Mübariz Əhmədoğlu: “Fitch” və “Moody`s” maliyyənin qara dəliyinə çevrilmiş Ermənistana növbəti oğurluq üçün şərait yaradırlar

Ermənistan xaricdən ən çox yardım alan dövlətdir. Ermənistanın müstəqillik uğrunda hərəkatı Qərb tərəfdən dəstəklənirdi və bu, Spitak zəlzələsilə eyni vaxta düşdü. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlunun sözlərinə görə, nəticədə, Spitak zəlzələsi həm Moskvadan, həm də Qərbdən Ermənistana doğru güclü maliyyə axını yaratdı: "Dağılmaq ərəfəsində olan SSRİ Spitak zəlzələsinin nəticələrinə bərpa adı ilə Ermənistana 5 milyard rubl vəsait ayırdı. Bu, təxminən Ermənistan SSR-in iki illik dövlət büdcəsinə bərabər idi. O zaman 1 dollar təxminən 0.7-08 rubl kursuna malik. O dövrdə ABŞ-dan Ermənistana təxminən 1 milyard dollar məbləğində də yardım daxil oldu. İlk 100-120 milyon dollarlıq yardım karvanına ABŞ prezidentinin oğlu V.Buş başçılıq etdi".
Politoloq qeyd edib ki, Spitak zəlzəlsi regionunda vəziyyət 1988-ci ilə nisbətən dəyişməyib: "Müstəqil olduğu dövrdə Ermənistana hər il Rusiyadan şəxsi transfertlə 1.5 milyard dollar pul daxil olub. Bəzən pulun miqdarı 2 milyard dollara yaxınlaşıb. 20 il ərzində rəsmi Vaşinqtonun Ermənistana etdiyi yardımın miqdarı 2.2 milyard dollardır. Bu dövrdə İranın Ermənistana etdiyi yardımın miqdarı 1.8 milyard dollar hüdudlarındadır".Əhmədoğlunun sözlərinə görə, Avropa İttifaqının 20 il ərzində ayırdığı yardım təxminən 540 milyon dollardır.
Politoloq qeyd edib ki, Ermənistan diaspor təşkilatlarının, ayrı-ayrı erməni milyarderlərinin Ermənistana ayırdığı vəsaiti nəzərə almırıq. Belə böyük vəsaitin daxil olduğu kiçik Ermənistanın indi 7.5 milyard dollar dövlət və qeyri-dövlət borcu var: "Müstəqillik illərində Ermənistan təxminən 50 milyard dollar pul xərcləyib. 2 milyonluq əhalisi olan və iqtisadiyyatı başıaşağı gedən Ermənistan üçün bu fantastik dərəcədə böyük rəqəmdir. Ermənistanın kredit oğrusu olması tam bəlli faktdır. Ermənistanın kredit oğrusu olmaqda maraqlı olan tərəflər və ya beynəlxalq qurumlar onun belə xüsusiyyətini görmürlər və ya görmək istəmirlər. Hətta elə qurumlar var ki, Ermənistana ayırdıqları kreditin müvafiq korrupsiya sxemi üzrə dövriyyəsindən konkret fayda əldə edirlər. Ermənistan Nəzarət Palatasının sədrinin məhşur çıxışı hər şeyi deyir.Beynəlxalq maliyyə qurumlarının ayırdığı vəsaitlər üzrə reallaşdırılan layihələrin böyük əksəriyyəti hədsiz yüksək məbləğə başa gəlir və ya bərbad, keyfiyyətsiz vəziyyətdə icra olunub".
M.Əhmədoğlu vurğulayıb ki, Ermənistan 2009-cu ildə Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan təxminən 1.5 milyard dollar məbləğində kredit cəlb edə bildi.
Politoloqun sözlərinə görə, bu kreditin mürəkkəb coğrafiyada yerləşən və qonşuları ilə problemi olan Ermənistana verilməsində "Fitch" beynəlxalq reytinq təşkilatınının Dünya Bankına və BVF üçün hazırladığı rəy həlledici rol oynadı: "Belə zəmanət rəyinin əsasında isə ATƏT MQ-nin "Fitch"-ə verdiyi arayış durdu. ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsilə bağlı verdiyi arayışda təsdiq edirdilər ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə tərəfdardır və bu səbəbdən Dağlıq Qarabağ münaqişəsi regionunda müharibə az ehtimal olunandır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq kreditlər üçün risk yaratmır".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan həmin dövrdə Rusiya, Çin və İrana da 1 milyard dollar kreditdən ötrü müraciət etdi. Yalnız Rusiya güzəştli şərtlərlə 500 milyon dollar kredit verdi. Krediti təyinatı üzrə xərcləməyən Ermənistan Rusiyaya hesabat verə bilmir: "Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistanın iqtisadi artım tempi ilə bağlı verdiyi açıqlamalar ziddiyyətlidir. beynəlxalq maliyyə qurumları korrupsiya sxeminə görə hesabatlarının ziddiyyətli olmasında maraqlıdır. Ermənistan Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan götürdüyü kreditin faizlərinə qulluq etməkdə çətinlik çəkir. Ölkə iqtisadiyyatı işləmir, işçi qüvvə ölkəni tərk edir. Belə vəziyyətdə Ermənistan rəhbərliyi yeni kreditə ehtiyac duyur və bu krediti əldə etməkdən ötrü beynəlxalq maliyyə qurumlarına müraciət ediblər. Ermənistan iqtisadiyyatının real vəziyyəti bəlli olduğu halda "Fitch" və "Moody`s" beynəlxalq reytinq təşkilatları onun iqtisadiyyatının reytinq göstəricilərini bir dərəcə yaxşılaşdırdılar. Əslində 2, bəlkə də 3 dərəcə aşağı salınmalı idi".M.Əhmədoğlu bildirib ki, "Fitch" və "Moody`s" beynəlxalq reytinq təşkilatları nəzərə almırlar ki, indi Ermənistan üçün risk daha da artıb: Əvvəla, Ermənistanın iqtisadiyyatı sürətlə zəifləyir: "İkincisi, Dağlıq Qarabağ münaqişəsi regionunda müharibə ehtimalı hədsiz yüksəlib. Üçüncüsü, Ermənistan kəskin antirusiya siyasətini aparır. Rusiyanın Ermənistandakı hərbi bazasının rolunu nəzərə almadan da, Rusiya iqtisadi metodla Ermənistanın iqtisadiyyatında istənilən vəziyyəti yarada bilər. Rusiya yalnız Ermənistana satdığı qazın qiymətini Avropa bazarındakı qiymətə bərabərləşdirsə Ermənistan iqtisadiyyatının çökməsi qaçılmaz olacaq".Politoloqun sözlərinə görə, müstəqillik illərində Ermənistanda artım işğalçılıq iştahıdır, qonşularına, xüsusilə Türkiyə və Azərbaycana aşkar şəkildə yalan danışmasıdır.M.Əihmədoğlu qeyd edib ki, Ermənistanın rəhbərliyində artan məsələlərdən biri özlərinə vurğunluq və blefə meyllilikdir. Belə Ermənistan yenidən pul axtarışına düşüb və onun pul axtarışı müəyyən iri dövlətlər və maliyyə qurumları tərəfindən dəstəklənir: "Rusiya, Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan götürdüyü krediti qaytara bilməyən,hesabatını verməyən,borc faizlərini ödəyə bilməyən Ermənistana "Fitch" və "Moody`s" beynəlxalq reytinq təşkilatlarının müsbət reytinq müəyyən etməsi saxtakarlıqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00