“EL”dən istefalar davam edir

Feruz Quliyev: “Aprelin 6-dan EL Hərəkatı ilə bütün əlaqələrimi kəsmişəm”

"EL" Hərəkatının sabiq üzvü Əflan İbrahimovun sözügedən qurum barədə verdiyi senssasion açıqlamadan sonra "EL"-də kütləvi istefalar baş verib. Artıq hərəkatın bir neçə rayon təşkilatının da "EL"dən çıxdığı bildirilir. Bu arada yayılan xəbərdə daha bir "EL"-çı, tanınmış vəkil, Açıq Cəmiyyət Partiyası Ali Məclisinin keçmiş sədr müavini Feruz Quliyevin də hərəkatdan istefa verdiyi bildirilir. "OLAYLAR"-a verdiyi açıqlamada Feruz Quliyev "EL" Hərəkatı ilə əlaqələrinə 4 ay əvvəldən xitam verdiyini söyləyib. Bildirib ki, aprelin 6-dan etibarən o, hərəkatı tərk edib və adıçəkilən qurumun heç bir toplantılarında iştirak etməyib: "Baxmayaraq ki, hərəkatın bütün hüquqi işlərini yoluna qoymaq mənə tapşırılmışdı və məni EL-in hüquq məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi görmək istəyirdilər, ancaq mən bundan imtina etdim. Çünki qısa zaman ərzində onların doğru, düzgün yolda olmadıqlarını gördüm. Aprelin 6-dan mən EL Hərəkatı ilə bütün əlaqələrimi kəsmişəm". Feruz Quliyev bildirib ki, belə bir addım atmasına səbəb "EL"-ın fəaliyyətinin onu qane etməməsidir: "Adlarını EL qoysalar da əslində onlar eldən, obadan ayrı olan şəxslərdir. Onların fəaliyyətinin Azərbaycanın milli maraqlarına zidd olduğunu gördüyüm üçün qısa zaman ərzində özümü bu hərəkatdan təcrid etdim". Feruz Quliyevin sözlərinə görə, hər an xarici dairələrin təsiri altına düşməyə hazır olan və onların sifarişini yerinə yetirən bir təşkilatda fəaliyyətini davam etdirməyi məqbul hesab etmir: "Ümidvaram ki, dəyərli insanlar, bu adamların əsl niyyətlərini başa düşən ayrı-ayrı şəxslər tezliklə EL-dən çıxacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00