“Cəmil Həsənlini Azərbaycan elmindən ayırmaq böyük xəyanətdir”

Cümşüd Nuriyev: “Bu adamları siyasətə soxmaqla birini tamamilə məhv elədilər, ikincini də eyni aqibətlə üz-üzə qoyublar”

 "Azərbaycan elmi özünün ən böyük tarixçi və araşdırmaçısını itirdi, əksinə siyasəti heç nə qazanmadı. Azərbaycan müxalifəti bununla ən böyük məğlubiyyətinin təamını daddı. Müsavat Partiyası İsa Qəmbər başda olmaqla bununla Milli Şuranı məğlub elədi". Professor Cəmil Həsənlinin Milli Şuranın vahid namizədi təyin edilməsi məsələsinə münasibət bildirən politoloq Cümşüd Nuriyev belə deyib. C.Nuriyev hesab edir ki, Cəmil Həsənli Azərbaycanın ən yaxşı tarixçilərindən biri idi. Onun açıq şəkildə siyasətə girməsi elə ziyandan başqa heç nə gətirməyəcək. C.Həsənli Ziyalılar Forumundan "EL" Hərəkatına gələn yeganə alim idi. Rafiq Əliyev və Firudun Cəlilov kimi elm xadimləri hərəkata qoşulmağı lazım bilmədilər. Onlar ziyalı statusunu qoruyub saxlaya bildilər. Milli Şuranı ölü doğulmuş siyasi qurum adlandıran politoloq hesab edir ki, Azərbaycan Xalq Cumhuriyyətinin ən yaxşı araşdırmaçısı olan Cəmil Həsənli 1918-ci il AXC-nin buraxdığı səhvi təkrarladı. C.Həsənlinin namizədliyinin irəli sürülməsi təxribatdır. Çünki ona qədər alim Milli Şurada tamam başqa mövqedə dayanmışdı. C.Nuriyev bildirdi ki, Əli Kərimli-İsa Qəmbər dueti İsa Qəmbəri zərəsizləşdirmək üçün C.Həsənlinin namizədliyini gündəmə gətirdilər: "Alimin namizədliyi ilə Əli Kərimli qələbə qazandığını zənn etdi. C.Həsənlinin namizədliyi daha çox İsa Qəmbərin işinə yaradı. Müsavat başqanı bir daha göstərdi ki, o əsl siyasətçidir. Çünki İsa Qəmbər seçkilərdə iştirak etsəydi uduzacaqdı. Bu başqanın sonu ola bilərdi. Amma İsa Qəmbər Milli Şuradan qalib kimi ayrıldı. C.Həsənlini Azərbaycan elmindən ayırmaq böyük xəyanətdir. Çox təəssüflər olsun ki, C.Həsənlinin özü də bu provakasiyaya getdi. Bu həm də Milli Şuranın sonu deməkdir. C.Həsənlidən sonra ACP qurumdan tamamilə qopdu. Rəsul Quliyev C.Həsənlini istefa verməyə çağırır. C.Həsənli Milli Şuradan çıxmalıdır. Milli Şuranın növbəti namizədi İsa Qəmbər ola bilər. Cəmil Həsənlinin də taleyi Rüstəm İbrahimbəyov kimi olacaq. Bu adamları siyasətə soxmaqla birini tamamilə məhv elədilər, ikincini də eyni aqibətlə üz-üzə qoyublar. C.Həsənli nə qədər gec deyil Milli Şuradan uzaqlaşmalıdır. Çünki o, seçkilərdə heç bir nəticə əldə edə bilməyəcək". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00