“Əsədin sonu yaxınlaşır"
Hikmət Hacızadə: “Suriyada vəziyyət dəyişəndən sonra isə ABŞ Asiyadakı mövqelərini gücləndirmək üçün Şərqə doğru hücumlarını davam etdirəcək”
28 Avqust 2013 15:24 SiyasətMəmməd HəsənovOLAYLAR İA). "ABŞ-ın Suriyaya hərbi müdaxilə etmək təhlükəsi hər keçən dəqiqə bir az daha artır. Qərb qüvvələrinin müdaxilə planlarındakı ilk məqsəd Bəşər Əsədi devirmək və Suriyada demokratik seçkilərin keçirilməsinə zəmin yaradaraq öz adamlarını bu ölkə hakimiyyətinin başına gətirməkdir". Politoloq Hikmət Hacızadə "OLAYLAR"a açıqlamasında belə deyib. H.Hacızadə qeyd etdi ki, Suriya ABŞ-ın geosiyasi maraqlarında qabaqda gedən dövlətlərdəndir. Çünki, Rusiya, Suriya və İran bir zəncirin həlqələridir. Həmin dövlətlər ABŞ-ın Yaxın Şərqdəki geosiyasi maraqlarının həyata keçirilməsi qarşısında qeyri-stabillik yaradaraq qarışıqlıq salırlar. Politoloq hesab edir ki, ABŞ-ın Suriyaya müdaxiləsi Rusiya, "Hizbullah" və İrana qarşı başladılan müharibə deməkdir. Əsəd devriləndən sonra ABŞ-ın Suriyada rasional, stabil və demokratik mühitin bərqərar olmasına çalışacağını deyən H.Hacızadənin sözlərinə görə, İsrailin regiondakı varlığı da Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb edir: "Çünki Şərq zənciri İsraili regiondan sıxışdırıb çıxarmağa səy göstərir. Bu isə Amerikanın strateji maraqlarını əks etdirmir. ABŞ İsraildən Yaxın Şərqə hücum etmək üçün düşərgə kimi istifadə edir. Bəşər Əsədin devrilməsindən sonra bütün problemlər həll olunmayacaq. Əsədin devrilməsindən sonra ABŞ-ın hədəfində olan dövlət İrandır. Suriyada vəziyyət Ağ Evin lehinə dəyişəndən sonra İran nüvə proqramında güzəştə gedə bilər. Rəsmi Tehranın Qərbdən gələn təhlükəni İrandan sovuşdurmaq üçün nüvə proqramının icrasını dayandırması mümkündür. Hələlik İran özünü çox rahat hiss edir. Şərqdə onun Rusiya, Fələstin, "Hizbullah", Livan və Suriya kimi müttəfiqləri var. İran da həmin qüvvələrə arxalanaraq nüvə planını reallaşdırmağa çalışır. Amma vəziyyət heç də İran üçün ürəkaçan olmayacaq. Tehranın nüvə proqramı çox qorxuludur, xüsusilə də Azərbaycan üçün böyük təhlükədir. Suriyada vəziyyət dəyişəndən sonra isə ABŞ Asiyadakı mövqelərini gücləndirmək üçün Şərqə doğru hücumlarını davam etdirəcək". ("OLAYLAR" İA)