Suriyada kimyəvi silahı ABŞ istifadə edib
Cümşüd Nuriyev: “Mərkəzi Kəşfiyyat İdarəsi də Bəşər Əsədin telefon danışığını istədiyi kimi montaj elədi ki, Suriyaya müdaxilə üçün əlində kifayət qədər yalançı faktlar olsun”
29 Avqust 2013 14:13 Siyasət"ABŞ-ın Suriyaya müdaxilə etməyə heç bir əsası yoxdur. İraq müharibəsindən sonra ABŞ-ın kəşfiyyat orqanlarına inam qalmayıb. ABŞ müxalifətin əli ilə İngiltərə və Fransadan gətirilmiş ərəblər vasitəsilə Suriyada kimyəvi silahdan istifadə etdi. Həmin hadisəni də MKİ videogörüntüyə alıb yaydı və bunu Bəşər Əsədin üzərinə yıxdı". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyevin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsi də Bəşər Əsədin telefon danışığını istədiyi kimi montaj elədi ki, Suriyaya müdaxilə üçün əlində kifayət qədər yalançı faktlar olsun. ABŞ-İngiltərə-Fransa üçlüyünün əsas məqsədi Yaxın Şərqin ən qədim ölkələrini ələ keçirməklə onun tarixi abidələrini qənimət kimi mənimsəməkdir. Politoloq hesab edir ki, bu dövlətlər Suriyanın muzey materiallarını oğurlayırlar: "İndiyədək Misirdə ən qədim və bahalı tarixi maddi-mədəniyyət nümunələri yoxa çıxarılıb. İngiltərə, Fransa və ABŞ muzeylərindəki nümunələrin hamısı oğurluq mallardır. İkinci Dünya Müharibəsidə İngiltərə Drezden şəhərini də onun qədim olmasına görə dağıtdı. Suriya Yaxın Şərqin ən qədim dövləti olması ilə yanaşı bu dövlətin yerləşdiyi geostrateji mövqeyi də bu dövlətlərin maraqlarını tam təmin edir. Amma Suriyanın vurulması baha başa gələcək. Çünki regionda Rusiyaya məxsus kifayət qədər güclü hərbi qüvvə var. Müdaxilə zamanı Rusiya tərəfindən ABŞ-ın Qırmızı, Aralıq dənizləri, Yunanıstan, Türkiyə, Küveyt, Qətər və digər dövlətlərdəki hərbi bazaları vurula bilər. Amma Suriya bunun müqabilində tamamilə dağılacaq, Yuqoslaviyanın gününə düşəcək. Parçalanmış Suriya ərazisində "Kürdüstan Dövləti" yaradılacaq. Çünki bu dövlətin yaradılması üçün İraq kifayət etmir". ("OLAYLAR" İA)