Məncə də

Çarlz Bukovski: "Bu onların nəyinə lazımdır? Bütün bu olanlarda nə bir zərrə cəsarət, nə də qəhrəmanlıq var idi. Bunların hamısı rəzil əyləncə xətrinə təşkil edilmişdi. Bəs böyüklər harada itib-batıb? Ağıllılar və böyüklər hardadı bəs? Soruşuram, bizləri utandırmağa və danlamağa həmişə hazır olan böyüklər hardadır?!" İndicə burada idilər. Bax, onlar buradadırlar. Birinin adı Rüstəm, digərininki Cəmil... rejissor və dramaturq... mədəniyyət və elm. Müxalifətin 20 illik yükünün çiyinlərinə şəllənilən  iki fərqli adam. Biri radikal, digəri humanist, biri şəxsi konfliktə görə qisas alovu ilə yanarkən, digəri sevmədiyi havaya könülsüz əl qaldırıb süzür. Aldadan, aldanan... Rüstəm pərvazsız şəkildə, ən ölgün hərəkətsizliyini ağ kəfəninə hopdurmuş narahat ruh kimi birdəfəlik rədd etdiyi torpaqlara şığımaq istədi. Gəlmişdi, Tiflisdə idi, görənlər də olmuşdu. Getdi. Narahat görünürdü. Nəyisə bacarmayacağına əmin olduğu üçün geriyə də baxmadı. Coşdu, qulaqlarına pıçıltı ilə deyilən sözləri təkrarladı, özünün sözü olmadı, dedi, dedi, dedi... və bacarmadı, hətta hədələdi də. Ssenari yazdı, əlində olan aktyorları beynində yaratdığı xarakterlərə uyğunlaşdırmağa çalışdı. Alınmadı. Aldatdı. Qeyri-ciddi idi. Alınmadığı üçün dağınıq fikirlərilə onları inandırmağa çalışdı ki, ölümün olduğu bu dünyada heç nə ciddi deyil. Başqa işlərlə məşğul olun. Fikirləri dağınıqdır. Yoxsa ki, əsəblərin tarım çəkildiyi bir vaxtda jurnalistin ona ünvanladığı suala "Yeni ssenari üzərində işləyirəm, vaxtım yoxdur" deyə cavab verməzdi. Ssenari yazmaq onun işidir. Son səkkiz ildə isə cəmisi bir kino çəkib. Kino işində də işləri o qədər də yaxşı sayılmaz. Siyasət onluq deyildi. Amma indiyədək çəkdiyi filmlərdə yaratdığı xarakterlərin hərəsindən bir şey oğurlamışdı. İstəmədiyi halda gülür, əsəbləşir, ürəyinin ən dərin qatlarında gizlətdiyi ehtirasları üzə çıxarıb, özünəməxsus jarqonlarla yalanlarına inandırmağa çalışdığı insanlara əsl sehirbaz təsiri bağışlamağı bacarırdı. Səhnənin son pərdəsində kiçik tablet üzərinə qoyduğu yekə silindir şlyapadan dovşan çıxmalı idi. Pərdə qalxanda personajlardan biri kulis arxasından çıxıb papağı dəyişdi. Tamaşaçılar zülmətə və qarışıq dekorasiyanın mürəkkəbliyinə qarışmış qaraya yaşmanmış onu görə bilmədi. Əlindəki sehirli çubuğu üç dəfə vurdu. Dovşanın qulaqları göründü. Əl atdı, çəkdi və çəkdikcə uzanan qulaqların əslində adi əski parçaları olduğu bilindi. Qışqırıq və narazılıq ifadə edən fit səslərinə boğuldu. Təkcə bir nəfər gülür, səs kulisin arxasından gəlirdi. Tükürpədən şeytani gülüş səslərə qarılmışdı, eşidilmirdi. Şarlatan! Yox, yox yox... o şarlatan deyil. Özü belə istəmişdi. Yorulmuşdu. İstirahət etmək istəyirdi. Saatlarla hərəkətsiz şəkildə yerinə uzanmaq və heç danışmamağı hər şeydən çox arzulayırdı. Fikirləri dağınıq insanların hamısı belədi, yaranmış vəziyyət işinə gəlməyəndə "Ya Allah" deyib qaçırlar. Əmin idi, nə aktyorları, nə də ki, özü oyunun axırını gətirə bilməyəcəklər. Əsla ki şarlatan deyil. Rejissordur, yeri gələndə peşəkar aktyor. Əla qrim ustasıdır. Aktyorun səhnədə Yutlandiya haqqında utopiyaya tamaşaçını inandırması üçün peşəkarcasına qrimlənməsi əsas şərtdir. İzləyici qarşısına çıxanda mimikanın düzgün quruluşu da son dərəcə əhəmiyyətlidir. Çox vaxt tamaşaçı səhnədə aktyorun oynadığı rola yox, onun hadisələrə verdiyi reaksiyaya inanır. Reallıqda və səhnədə baş verən fəlakəti əvvəlcədən hiss edib aradan caymaq xüsusu peşəkarlıq tələb edir. Resjissor qurduğu tamaşada belələrinə üstünlük verir. Bir az əvvəl qaçdı. Arxa qapıdan çıxdı. Qoca səhnədən çıxıb qaçanda razılıq bildirən əl hərəkətilə onun çiyinlərinə toxunmağını heç kəs görmədi. Az sayda tamaşaçı yeni oyun istədi. Yaşmaqlı adam göründü. Gözlərində eynək var. Sağ əlini havada yelləyib səhnəyə çıxmağa zorla razı salınmış professor pərdə qarşısında görünəndə bəzi tamaşaçılardan gedənlər də oldu, "bəlkə maraqlı oldu" deyib qalanlar da tapıldı. Alqışlar. Qaçsın? Qaçmayacaq. Bəlkə də lazım deyildi. İnamsız görünür. Məncə də... Lənət şeytana. İnsan çətinliyə düşəndə ən böyük günahkar Tanrı və Şeytandır. Heç kəsin insanı günahkar bilərək ittiham etmək ağlından belə keçmir. Ssenari belədir: professor da rejissor kimi axırda qaçacaq və səhnədəki bütün personajlar çıxış yolu üçün intihar edəcəklər. Nədən başlasın. Bilmir. Bir az utanır deyəsən. Onun yeri bura deyil. Özü də bilirdi. Zorla itələyib səhnəyə salıblar. Arxadan itələyəni bir əlinə keçirsə, bilirdi başına hansı oyunu açacaq. İrəliyə getmək üçün arxadan qabağa doğru itələmişdilər. Sadəcə elə zənn edirdi. Bu ki əsl intihardır. Çünki arxadan itələnəndə səhnədə tək qalmışdı. Nə başlayacağı, nə də ki, bitirəcəyi cümlələrin replika verəni belə yoxdu yanında. Tək adamla tamaşa qurub boş zal qarşısına çıxmaq ağılsızlıqdır. Boş qazana aclar əl aparar. Professor az sayda tamaşaçının üzündəki narazılıq cizgilərini görəndə qəti şəkildə bilirdi, bacara bilməyəcək. İşıq, pərdə və son. Paklona ehtiyac yoxdur. Heç nə!

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00