Altıncı Brüssel görüşü Azərbaycana nə qazandırdı?- RƏYLƏR
21 İyul 2023 12:32 SiyasətBrüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü keçirildi. Ekspertlər qeyd edirlər ki, sayca 6-cı olan bu Brüssel görüşü olduqca müsbət hadisələrlə nəticələnib ki, bu da görüşdən dərhal sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin açıqlamasında da hiss olunub.
Siyasi şərhçi Mübariz Göyüşlü bildirir ki, görüş zamanı qoyulan bir sıra məsələlər Azərbaycanın da maraqlarına uyğun olub:
"Hesab edirəm ki, bu görüş faydalı bir görüş olub. Sayca 6-cı görüşdür ki, burada qoyulan bir sıra məsələlər Azərbaycanın da maraqlarına uyğundur. Təəsüf ki, ermənilər bir az bu məqamların gerçəkləşməsi üçün problemlər yaratmağa çalışırlar. İstər atəşkəsin pozulması, istər bir sıra qəbuledilməz tələblərin irəli sürülməsi normalda bu prosesi uzadır, müəyyən çətinliklər yaradır. Amma ümumən götürdükdə, danışıqlar prosesi, o cümlədən sayca 6-cı olan bu Brüssel danışıqları müsbət qiymətləndirirəm. Qərbi azərbaycanlılarla bağlı məsələnin burda gündəmə gətirilməsi də, onların Ermənistana qayıtması, yerləşdirilməsi mövzusunun səsləndirilməsinin özü belə müsbətdir. Prosesin bu şəkildə davam edəcəyi təqdirdə növbəti bu tip görüşlərin faydalı olacağına və əgər ermənilər belə deyək, mənasız, lazımsız problemlər yaratmazlarsa, sülh müqaviləsinin ilin sonuna qədər imzalanacağına ehtimal edirəm".
Politoloq Anar Əliyevin sözlərinə görə, görüşdə azərbaycanlı qaçqınların indiki Ermənistan, tarixi Azərbaycan torpaqlarına qayıtmaqla bağlı məsələnin də müzakirəyə çıxarılması, Azərbaycanın mövqelərinin güclənməsinə xidmət edən bir davranışdır:
"Bildiyimiz kimi, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçirildi və bu görüş zamanı çox mühüm bir sıra məsələlərin müzakirə olunması, görüş sonrası yekun bəyanatda Şarl Mişelin Azərbaycan maraqlarına və Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun fikirləri öz bəyanatında əks etdirməsi, hesab edirəm ki, bu görüşün də Azərbaycanın ciddi diplomatik uğurları ilə yekunlaşdığını söyləməyə imkan verir. Xüsusilə nəzərə alsaq ki, görüş öncəsi Ermənistan separatçı qüvvələri və ya onların havadarları tərəfindən Azərbaycanın güclü mövqeyinin zəifləndirilməsinə xidmət edən müxtəlif təxribat, sabotaj xarakterli addımlar atılırdı. Ermənistan-Azərbaycan sərhədində və Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məskunlaşdıqları bölgələrdəki separatçı silahlı terrorçular tərəfindən müxtəlif təxribatlar törədilmişdi. Azərbaycanın Laçın yolunda təmin etdiyi nəzarət-buraxılış məntəqəsinə təxribatlar törədilmiş, silahlı hücum həyata keçirilmişdi. Eyni zamanda, həmin ərazidən Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri ilə qaçaqmalçılıq faktları aşkarlanmışdı. Bütün bunların fonunda Azərbaycanın mövqelərinin zəiflədilməsi və sülh gündəliyinə yeni elementlərin daxil edilməsinə cəhdlər müşahidə edilməkdə idi. Azərbaycanın ortaya qoyduğu mövqe və qərb institutlarının, xüsusilə də Şarl Mişelin timsalında biz proseslərə daha çox obyektiv yanaşmanın müşahidə olunduğunu görməyimiz təbii ki, proseslərin axınına yeni bir istiqamət verildiyini deməyə imkan verir. Artıq qərb institutları, qərb gücləri də bölgədə sülhün təmin olunması ilə proseslərə daim aqressiv və işğalçılıq mövqeyindən yanaşan Rusiyanın bölgəyə təsir etmək imkanlarının zəiflədilməsi baxımdan sülh prosesinin təmin olunması ilə maraqlı olan qüvvələr artıq sülhə böyük təhdid kimi Ermənistanı və mövcud hakimiyyətini görür. Ona görə də, bu gün Ermənistana və Ermənistanın siyasi elitasına beynəlxalq təzyiqlər durmadan artmaqdadır. Hesab edirəm, Brüssel görüşü çərçivəsində də bir sıra istiqamətli fikirlərin səslənməsi, xüsusilə də Ağdam vasitəsilə Azərbaycanın Qarabağdakı ermənilərə, dinc sakinlərə humanitar dəstəyin nümayiş olunması, ərzaq, dərman və digər zəruri vasitələrin çatdırılması təklifinin səsləndirilməsi, müzakirəyə çıxarılması da Azərbaycanın mövqeyinin müdafiə olunması və Qarabağdakı erməni dinc sakinlərinin Azərbaycana inteqrasiyasına beynəlxalq dəstəyin nümayiş olunması kimi qiymətləndirilməlidir.
Eyni zamanda, azərbaycanlı qaçqınların indiki Ermənistan, tarixi Azərbaycan torpaqlarına qayıtmaqla bağlı məsələnin də müzakirəyə çıxarılması hesab edirəm ki, Azərbaycanın mövqelərinin güclənməsinə xidmət edən bir davranışdır. Çünki Azərbaycan liderimizin timsalında qərbi Azərbaycandan qovulmuş insanlarımızın, azərbaycanlılarımızın geri qayıdışının Azərbaycan dövlətinin prioritet vəzifələrindən biri olduğunu, Azərbaycan dövlətinin fəaliyyətinin istiqamətlərindən biri olduğunu hər zaman bəyan etmiş və bu prosesdə Azərbaycan beynəlxalq dəstək formalaşdırmaqla insanlarımızın pozulmuş hüquqlarının təmin olunmasına daim çalışıb. Bu mənada hesab edirəm ki, azərbaycanlıların geri qayıdışının müzakirəyə çıxarılması həm də bu məsələyə dəstək olunması baxımından da əhəmiyyətlidir. Burada təbii ki, biz qərb güclərinin, qərb institutlarının, həm də öz maraqlarından çıxış edərək davranışlarını müşahidə edirik. Çünki qərbi azərbaycanlıların geri qayıdışı ilə Ermənistan ərazisində onların təhlükəsiz və hüquqlarla təmin olunmuş həyatının qurulması üçün beynəlxalq mexanizmə ehtiyac olduğu məlumdur və hesab edirəm ki, qərb belə bir şəraiti formalaşdırmaqla həmin beynəlxalq mexanizmdə özünün iştirakını təmin etməyə çalışır və bununla da əzəli rəqibi olan Rusiyanın bölgəyə təsir imkanlarını zəiflətmək və bölgədən sıxışdırılıb çıxarılmasına çalışır. Amma nəticə etibarilə bütün bu proseslər bölgəmizdə yaranmış reallıqlara və Azərbaycan maraqlarına uyğun olduğu üçün Azərbaycan da hər zaman buna dəstək verib və bundan sonra da bu dəstəyi nümayiş etdirəcəkdir. Hesab edirəm ki, Brüssel görüşü həm də belə uğurlu nəticələrlə yadda qalmış oldu.
Bütünlükdə hesab edirəm ki, Brüssel formatı çərçivəsində keçirilən görüşlər reallıqların şərtlərinə və Azərbaycanın maraqlarına uyğunluq baxımından müzakirələrin davam etdiriləcəyi formatlar içərisində ən uğurlu formatlardan biri kimi qiymətləndirilə bilər. Mən hesab edirəm ki, Azərbaycan Brüssel və Vaşinqton formatları çərçivəsində maraqlarımızın təmin olunması istiqamətində işini bundan sonra da artırmış olacaqdır".
Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, Brüssel görüşü həm də Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik liderlik bacarıqlarının növbəti dəfə təzahürü ilə diqqət çəkib:
"Brüssel görüşü çox əlamətdar görüşlərdən biri oldu. Özəlliklə də, Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı deyilən fikirlər nəzərə alınsa, bunun fövqəladə əhəmiyyətli olduğunu deyə bilərik. Yəni, Azərbaycan prezidenti həmişə olduğu kimi yenə də istər bağlı qapılar arxasında, istərsə də ictimaiyyət önündə Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə qorudu, müdafiə etdi və eyni zamanda bizə bəlli olmayan, çox zaman da gizli saxlanılan qapılar arxasında müzakirə olunan bir sıra məsələlər haqqında da informasiya əldə etdik. Bu informasiya da bizim üçün həqiqətən sevindiricidir. Çünki hamımız bilirik ki, bütövlükdə Ermənistan adlanan ərazi tarixi Azərbaycan torpağıdır. Bu tarixi Azərbaycan torpağında ermənilər özlərinə dövlət qurublar, dövlət qurmaları bir yana, bizim oradakı bütün soydaşlarımızı, bütün türkləri mərhələ-mərhələ həmin ərazidən qovublar. Sonuncu mərhələ də 1988-ci ildə başladı və bu gün türksüz, ümumiyyətlə azərbaycanlısız bir Ermənistan mövcuddur. Əlbəttə ki, oradan qovulmuş, yaddaşları hələ təzə olan soydaşlarımızın haqqıdır ki, öz dədə-baba yurdlarına qayıtsınlar. Yəni o baxımdan Azərbaycan prezidentinin məsələnin üzərində bu qədər israrlı olması mənə elə gəlir ki, hər birimiz üçün fövqaladə əhəmiyyət kəsb edir.
Hər şey bir yana, Ermənistan ümumiyyətlə Azərbaycana təzminat ödəməlidir. Hər şeydən öncə, işğal altında saxladığı torpaqlara, o torpaqları dağıtdığına, insanlarımıza vurduğu mənəvi zərərə görə təzminat ödəməlidir. Bu yüz milyardlarla, bəlkə də trilyonlarla məbləğdə bir təzminatdır. Ermənistan dövləti də o qədər güclü deyil ki, belə böyük məbləği ödəmək imkanı olsun. O baxımdan ola bilər ki, Azərbaycan ona alternativ kimi məhz Qərbi Zəngəzur ərazisinin Azərbaycana qaytarılmasını təklif etsin. Bu və ya digər şəkildə Ermənistan o kompensasiyanı ödəməlidir. İndi ola bilər ki, variantlardan biri də bu olsun. O baxımdan düşünürəm ki, azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı ilə bağlı müzakirələr də bəlkə də bu məqamdan qaynaqlanır. İstənilən halda Azərbaycan qalibdir, qalib olmağa da davam edir və yeni irəliləyişlər də bundan xəbər verir. Ona görə deyirəm ki, Brüssel görüşü də bir daha Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik liderlik bacarıqlarının növbəti dəfə təzahürü ilə diqqət çəkdi".
Politoloq Samir Hümbətov da qeyd edir ki, sayca 6-cı olan bu görüşdə əvvəlki görüşlərdən fərqli olaraq bir az daha inkişaf hiss olunurdu:
"Təbii ki, burada birinci məsələ Xankəndi, Ağdam, Bərdə humanitar kolidorunun açılması məsələsi idi ki, bu çox önəmli idi. Yəni artıq buradan belə bir qərara gələ bilərik ki, Avropa İttifaqı qəbul edir ki, bu ərazilər Azərbayanındır və Azərbaycana tabe olmalıdır, başqa variant yoxdur.
Qərbi azərbaycanlıların, 65000-ə yaxın azərbaycanlının Qərbi Zəngəzur ərazisinə köçürülməsi məsələsi gündəmdədir. Bu o deməkdir ki, bölgədə taraz yaradılmalıdır. Yəni azərbaycanlıların haqları qorunmalıdır. Azərbaycan nümayəndəliyinin də orada olması çox önəmlidir ki, düşünürəm ki, bunu da həyata keçirəcəklər.
Bu bir prosesdir. Avropa İttifaqı artıq qərbi azərbaycanlıların da hüquqlarının tanınmasını ön şərt kimi irəli sürür, bu çox önəmlidir. Digər bir məsələ isə burda təbii ki, Qırmızı Xaçın fəaliyyəti ilə bağlıdır. Əlbəttə, burada önəmli olan məsələ Qırmızı Xaçın Azərbaycanın Bakı ofisinin fəaliyyətindən söhbət gedə bilər. Bəli, Bakı ofisi bu məsələdə fəal olmalıdır və Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan erməni əsilli şəxslərin o ictimaiyyətin hüquqlarının qorunmasını bir-başa həyata keçirmək məsələsi gündəmdədir. Niyə dedim hüquqlarının qorunması? Çünki orada olan separatçı rejim ki var, onlar əslində həmin o vətəndaşların hüquqlarını tamamilə pozurlar və onların böyük hissəsi Azərbaycana inteqrasiya prosesində iştirak etmək istəsə də, həmin o cinayətkarlar buna icazə vermir. Ona görə də, onların hüquqları bu baxımdan qorunmalıdır".
Röyalə Xəyal