirildilər. Çünki Azərbaycan müxalifətində 20 illik siyasi təcrübəsi olan İsa Qəmbər Namazov və Kərimli üçün asan həzm olunan yem deyildi. M.Əliyev də müəyyən qədər mətbuat adamı kimi siyasi proseslərdən baş çıxarırdı. İbrahimbəyov isə ən yaxşı halda yazdığı ssenarilərdə, Həsənli isə tarixi kitablarda siyasət anlayışından xəbərdar idilər. E.Namazov bu iki adamın psixoloji portretlərini əvvəlcədən cızmışdı. Rejissor və professorun məşğul olduqları sahələrə görə qiymətləndirilməsi Namazov tərəfindən ən asan işdir. Adətən yazıçılıq və ssenari sahəsində çalışan adamlar ikili fikirlərlə sahib olurlar. İnsanlarla münasibətində bir dediyi söz ondan sonra qurduğu cümlə arasında işlətdiyi fikirlərlə üst-üstə düşmür. Çox vaxt onlar səhv qərarlar qəbul edirlər. İlk vaxtlardakı maraq və çılğın emosionallıq sonradan onları yormağa və qərarını dəyişməyə məcbur edir. Belə insanlar tez yorulur və çalışdıqca rəsmiyyətdən uzaqlaşıb dağınıqlığa üz tuturlar. Rejissor və yazıçı kateqoriyasına daxil olan adamlar özlərini ən yaxşı halda kino və kitab yazmaq sahəsində təsdiq edə bilirlər. Nəyinsə xatirinə onların üz tutduqları tamam başaqa sahələr isə sonda onların uğursuzluğu ilə nəticələnir. Mədəniyyətdən fərqli olaraq elm adamları stabilliyi və oturaqlığı xoşlayır. Bu cür insanlar reallıqda insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Hər şeyə elmi nöqteyi-nəzərdən yanaşdıqlarından adi bir insanın onun bilmədiyi dildə danışması alim, və ya professoru utandıra bilir. Belə insanlar yalnız məşğul olduğu sahə onu yorduqda park, ya da ki, bağlarda istirahət etməyə çıxırlar. Həmin əsnada təsadüfü tanışlıq onun üçün göydəndüşmə şans sayılır. Fikrini dağıtmaq istəyən elm adamı üçün tanış olduğu adamın istədiyi təklifə müsbət münasibət bildirməsi ehtimalı 100%-dir. Nisbi utancaqlıq sindromu da məsələdə xüsusi əhəmiyyətlidir. Utancaq adamı istənilən istiqamətə yönəltmək isə ən asan işdir. Lakin həmin tanışlıq yorğunluğun aradan qalxmasınadək davam edir. İstirahət müddətinin başa çatmasından dərhal sonra onlar yenə də aid olduqları yerə qayıdırlar. Yəni ki, elm xaricində onların can atmaq istədikləri şeylər səthi istəklərinin təzhürü formasıdır. Elm damaları üçün "ya elm, ya da ki heç" prinsipi əsasdır. Yəni ki, R.İbrahimbəyov və C.Həsənlinin namizədliyi sırf E.Namazovun aldığı tapşırıqlar üzərində siyasi ambisiyalarını ortaya qoyur. Rejissor və professorun heç birindən prezident olmaz. Bunu onların özləri də bilir.
Ömər Zamin