Yanukoviç şahzadə Ukraynanı kimə ərə verəcək?

Ukrayna Kommunist Partiyasının Luqansk Komitəsi rəsmi Kiyevin Avropa İttifaqı və Gömrük Birliyi ilə bağlı planlarını əks etdirən "Seçim nağılı" ("Сказка о выборе") adlı cizgi filmi hazırlayıb. Çizgi filmin əsas qəhrəmanı 20 yaşlı şahzadə Ukraynanı təmsil edir. Ata çar (Yanukoviç) qızını çirkin, amma varlı Avropa ilə evləndirərək kasıb xəzinəsini doldurmaq istəyir. Amma qız yaraşıqlı Rusiyanı sevir. Şahzadənin istəklərinə məhəl qoymayan ata Avropanın tələblərini qəbul edərək bir neçə ilə nikahın bağlana biləcəyini bildirir. Çar, hiylə işlədərək qızını həm Avropaya, həm də Rusiyaya ərə vermək istəyir. Qızı isə atasına yazdığı məktubda bildirir ki, iki evlilik birdən ola bilməz. Əgər çar Avropanı seçsə, tək qalacaq, ancaq qız (Ukrayna) uzun illər dostluq etdiyi Rusiya ilə evlənsə, ölkə pulsuz qazla təmin olunacaq. Filmin sonunda Ukrayna Rusiyaya olan sevgisini etiraf edir. Toy olur, Gömrük İttifaqı ilə müqavilə imzalanır və xoşbəxt günlər başlayır. Qeyd edək ki, ukraynalı kommunistlər Ukraynanın Gömrük İttifaqına qoşulmasını istəyirlər. Prezident Viktor Yanukoviç isə Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır. Kiyev digər tərəfdən bu quruma üzv olmamaqla yanaşı Gömrük Birliyilə əlaqələr qurmaq istəyir. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00