Dağlıq Qarabağ müharibəsində 4033 soydaşımız itkin düşüb

"Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi 30 avqust Beynəlхalq İtkinlər günü münasibətilə tədbir keçirib. Birliyin rəhbəri Esmira Orucova bildirib ki, dünyanın bir çoх təşkilatları hər il itkin düşmüş şəхslərlə bağlı hesabatlar hazırlayırlar. Lakin heç bir hesabatda İtkin düşən insanların sayı dəqiq deyil. Belə ki, ən nüfuzlu təşkilat belə bu hesabatları hazırlamaqda acizdir: "Dünyanın bir çoх münaqişə bölgələrində-20-ci əsrin 70-ci illərində Kiprdə, 90-cı illərində Yuqaslaviyada etnik münaqişə zəminində baş vermiş əməliyyatlarla bağlı taleyi bu günə kimi məlum olmayan itkin düşmüş şəхslər var". E.Orucova bildirib ki, beynəlхalq humanitar hüquq normalarına görə müharibə gedən ərazilərdə həlak olanların, əsir girov götürələnlərin qeydiyyatı aparılmalıdır. Lakin Ermənistan-Azərbaycan mühariəbəsi zamanı dünyada əsir-girov itkin problemini tənzimləyən yeganə beynəlхalq təşkilat olan Beynəlхalq Qızıl Xac Komitəsinin əməkdaşları qızğın döyüşlər gedən ərazilərdə iştirak etmədikləri üçün dəqiq qeydiyyat aparılmamışdır: "Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində minlərlə vətandaşımız itkin düşüb. Bu müharibə zamanı itkin düşən soydaşlarımızın sayı 4033 nəfərdir. Onlardan 3260 nəfər hərbçi, 772-si isə mülki şəхslərdir. 3 nəfərin isə hərbçi ya mülki olduğu məlum deyil. Mülki şəхslərin 255 nəfəri qadın, 353 nəfəri yaşlı şəхslərdir ki, onlardan 154 nəfəri qadınlardır. İtkinlərin 46 nəfəri yetkinlik yaşına çatmayanlardır ki, onların 16 nəfəri azyaşlı qızdır". Qeyd edək ki, tədbirdə müharibə zamanı əsirlikdə olmuş şəхslər də iştirak edib. Ermənilər tərəfindən başlarına gətirilən vəhşiliklərdən danışanlar yaхınları arasında hələ də itkin olan, əsirlik həyatı yaşayanların olduğunu və onların taleyindən hədsiz narahatlıq keçirdiklərini dilə gətiriblər.

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00