QHT Əməkdaşlıq Alyansının Qəbələdə forum keçirib

Alyans region əhalisini aktivliyə səslədi

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili" layihəsi ilə bağlı növbəti ictimai forumu Qəbələ şəhərində keçirib. "Azad və ədalətli seçkilər: demokratiyanın əsas qalası" forumunda QHT Əməkdaşlıq Alyansının həmsədri, layihənin rəhbəri Rufiz Qonaqov məruzə edib. O, bildirib ki, vətəndaş cəmiyyəti institutları seçki prosesinə ümumi nəzarəti həyata keçirməklə, seçki mühitinin, seçki rəqabətinin, seçki subyektlərinin fəaliyyətinin monitorinqini aparmaqla və obyektiv hesabatlarla seçkilər haqqında qərəzsiz rəy formalaşmasına yardım edə bilər. Belə ki, məqsədimiz real və demokratik seçki mühiti ilə bağlı həm yerli ictimaiyyət, həm də beynəlxalq təşkilatlar üçün obyektiv hesabatların hazırlanmasıdır: "İctimaiyyətin və yerli, regional vətəndaş cəmiyyəti institutları ilə birgə keçirdiyimiz bu forumun məqsədi demokartik seçki mühitinə dəstək verməkdir. Bəzən şahid oluruq ki, bəzi beynəlxalq təşkilatlar ölkəmizə ikili münasibət sərgiləyir. Vətəndaş cəmiyyəti sektoru bunu yolverilməz hesab edir və vətəndaş cəmiyyəti sektorunun, QHT-lərin qarşısında duran əsas vəzifə belə münasibətlərə qarşı etiraz etmək, bu münasibətlərin dəyişilməsinə nail olmaqdır. Ona görə də QHT-ləri, vətəndaş cəmiyyətinin digər instiutlarını, yerli icmaları seçkidə aktiv iştirak etməyə çağırırıq. Biz dövlətimizin müsbət imici, demokratik inkişafı üçün daim çalışmışıq və bundan sonra bu istiqamətdə fəaliyyətimiz davam etməlidir". 
Sonra Alyansın həmsədri aparılan monitorinqlə bağlı Rəfail Becanov çıxış edib: "Vətəndaş cəmiyyəti sektoru seçki prosesində fəallıq göstərməklə, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün zəmin hazırladığı kimi seçki mühiti ilə bağlı da ümumi müsbət rəyin formalaşmasını təmin etməkdə maraqlıdır. Bu gün seçki prosesi, seçkidə iştirak edən siyasi qüvvələrə, namizədliyə iddia edənlərə şərait yaradılır və hər hansı qadağa yoxdur. Biz bütün bunları müşahidə edirik və ekspertlərimiz diqqətlə izlədikləri ümumi mənzərə ilə bağlı hesabat üzərində işləyir. Hazırlanan hesabat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. QHT-lər, seçicilərin fəallığına dəstək verməli, onları ölkəmizin gələcəyi naminə doğru seçim etməyə istiqamətləndirməlidir".
Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev tədbirdə çıxış edib. O bildirib ki, vətəndaş cəmiyyəti seçki prosesində aktiv iştirak etməklə, ictimai nəzarəti həyata keçirir. Bu bizim üçün, vətəndaş cımiyyətinin nüfuzunun artması baxımından da əhəmiyyətlidir: "QHT Əməkdaşlıq Alyansının bu fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu forumun məhz Qəbələdə təşkil olunmasına görə, Alyans rəhbərliyinə təşəkkür edirik".
Forumda çıxış edən QHT Əməkdaşlıq Alyansının üzvü, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Mehriban Abdullayeva bildirib ki, Alyansın apardığı seçki monitorinqi cəmiyyətin demokratikləşməsinə və şəffaf seçkilərə verilən ən böyük dəstəkdir. Cəmiyyət fəallaşdıqca demokratik dəyərlərimiz də möhkəmlənəcək.
Daha sonra Alyansın üzvü, QHT rəhbəri Rəsmiyyə Vahidova, ictimai fəallardan Tərbiyə İsayeva, Sərxan Şükürov, Gənclər və idman idarəsinin məsul əməkdaşı Mübariz Ağayev və  digərləri çıxış edib. Çıxışçılar QHT Əməkdaşlıq Alyansının layihəsinin əhəmiyyətini və görülən işləri, aparılan monitorinqi yüksək qiymətləndiriblər.
Forumdan əvvəl isə Alyansın monitorinq qrupu Şəki-Zaqatala bölgəsində olub. Hazırda isə monitorinq qrupu Şamaxı-İsmayıllı bölgəsində  monitorinqi davam etdirir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00