Milli Şura tarixin arxivinə atılacaq
23 Avqust 2013 12:23 Siyasət"Müxalifət düşərgəsində vəziyyətin acınacaqlı olması göz önündədir. Bilirsiniz, insan gərək özünə bəzi işləri rəva görməsin. Əgər bu təşkilatdakı insanlar özlərinə seçki imitasiyası ilə məşğul olmağı rəva görürlərsə, burda nə cəmiyyətin, nə də seçkidə iştirak edən digər tərəflərin heç bir günahı yoxdur. Milli Şuranın seçdiyi yol budur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova yap.org.az saytına müsahibəsində deyib. Bildirib ki, onların məhz bu istiqamətdə getməsi, reallıqları nəzərə almadan fəaliyyət göstərmələri bugünkü acınacaqlı duruma gətirib çıxarıb: "Bu qurumda cəmləşən şəxslər özlərini mövcud vəziyyətdən xilas etmək iqtidarında da deyillər. Müxalifət düşərgəsinə ardıcıl xronoloji tarixi baxış etsək, hər dövrdə bu və buna bənzər situasiyaların şahidi olarıq. Amma bu vəziyyəti hamıya şamil etmək olmaz. Belə bir durum çox məhdud və dar çərçivəni əhatə edir. Yəni, bu, radikal, nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək, iddialarını reallaşdırmaq mövqeyində olan kiçik qrupun düşdüyü durumdur. Bu, sadəcə həmin adamların şəxsi bioqrafiyasıdır ki, öz fəaliyyətləri ilə perspektivlərinin qarşısına böyük sədd çəkiblər. Ona görə də, adını çəkdiyiniz qurum və ona qədərki təşkilatlar hansı taleyi yaşayıblarsa, həmin tale indi də yaşanmaqdadır. Sadəcə, o talenin son günlərinə az bir müddət qalıb, nə qədər seçki prosesi davam edir, bəlkə bu təşkilatın adı bir qədər də çəkiləcək. Seçki bitəndən sonra isə Milli Şura da digər təşkilatlar kimi tarixin arxivinə atılacaq. Radikal düşərgənin mənsubları isə seçkidən sonrakı dönəm üçün yeni adlar üzərində baş sındırmalı olacaqlar".