Rusiya Suriya ilə bağlı siyasətinə düzəliş edir?

"Qərarlara veto qoyularaq yumşaq açıqlamaların verilməsi Rusiyanın Suriuya ilə bağlı siyasətinin dəyişməsi demək deyil"

"Rusiyanın Suriyada kimyəvi silahla bağlı yayılan iddiaları araşdırması üçün hökumətdən Avropa Birliyinin bölgəyə daxil olmasına icazə verməsini tələb etməsi heç də onun siyasətində dəyişikliklərin olmasından xəbər vermir".

Bu sözləri OLAYLAR"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, Rusiyanın Suriya ilə bağlı məsələləri əngəllədiyini deyir: "Suriyaya BMT-nin müşahidə qrupunun getməsi ilə əlaqədar olaraq Rusiya və Çin hər zamanTəhlükəsizlik Şurasının qərarlarının əleyhinə səs verib. Nəticədə heç bir uğur əldə edə bilmədikləri üçün ortaq qərar qəbul edərək AB-nin kimyəvi silahdan istifadə edilməsi iddia edilən əraziyə daxil olmasına Suriya tərəfindən icazə verilməsi ilə bağlı açıqlama verib. Əslində, Rusiya bu məsələni bacardığı qədər əngəlləyir".

Politoloq Rusiyanın davamlı olaraq Suriyanı müdafiə etməsinin onun imicinə də zəbə vurduğunu bildirir: "Suriya müxalifəti dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edildiyini iddia edir. Bu zaman yayılan məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmamasını araşdırmaq üçün tək çıxış yolu AB-nin bölgəyə daxil olmasına imkan yaratmaqdır. Suriya hökuməti buna imkan vermirsə və Rusiya hakimiyyəti də rəsmi Dəməşqin bu addımını dəstəkləyirsə bu zaman baş verən qətliamlara görə hökumətlə yanaşı rəsmi Moskva da məsuliyyət daşımış olur. Rusiya siyasətində əslində heç bir dəyişiklik etməyib. Rusiyanın Suriya ilə bağlı mövqeyində dəyişikliklərin olması üçün BMT-nin Təhlükəsizlik Şurasının Suriya əleyhinə çıxardığı qətnamələrə veto qoymamalıdır. Qərarlara veto qoyularaq yumşaq açıqlamaların verilməsi Rusiyanın Suriya ilə bağlı siyasətinin dəyişməsi demək deyil. Rusiya bilir ki, bu məsələ onun imicinə də mənfi təsir edəcək. Çünki yayılan görüntülərdə əliyalın xalqa qarşı amansız davranış modeli bütün dünyaya sərgilənir. Rəsmi Moskva Suriya rejimini dəstəməklə həm də bu qətliama şərik olacağını dərk edərək bu cür addım atmaqla dünya ictimaiyyətinə siyasətində bəzi düzəlişlər etdiyini göstərmək niyyətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00