Koalisiya ilk görüşünü Gədəbəydə keçirib

Beş ictimai birliyin birləşdiyi "Gənclər Koalisiyası" QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci  illər üçün "Milli Fəaliyyət Planında gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması" layihəsinin icrasına başlayıb. AZADİNFORM xəbər verir ki, koalisiya ilk görüşünü Gədəbəydə keçirib. 

Görüşdə çıxış edən layihənin koordinatoru Vüsalə Hüseynli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən hazırda 2 mühüm Proqram tətbiq olunmaqdadır. Bunlardan biri Açıq hökumətin Təşviqinə dair Milli Dövlət Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır: "Hər iki proqram mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bu günkü tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, ictimaiyyətin bu və ya digər formada şəffaflığın təmin olunmasında fikri nəzərə alınsın". 

V.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xalqımıza diqqəti, qayğısının nəticəsi olaraq, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı Sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər 2 dövlət proqramının nəticəsi kimi dəyərləndirilə bilər: "Çünki bu  agentlik, dövlət - vətəndaş münasibətləri arasında yeni keyfiyyət kateqoriyasının yaranmasında mühüm rol oynadı. Bu agentlik vasitəsi ilə regionlarda "ASAN-Xidmət" Mərkəzləri formalaşmağa başlayıb ki, bu proses bütün ölkə boyu davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00