Əhməd Oruc: “Hesab etmirəm ki, bu gün onlar o mənəvi borcu öz üzərilərində hiss etsinlər”
29 Avqust 2013 16:19 Siyasətİndiyə qədər ölkədə keçirilən əksəriyyət seçkilərdə, eləcə də 2003-cü ilin prezident seçkilərində Müsavat Partiyası və onun namizədini dəstəkləyən Əhməd Oruca bu seçkilərdə namizədlə iştirak etməmək qırarı verən Müsavatın da dəstək olacağı bildirilir. İddia edilir ki, əksər müsavatçılar bunu özlərinin mənəvi borcu hesab edirlər. Bəs görəsən Azadlıq Partiyasının sədri bu barədə nə düşünür və müsavatçıların dəstəyinə ümid edirmi? "OLAYLAR"-a verdiyi açıqlanmada Azadlıq Partiyasının sədri Əhməd Oruc isə müsavatçıların belə bir addım atacaqlarına inanmayıb: "Hesab etmirəm ki, bu gün onlar o mənəvi borcu öz üzərilərində hiss etsinlər. Çünki siyasi proseslərdə onlar o qədər adama atıblar ki, mənəvi borc deyilən məhfum onlar üçün itib. Hesab etmirəm ki, onlar "zamanında Əhməd Oruc bizi dəstəkləyib, biz də indi Əhməd Orucu dəstəkləyək" məntiqindən çıxış etsinlər. Əgər milli, əxlaqi dəyərlər, əqidə məsələsi qüvvəsində qalsaydı, ən azından mənim əleyhimə fəaliyyət aparmazdılar. Dünən bir yerdə olduğumuz, onları cəmiyyətin qınağından qoruduğumuz şəxslər bu gün qurşaqdan aşağı zərbə vurmaqla nəsə qazanmağa çalışırlar". Partiya sədrinin sözlərinə görə, bu gün AXCP və Müsavat Partiyasında təmsil olunan insanların hamısı bilir ki, hamı qaçıb gizlənəndə o, ortada, meydanda olub: "Ən çətin vəziyyətlərdə meydanda toplumun idarə edilməsi, müəyyən kəskin qərarların qəbul olunmasında öz sözümü demişəm. Həmin liderlər isə prosesləri bir qədər məsafədən idarə edib, proseslər durulandan sonra meydana gəliblər. Biz uzun müddət həmin insanları dəstəkləmişik. Ancaq görünən odur ki, onların heç biri cəmiyyətdə o qədər tanınmayıb. Eyni zamanda onların mətbu orqanları da həmişə bizim əleyhimizə işləyib".