Nağayracuğaa???

Özü də bilmirdi. Qonşu masada əyləşmiş afrikalılardan çox danışır. Şikayət edir. Deyinir. Balaca siçovul kimidir. Bir dəqiqə sakit durmaqla arası yoxdur. Nəhayət sakitləşdi. Əyilib qulağıma pıçıldadı: "Başa düşmürəm, bu afrikalı zəncilər səhərdən nə dır-dır salıblar e?" Sualın cavabını gözləməyib salfetləri əlində əzməyə başladı. Bilirdi ki, cavab verməyəcəm. Mobil telefonunu çıxarıb saata baxdı. Çantasını eşələdi, qurdaladı, axtardığını tapa bilmədi. Mənisə başqa sual düşündürürdü. Görəsən, afrikalıların dilində "dır-dır" sözü var, varsa mənası nədir, yox əgər təkcə bizdə varsa niyə onlarda yoxdur? Üzümə baxıb hey bir qıraqdan söz üyüdür. Nasaz dəyirman daşına oxşayır, ağzından sözü əzmədən çıxarır. Nə gəldi danışır. Eşitmirdim. Sözə bax, "dır-dır". Bu ki əladır. Yeni kəşf eləmişdim, yox əgər mən kəşf eləmişdimsə, bəs o niyə demişdi? Demək ki, məndən qabaq bir çox adam bilir, mən eşitməmişdim. Əgər bilirdilərsə, mənə niyə demirdilər? Məncə, axmaq sual oldu. Yaxşı ki, heç kəs eşitmədi. Qəribə adamam. Ucadan deməmişdimsə, kim eşidəcəkdi?  Gedirik. Yenə danışır. Dediyinə özü gülür. Mən də gülürəm, görəsən niyə Sərkisyanın qulaqları peyk antenasına oxşayır? Həyat nə qədər mənasızdır. Dünya saxta oyuncaqlar istehsal edən Çin fabrikidir, insanların sayını günü-gündən çoxaldır. Kəmiyyət artdıqca keyfiyyət aşağı düşür. Nədənsə həmin an yanımda olub, amma olmayan insana qibtə etdim. Həqiqətən də o dünyaya gəlməmişdi. Nə vaxtsa hardasa doğulacaq, mən bilməyəcəm. Bəlkə də bir günahın doğranmış abortu olacaq. Hələlik isə o yoxdur. Xoşbəxt görünür. Ona paxıllıq edirəm. Çatdıq. Getdi. Evə qayıdıram. Çiyinlərimdən ağır yük götürülmüşdü. Özümü xoşbəxt hiss edirdim. Bircə evə çatsaydım, nəsə yazardım. Yazmağa elə bir mövzu da yoxdur. Siqaret yandırdım. Həqiqətən o yanırdı. Çünki mən onun filterini tərsinə tutmuşdum. Maraqlı gəldi. Çəkdim, amma siqareti bu vəziyyətdə çəkmək Brunonu diri-diri tonqalda yandırmaq kimi bir şeydir. Var gücümlə çəkdim tüstü çıxmadı. Yazığım gəldi. Əyilib məndən incimiş siqareti səkinin kənarındakı çatın içərisində dəfn etdim. Başqasını yandırdım. Tüstülənir. Qabağa üfürdüm, amma külək tüstünü itələyib məndən arxadakı hava boşluğunda yoxa çıxardı. Birdən, ya da ki, tədricən yoxa çıxmaq nə yaxşıdır. İnsan isə xəstələnir və əzab çəkə-çəkə ölür. Evdəyəm. Qapını açıb özümü güclə divana tulladım. Televizor: "R.İbrahimbəyov Dağıstana kino çəkməyə gəlib". Söndürdüm. Fikirləşdim, rejissor idisə, niyə siyasətçi olmaq istədi, yox əgər siyasətçi olmağı istəmişdisə, niyə rejissor oldu? Məzəli işdir. Məncə, "Məzəli" sözünün yerinə "gülməli" olsaydı, cümlə daha düzgün olardı. Görəsən, niyə kinonu Dağıstanda çəkir? Nağayracuğa? Heç nə! O boyda Rusiyada yer qəhətə çəkilib? Maraqlıdır, rejissor kino, yer isə qəhət çəkir. Bəlkə sərhədi pozub bura gəlmək istəyir? Çevik deyil. Qocalıb. Siqaret və içki yəqin ki, taqətdən salıb. Durbini əlinə alıb prezidenti ola bilmədiyi ölkəyə həsədlə də baxa bilərdi. Günah özündədir. Çox qaynayan bozbaş qazanının axırda öz dibini yandıracağını bilməliydi. Cümləni dəyişim, çox bişən həftəbecərin qazanının dibinə yapışacağını bilməliydi. Belə daha yaxşı çıxdı. Ruhum Dağıstana uçdu və tutdu Rüstəm bəyin yaxasından: "Nə demək istəyirsən?" Bu lap tərbiyəsizlik oldu. Qoca adamdır, nə işin var. Əlimi yaxasından çəkib geri qayıtdım. Yavaş-yavaş uçdu. Sakitcə qənşərində yerə endi. Qarşımda dayanan Rüstəm bəyi sağla öz, sol gözümlə isə Cəmil Həsənlinin simasında gördüm. Toranlığı birtəhər qovdum. Əvvəlcə hal-əhval tutdum. Sonra belə dedim: "Xeyir ola bəy, nə əcəb sizdən?" Dedi ki: "Gəlmişik kino çəkməyə, başqa şey ağlınıza gəlməsin". Azacıq başımı yana əyib dodaqaltı mızıldandım: "Guya gəlsəydi nə olacaqdı?" Dedi: "Nə dedin?". Niyə belə elədim? Hər halda fikirdir. Heç kəsin xəbəri olmadı. "Heç elə belə, yəqin Moskvada da hava soyuqdur?" - dedim və yalandan Jirnovski sayaq irişdim. Həəə! Barmağımı dişlədim. Niyə dişlədim? Təəccüblənəndə barmağı dişləmək çox axmaq adətdir. Demək, bu Jirnovski... ay səni vələduzina! Həyatda iki şeyə inanmıram, birincisi adam olmağını görmək istədiyim insanın nə vaxtsa adam olacağına inanmağıma. Məsələn, çöpçü Kombayn əmiyə. İkincisi Hafiz Hacıyevlə Jirnovskiyə. İkisinə bir yerdə. Ayrı-ayrılıqda desəydim üç şeyə inanmayacaqdım. Rejissorun Dağıstana gəlməyini şərh etmək isə siyasi savadsızlıqdır. Çünki, Moskvada hava soyuqdur, ikincisi də onun bir üzünü Cəmil bəyə oxşar vəziyyətdə gördüm. Ola bilsin ki, Rüstəm bəy Dağıstana gəlməklə ictimaiyyət və mediada elə təsəvvür yaratmaq istəyir ki, guya Kreml Azərbaycanla bağlı gizli plan hazırlayır. Guya Rüstəm bəy də bu səbəbdən Dağıstandadır. Yox, həqiqətən də Moskvada hava soyuqdur. Putin əlilə aparıb Əsədi qurdun ağzına verib. Halı o yerdə deyil. Rüstəm bəy isə geriyə kəsin dönüş edib, kino çəkməyə başlayıb. Əlidən olub, Vəlini isə əlindən buraxmaq istəmir. Hafiz Hacıyev niyə elə dedi e: "Prezident seçilsəm, Qarabağı altı aya geri qaytaracam". O kimdi, səsini atıb başına oxuyur: "Telloyu çal, Əjdər əmi! Çal oynasın Əjdər əmi".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00