AMİP sədri niyə mətbuatdan qaçır?

Partiya sədri yenə öz ənənəsinə sadiqlik nümayiş etdirir

Ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak barədə qərar versə, Azərbaycan Milli İstiqlal Partiyası bu məsələdə hələlik tələsmir. Baxmayaraq ki, bu vaxta qədər ayrı-ayrı partiya rəsmiləri ölkədə fəaliyyət göstərən hər bir siyasi qüvvənin bu və ya digər seçkilərdə iştirakını vacib hesab edib. Məhz bu prizmadan çıxış edən milli istiqlalçıların bu vaxta qədər müxalifət partiyaları içərisində ən çox seçki prosesinə qatılan qüvvə olduğunu da söyləmək mümkündür. İndiki məqamda isə AMİP-in nə üçün seçkilərlə əlaqədar mövqe nümayiş etdirmədiyi cəmiyyət üçün qaranlıq qalır. Məsələyə aydınlıq gətirmək məqsədilə son 3 gün ərzində partiyanın sədri Yusif Bağırzadə ilə əlaqə saxlamağa və AMİP-in hansı səbəbdən prezident seçkiləri ilə bağlı qərar verə bilmədyinə aydınlıq gətirmək istəsək də, cəhdləriniz boşa çıxdı. AMİP sədri Yusif Bağırzadə ənənəsinə sadiq qalaraq yenə də mətbuatdan qaçmağa üstünlük verdi. Görünür, AMİP-in hansı səbəbdən prezident seçkilərində iştiraka qərar verə bilmədiyi Yusif Bağırzadənin özünə belə aydın deyil. Mətbuata deməyə sözü olmayan Yusif Bağırzadə məhz bu səbəbdən jurnalistlərin zənginə cavab vermir. Burada bir məqamı da xatırlatmaq yerinə düşər ki, mətbuatdan qaçmaq AMİP sədrinin keçmiş ənənəsidir. Belə ki, AMİP-in İctimai Palatadan çıxmasından sonrakı müddət ərzində də Yusif Bağırzadə jurnalistlərin ona bir sıra suallar ünvanlayacağından ehtiyat edərək bir müddət telefonlara cavab vermədi. Hətta milli istiqlalçıların sədri həmin ərəfədə partiyanın digər rəhbər şəxslərinə də danışmaq qadağası tətbiq etmişdi.

P.S. Bu da ölkədə demokratiya tələb edən, söz və mətbuat azadlığının pozulduğu iddiasında olan partiya sədrinin mətbuata göstərdiyi "diqqət".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00