Yeni görüşlərə hazırlıq: Şarl Mişelin bəyanatındakı müsbət notlar işığında
21 İyul 2023 10:51 SiyasətEkspertlər Azərbaycanla Ermənistan arasında Brüsseldə aparılan müzakirələrdə maraqlı çalarları analiz edir, o cümlədən Şarl Mişelin mətbuata verdiyi bəyanatda bir sıra məqamların yer aldığını vurğulayırlar. Təbii ki, hələ heç kəs sülh müqaviləsinin imzalanmağa hazır olduğundan bəhs etmir. Lakin Avropa İttifaqı Şurasının Prezidentinin müəyyən faktorlar haqqında danışması nikbin əhval-ruhiyyə yaradır.
Ədalətli, təmkinli Azərbaycan Prezidenti və erməni baş nazirin separatçıya poçtalyonluğu
Ekspertlər son Brüssel görüşünü təhlil etməyə davam edirlər. Məsələyə, əsasən, İlham Əliyev və Nikol Paşinyanın hansı əhval-ruhiyyədə Belçika paytaxtına getməsi ilə yanaşı, kimin hansı yeni ideya ilə çıxış etməsi prizmasından və bu əsasda qəbul olunan qərarlar kontekstində yanaşırlar. Ekspertlər erməni baş nazirin "yeniliyi" kimi Qarabağdakı separatçı rejimin rəhbəri A.Arutyunyanın məktubunu Şarl Mişelə çatdırmasını vurğulayırlar.
Əslində, bununla N.Paşinyan, bütövlükdə, Avropa İttifaqını çox mürəkkəb hüquqi vəziyyətə salmış olur. Çünki Ş.Mişel səviyyəsində bir Aİ rəsmisinə separatçı-terrorçunun məktubunu vermək, ümumiyyətlə, Ermənistanın beynəlxalq hüququ tanımaq istəməməsi və havadarlarının da buna barmaqarası baxmasının əlamətidir. Heç bir müstəqil dövlət və beynəlxalq təşkilat terrorçu-separatçılarla rəsmi ünsiyyətdə olmurlar. Deyək ki, Amerika və ya Avropa bu ölkələrə qarşı olan hansı terrorçu və separatçı ilə məktublaşıb? İspaniya və ya Fransa hansı avropalı separatçı ilə yazışıb dil tapıb?
Digər tərəfdən, danışıqların iki iştirakçısı (Azərbaycan və Ermənistan) formatını Aİ də qəbul edib. Həm də Qarabağ Azərbaycan ərazisidir və oradan olan hər hansı müraciət Bakı tərəfindən təqdim edilə bilər. Deməli, Qarabağdakı müvəqqəti separatçılıq edən quldurları, faktiki olaraq, Ermənistan dəstəkləyir və Avropa da buna göz yumur.
İlham Əliyev isə kifayət qədər təmkinli və ədalətli mövqeyində davam edir. Azərbaycan Prezidentinin Brüsseldə tutduğu mövqe sayəsində danışıqlar prosesi xaosa sürüklənmədi. Bu tezisin üzərində geniş dayanmaq lazım gəlir. Məsələ ondan ibarətdir ki, ekspertlər Brüssel müzakirələrindən sonra Ş.Mişelin mətbuata bəyanatında sətiraltı "tutduqları" bir sıra düşündürücü məqamları izah edərkən onların pozitiv ton almasında İlham Əliyevin həlledici rolunu görmək mümkün olur.
Üç saatlıq gərgin müzakirələrdən sonra Ş.Mişelin verdiyi bəyanat hər şeydən öncə göstərir ki, N.Paşinyanın poçtalyonluğu boşuna gedib - separatçının kağız parçası məzmunu ilə birgə zibil qutusuna atılıb. Əvəzində isə bir sıra ümidverici notlar özünü göstərir.
Burada ilk gözə çarpan Aİ rəsmisinin artıq ümumi mülahizələrdən detallı (substantiv) müzakirələrə keçidin baş verdiyini vurğulamasıdır. İndiyə qədər münasibətlərin normallşamasından ümumi səviyyədə bəhs edilirdisə, son Brüssel görüşündə bir sıra məsələlər üzrə konkret punktlar müzakirə olunub. Bu aspektdə Brüssel görüşünü öncəki Vaşinqton, Brüssel, Moskva, Kişineu görüşlərinin və ikitərəfli aparılan danışıqların yeni mərhələsi kimi qəbul etmək olar. Bununla Ş.Mişel, faktiki olaraq, ardıcıl və planlı danışıqlar prosesinin təşkilindən bəhs edir və burada bir mərhələnin başa çatdığını bəyan edir. Bir sıra ekspertlər bunu tərəflərin "müəyyən razılaşma əldə etməsi" əlaməti kimi təqdim edirlər. Məhz həmin kontekstdə də Ş.Mişelin "son müzakirə" ifadəsini işlətdiyini qeyd edirlər. Bundan sonra yeni mərhələdə müzakirələrin daha çətin və ağır keçməsi gözlənilir. Bizcə, mümkün variantdır.
Ş.Mişelin bəyanatında suverenlik və ərazi bütövlüyünün təmini və sərhədlərin delimitasiyasının aparılmasının zəruriliyi vurğunlanır. Bununla yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti kommunikasiyaların açılması ilə bağlı konkret fikir bildirib. O, deyib ki, "dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır". Bu işdə Aİ tərəflərə maliyyə yardımı göstərməyə hazırdır. Bu məqam həqiqətən də artıq Avropa İttifaqının detallı şəkildə prosesə davam etmək qərarlılığını ifadə edir.
Lakin bu nikbinliyin ardından erməni mətbuatı delimitasiya üzrə komissiyaların bir qərara gəlmədiyi haqqında informasiya yaydı. Əgər bu doğrudursa, Ermənistan yenə də havadarları vasitəsilə danışıqları pozmaqla məşğuldur. Digər tərəfdən isə, rəsmi İrəvan yenə də Qərblə Rusiya arasında qeyri-sağlam, qeyri-konstruktiv mövqe tutmaq, manevrlər etmək şakərindən əl çəkməyib. Artıq Brüssel də bunun fərqinə varmalı və İrəvanı xəbərdar etməlidir. Normallaşma prosesini pozmağa istiqamətlənmiş istənilən cəhdin qarşısını vasitəçi olmaq istəyənlər almalıdırlar. Bu, Brüssel görüşündən sonra meydana gəlmiş reallıqdır ki, hər kəs tərəfindən qəbul edilməlidir. Əks halda, proseslər ATƏT-in Minsk qrupunun keçmiş həmsədrlərinin yaratdıqları passivlik və süründürməçilik müstəvisinə keçəcək.
Qərbi azərbaycanlılar: sülh danışıqlarının zəruri mövzusu kimi
Ekspertlər buradan geosiyasi xarakterli nəticələr çıxarırlar. Onlar hesab edirlər ki, Brüsselin kommunikasiyaların açılmasına siyasi, diplomatik və informasiya dəstəyi ilə yanaşı, maliyyə-logistika dəstəyini də vermək istəyi Aİ-nin bu məsələdə Rusiya və Türkiyə ilə də müəyyən kompromisə gəlməsi niyyətini ifadə edə bilər. Çünki aydındır ki, Rusiya və Türkiyəsiz kommunikasiyaları praktiki işlək səviyyədə bərpa etmək imkansızdır. Regionda kommunikasiyalar həm də bu böyük dövlətlərin əraziləri və maraqları ilə sıx bağlıdır. Lakin Aİ-Türkiyə-Rusiya əməkdaşlığının həmin məsələdə necə konkret məzmun ala biləcəyi məsələsi açıq qalır. Bu barədə yalnız nəzəri danışmaq mümkündür.
Bunun fonunda Ş.Mişelin bəyanatında özünü göstərən iki məqamı vurğulamaq lazımdır. Çünki həmin məqamlar Brüsselin kompromisə və konstruktiv həllə meylli olduğunun göstəricisi ola bilər. Ş.Mişel vurğulayıb ki, "...mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir...". Bununla yanaşı, o, humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam istiqamətindən də daşınmasının lazımlığını vurğulayıb. Bu fikirlər Türkiyə Prezidentinin "Rusiya sülhməramlı qüvvələri 2025-ci ildə regionu tərk etməlidirlər" tezisi fonunda çox düşündürücü görünür.
Məsələ ondan ibarətdir ki, Brüssel Qarabağa humanitar yüklərin daşınmasına Azərbaycanın nəzarət etməsinə etiraz etmir. O, daha çox burada Azərbaycanla Ermənistanın birgə fəaliyyətini əsas faktor kimi görür. Rəcəb Tayyib Ərdoğanın bəyanatı kontekstində bu, rus sülhməramlıları regionu tərk edəndən sonra Qarabağa yardım olacaqsa, üçüncü qüvvənin deyil, bu məsələni Azərbaycan və Ermənistanın həll etməli olduğu deməkdir. Həmin bağlılıqda Ş.Mişelin bəyanatında "Laçın yolunun blokadasının aradan qaldırılması" və "həllin beynəlxalq mexanizmlərinin işlənib hazırlanması" ilə bağlı fikrin olmaması müsbət haldır. Ş.Mişel yalnız "Bakı ilə Qarabağ erməniləri arasında dialoq"dan bəhs edir. Deməli, Aİ Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiyasını ancaq Azərbaycanın daxili işi kimi qəbul edir.
Əlbəttə, burada bir qeyri-dəqiqlik vardır. Çünki Qarabağ Azərbaycan ərazisidir və oradakı proseslərə Azərbaycandan başqa kimsə qarışa bilməz, o cümlədən Ermənistan. Əgər yardım olacaqsa, onu da rəsmi Bakı müəyyən edəcək və həyata keçirəcək. Bununla yanaşı, humanitar yardımların göstərilməsində bir beynəlxalq təcrübə mövcuddur və Azərbaycan da həmişə beynəlxalq humanitar qaydalara əməl edir. Bir daha vurğulayaq ki, söhbət Qarabağa humanitar yardım variantının olacağı haldan gedir. Lakin Azərbaycan kifayət qədər güclü dövlətdir və öz daxili məsələsini özünün həll edəcəyinə şübhəmiz yoxdur.
Burada əsas olanı Aİ-nin də tədricən bu həqiqəti qəbul etməyə başlamasıdır. Görünür, növbəti mərhələdə Brüssel reallığı daha geniş kontekstdə təqdim etməyə çalışacaq. Həmin bağlılıqda son Brüssel müzakirələrinin gündəmində olmuş, lakin nə Brüssel, nə də İrəvan tərəfindən söz açılmayan bir məqam ciddi əhəmiyyət kəsb edir. Biz, Brüsseldə Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın yurdlarına qayıtması və hüquqlarının, təhlükəsizliklərinin təmin olunması məsələsinin müzakirəsini nəzərdə tuturuq.
İnformasiya mənbələrinin məlumatına görə, ermənilər buna xeyli sərt reaksiya veriblər. Lakin Azərbaycan tərəfi təmkinlə məsələnin mahiyyətini izah edib. Əgər ermənilər Qarabağda qalmaq istəyirləsə və təhlükəsizlik, normal yaşama iddiasındadırlarsa, Göyçə və Zəngəzurda da azərbaycanlılara eyni şərait yaradılmalıdır. Burada Ermənistana qarşı hər hansı radikal addımdan söhbət gedə bilməz.
Birincisi, tarixi aspektdə həmin bölgələrdə qədimdən türklər yaşayıblar. Və onları zor tətbiq edərək ermənilər doğma torpaqlarından deportasiya ediblər. Buna görə də tarixi ədalət pozulub və onu bərpa etmək Azərbaycan dövlətinin təbii haqqıdır.
İkincisi, siyasi-hüquqi baxımdan indiki Ermənistan, bütövlükdə, tarixi Azərbaycan torpaqları üzərində qurulub və indi də Qarabağda yaşamaq hüququ istəyirlərsə, buna qarşılıq bizim öz qədim torpağımızda yaşamaq hüququmuzu qeyd-şərtsiz qəbul etməlidirlər.
Üçüncüsü, ermənilər Qarabağ məsələsinin həllində siyasi-diplomatik vasitələrdən yararlanmağa çalışırlarsa, daha ədalətli, peşəkar, haqlı Azərbaycan diplomatiyası onların qarşısına öz arqumentlərini qoymaqda tam sərbəstdir və buna qüdrəti yetər.
Bütün bunlar Qərbi Azərbaycana qayıdış məsələsinin bundan sonra da danışıqlarda müzakirə mövzularından biri olacağını göstərir və Ş.Mişelin "yerlərdə əhaliyə yaşamaq təminatının verilməsi" ifadəsini işlətməsi ilk müsbət siqnallardandır.
Vurğulanan məqamlar Ş.Mişelin son Brüssel görüşü ilə bağlı müəyyən müsbət işarələr verdiyini göstərir. Azərbaycanın daha geniş aspektdə ədalətli işinə davam edəcəyinə tam inanırıq!
Kamal Adıgözəlov