“Cəmil Həsənlinin namizədliyi AXCP-ni darmadağın edəcək”
Cümşüd Nuriyev: “İsa Qəmbər də bunu çox gözəl gördüyünə görə, Müsavat Partiyasını seçkilərdən itkisiz çıxarmaq üçün namizədliyini geri götürdü”
27 Avqust 2013 13:41 SiyasətMilli Şura Cəmil Həsənlinin vahid namizədliyini təsdiqləyəndən sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər seçki mübarizəsindən geri çəkildiyini bildirdi. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev hesab edir ki, Cəmil Həsənlinin namizədliyinin təsdiqlənməsi İsa Qəmbərin digər müxalifət liderləri üzərindəki qələbəsi deməkdir. Müsavat başqanının uzun müddət Milli Şuranın vahid namizədi olması üçün çalışdığını deyən C.Nuriyevin sözlərinə görə, İsa Qəmbərin bu istəyinə Əli Kərimli-Eldar Namazov dueti ona mane oldu. İsa Qəmbər çox gözəl başa düşür ki, Cəmil Həsənli nə qədər tanınmış alim də olsa, siyasi seçki təcrübəsi olmadığına görə, o yalnız hazırlığını çıxışları ilə yekunlaşdıracaq. Politoloq qeyd etdi ki, siyasi cəhətdən yetişkin olmayan C.Həsənlinin çıxışları populizimdən kənara çıxmayacaq: "Azərbaycan cəmiyyəti C.Həsənlinin simasında yeni Elçibəy görmək istəmir. Professor Elçibəydən o tərəfə gedə bilməyəcək, C.Həsənli sabiq-prezidentin ən pis forması olacaq. İsa Qəmbər də bunu çox gözəl gördüyünə görə, Müsavat Partiyasını bu seçkilərdən itkisiz çıxarmaq üçün namizədliyini geri götürdü. Bununla bir daha ağıllı siyasətçi olduğunu ortaya qoydu. C.Həsənlinin namizədliyini irəli sürülməsi təkcə Milli Şuranın yox, AXCP-nin darmadağın olması ilə nəticələnəcək. Çünki o uzun müddət AXCP-də fəaliyyət göstərib. C.Həsənlinin namizədliyin həm "EL" Hərəkatını dağıdacaq, həm də Ziyalılar Forumuna ciddi zərbə vuracaq. C.Həsənlinin adı çəkilən təşkilatların hamısında təmsil olunması qəribə məsələdir. Professorun fiziki zəifliyi onun bir neçə qurumda təmsil olunmasına imkan vermir. Bütün hallarda isə İsa Qəmbərin taktiki gedişi Müsavat Partiyasına böyük uğur gətirəcək. C.Həsənlinin təbliğatı sentyabrın 16-dan başlayıb, oktyabrın 7-də başa çatacaq. Ondan sonra Cəmil Həsənli Azərbaycan reallığından kənarda qalan faktor olacaq. Yəni Milli Şuranın yeni namizədi siyasi proseslərə təsir edə bilən xarizmatik şəxsiyyət deyil. C.Həsənli alim kimi qalsaydı, bu ona daha böyük uğurlar gətirəcəkdi". ("OLAYLAR" İA)