Cəmil Həsənlinin uğursuz siyasi gedişləri
26 Avqust 2013 19:07 SiyasətRüstəm İbrahimbəyovun bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində Milli Şuranın vahid namizədi kimi iştirakının artıq qeyri-mümkün görünməsi bu qurumda təmsil olunan siyasiləri alternativ variantlar üzərində düşünməyə vadar etdi. Bir müddət kəskin müzakirələr nəticəsində əldə edilən razılığa əsasən Milli Şuranın "ehtiyat namizədi"i bu günə qədər bir neçə düşərgə dəyişən Cəmil Həsənli oldu. Düzdür, Milli Şurada təmsil olunan əksər siyasi partiya liderləri, hətta fərdi şəxslər belə Cəmil Həsənlinin "ehtiyat namizəd" olmasını qəbul etməsələr də, indiki məqamda görünən odur ki, o, "ehtiyat namizəd" adını tam mənimsəyib. Elə son bir neçə gündə tanınmış tarixçinin mətbuata verdiyi müsahibələrdə də açıq görünür ki, Cəmil Həsənli sanki çoxdan belə bir etimad gözləyirmiş. Bəs görəsən Cəmil Həsənli Milli Şuranın "ehtiyat namizəd"i olmağa nə dərəcədə layiqlidir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Cəmil Həsənli Milli Şuranın "ehtiyat namizəd"i olmağa heç də layiqli deyil. Düzdür, Cəmil Həsənli öz sahəsinin müəyyən mənada bilicisidir və yaxşı tarixçidir. Ancaq buna baxmayaraq o, yaxşı siyasətçi, lider deyil. Bir qayda olaraq bir düşərgədən digərinə transfer olan Cəmil Həsənlinin yaxın keçmişinə, siyasi karyerasına nəzər salsaq aydın görərik ki, adıçəkilən şəxs daha çox şəxsi maraqlar prizmasından çıxış etməyə üstünlük verir. Hələ 2005-ci ilin parlament seçkiləri zamanı bir mandat uğrunda təmsil etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasını tərk edən, əqidə, məslək yoldaşlarına xəyanət yolunu tutan Cəmil Həsənli həmin dövrlərdə sanki özünü hakimiyyətin ən yaxın adamlarından biri kimi aparırdı. AXCP-də olduğu dövrlərdə xalqın rifah halının yaxşılaşdırlmasından danışan, ölkədə insan hüquq və azadlıqlarının pozulduğunu iddia edən Cəmil Həsənli deputat mandatını əldə etdikdən sonra sanki 180 dərəcədə dəyişmiş oldu. Deputat kimi fəaliyyət göstərdiyi illərdə bir dəfə də olsun vaxtı ilə təmsil olunduğu düşərgənin problemlərini, istək və arzularını qanunverici orqandan səsləndirmədi. Deputat səlahiyyəti müdddəti bitdikdən və növbəti çağırışda Milli Məclisə seçilmədikdən sonra Cəmil Həsənli yenidən "haqq-ədalət" carçısına çevrildi. Və yaxud Cəmil Həsənlinin timsalında başqa bir qeyri-müəyyənliyi göstərmək olar. Belə ki, AXCP-də olduğu illərdə ölkədə korrupsiya və rüşvətxorluq hallarının mövcud olduğunu bildirən və buna qarşı kəskin mübarizə aparılmasını istəyən Cəmil Həsənli söylədiyi fikirlərin əksinə gedərək korrupsiya və rüşvətxorluğa yol verdiyinə görə həbs olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müdafiəçisinə çevrildi.Çünki Fərhad Əliyevdən pul alırdı.
Nəhayət, bir müddət əvvəl yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafında gedən müzakirələr və cəmiyyətin sözügedən romanın müəllifinə nümayiş etdirdiyi kəskin iradlara, nədənsə Cəmil Həsənlidən heç bir reaksiya gəlmədi. Halbuki məhz tanınmış tarixçi olan Cəmil Həsənli Əkrəm Əylisliyə daha tutarlı cavab verə, ona tarixi reallıqları xatırlada bilərdi. Təəssüflər olsun ki, həmin ərəfədə Cəmil Həsənli "susmaq qızıldır" prinsipinə üstünlük verərək bu məsələnin üzərinə belə gəlmədi.
Bütün bunlar onu deməyə əsas verir ki, Milli Şuranın "ehtiyat namizəd"i kimi cəmiyyətə sırınan Cəmil Həsənli heç də uğurlu seçim deyil. Çünki bir qayda olaraq şəxsi maraqlarından çıxış edən Cəmil Həsənlinin bir müddət sonra daha şirnikləndirici təklif müqabilində Milli Şuraya da xəyanət edəcəyi istisna olunmur. 2005-ci ildə AXCP-dən istefa verib bu gün həmin partiyanın sədri Əli Kərmli ilə bir cərgədə dayanan Cəmil Həsənlidən istənilən addım gözləmək mümkündür. Bəlkə də elə buna görədir ki, təkcə Milli Şurada təmsil olunan siyasilər deyil, eləcə də bu qurumdan kənarda olan insanlar da Cəmil Həsənlinin "ehtiyat namizəd"liyini qəbul etmirlər. Hətta iş o yerə çatıb ki, bütün gücünü müdafiəsinə həsr etdiyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də Cəmil Həsənlinin Milli Şuranın "ehtiyat namizəd"i olmasını xoş qarşılamayıb. Sabiq nazir hətta Cəmil Həsənliyə dəstək verməyəcəyini də söyləyib: "Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram. Bununla belə, prezident seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm"..
Hüquqlarını müdafiə etdiyi bir şəxs də Cəmil Həsənlinin namizədliyini dəstəkləmirsə, deməli artıq əlavə şərhə ehtiyac yoxdur.
Süleyman İsmayılbəyli