“Rusiyanın NATO-nun qarşısına çıxmağa gücü yoxdur”

Vəfa Quluzadə: “Moskva İran və Şimali Koreya ilə blok yaratmaq istədi, amma bacarmadı”

İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayaraq onu Qərbin Suriyaya mümkün hərbi hücumunun qarşısını almağa çağırıb. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə bildirib ki, Rusiyanın ABŞ-ın Suriyaya edəcəyi müdaxilənin qarşısını almağa gücü çatmaz. Moskvanın məsələ ilə əlaqədar bəyanatlar səsləndirməkdən başqa heç bir variantı olmayacaq. Kreml Qərb cəbhəsinin Suriyaya daxil olmasına razı deyil. V.Quluzadə hesab edir ki, Moskvanın bütün istəklərinə baxmayaraq ABŞ Suriyaya müdaxilə edəcək. İran isə çıxılmaz vəziyyətdə qalıb. Rəsmi Tehranın Əsədə yönəlik edəcəyi köməyin zərbəsinin İranın başına dəyəcəyini deyən analitikin sözlərinə görə, İranın məsələyə açıq şəkildə qarışması dəhşətli müharibənin başlanğıcı olacaq: "Rusiyanın Suriyadan geri çəkilməsinin səbəbi onun həddindən artıq zəif olması idi. Rusiya imperiyası iki dəfə çöküb. Birinci dəfə 1917-ci ildə çökən Rusiya bir də 3 ildən sonra özünə gəldi. İkinci dəfə isə Rusiya SSRİ-nin parçalanması ilə çökdü. İndi də Rusiyanın 71 il əldə etdiyi bütün qüvvəsi tükənib. Bu gün də federasiya çökür. İndiki Rusiya isə çökmüş iki imperiyanın varisidir. Ona görə də RF-nın bu gün ABŞ və NATO-nun qarşısına çıxmağa heç bir gücü yoxdur. Kreml Şimali Koreya, İran və Hindistanla Qərbin əleyhinə blok yaratmaq istədi, amma bacarmadı. Ona görə də bu gün Rusiya tamamilə çarəsiz vəziyyətdə qalıb". ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00