Rusiya bir də Yaxın Şərqə qayıda bilməyəcək
Elxan Şahinoğlu: Moskvanın Əsədə verdiyi dəstəyi heç kəs yadından çıxarmayacaq”
29 Avqust 2013 14:36 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "ABŞ-ın Suriyaya müdaxilə planı qarşısında Rusiyanın sərgilədiyi mövqe" məsələsinə "OLAYLAR"da aydınlıq gətirdi. E.Şahinoğlu: "Rusiyanın Bəşər Əsədi ABŞ-a təhvil verməkdən başqa çarəsi qalmadı. Kremlin bundan artığına gücü çatmadı. Beynəlxalq koalisiyanın verdiyi qərar qarşısında Rusiya tək idi. ABŞ, Fransa, İngiltərə, Türkiyə, NATO və Ərəb dövlətləri həmin qərara imza atan qüvvələrdir. Rusiya heç vaxt bu güclərlə üz-üzə gəlməyi arzu etməz. Kreml vətəndaşlarını ona görə bu ölkədən çıxardı ki, Suriyaya hərbi müdaxilə qaçılmaz olacaq. Rusiya ən yaxşı halda BMT TŞ-də veto hüququndan istifadə edəcək. Amma beynəlxalq koalisiya Suriyaya müdaxiləni TŞ-dan kənar müzakirə edir. Suriyaya müdaxilənin Kremlin əleyhinə olması Rusiyanın ABŞ qarşısında məğlubiyyəti deməkdir. Rusiya tamamilə bu bölgədən sıxışdırılıb çıxarılacaq. Suriya Rusiyanın Yaxın Şərqdəki əhəmiyyətli mövqelərindən biri idi. İki dövlət arasındakı əlaqələr SSRİ-nin dönəmindən başlayıb. Keçmiş diktator Hafiz Əsədin də Sovet İttifaqı ilə sıx əlaqələri olub. Aydındır ki, Bəşər Əsədin devrilməsindən sonra Suriyada formalaşan yeni hakimiyyət Rusiya ilə münasibətlər qurmayacaq. Çünki Moskvanın Əsədə verdiyi dəstəyi heç kəs yadından çıxarmayacaq. Qəddafinin devrilməsindən sonra da Liviya eyni münasibəti Rusiyaya göstərdi. Rusiya Suriyadan da sıxışdırılıb çıxarılandan sonra onun Yaxın Şərqdə dayanacağı da olmayacaq". ("OLAYLAR" İA)